Let's Reconcile with Sea Part V
This spring is another spring, this spring is even more pleasant, Woe to the heart that is empty! A passion on every horizon, a hope in every corner, People are happier
11/Sep/22
1805
Gəl Dənizlə Barışaq
Beşinci bölüm
Bu nə gözəl şeirdir, bu nə gözəl mənzərə,
Gəlin baxın Xəzərə.
Çıxalım Buzovnada kiçik qayalıqlara,
Seyrə dalım bir ara...
Gecələr sayrışarkən, ulduzlar lalə kimi,
İşıqlar jalə kimi.
Çilənib dağılarkən ətrafa damla-damla,
Ən yaxın bir adamla.
Nə gözəldir dinləmək suların nəğməsini,
Təbiətin səsini!
Nə gözəldir dolaşmaq, isti yay fəsilləri,
Bu sərin sahilləri!
Mikayıl Müşfiq. “Yenə O Bağ Olaydı.”
Məncə, hər kəs həyatının hansısa dövründə insanları pis və yaxşı deyə iki yerə ayırır. Qəribəsi isə odur ki, mənim pisə ayırdığım insanları siz yaxşı, sizin də yaxşıya ayırdıqlarınızı mən pis qəbul edə bilərəm. Bunu ilk dəfə Hitler haqqında sənədli filmi izlədikdən sonra düşünmüşdüm. “İlahi, hətta o belə milyonlar tərəfindən yaxşı bir insan kimi görülüb” deyə fikirləşmişdim. Sonra ailəmə baxmışdım. Onlar necə düşünürdü? Atam üçün ən pis insan vaxtını boş şeylərə xərcləyən, ondan-bundan asılı olan insan idi. Küçədə ona yaxınlaşan dilənçiləri, xüsusilə də nisbətən cavan olanlarını döyəcək həddə qədər acılayıb, yola salırdı. Bunu edərkən qaşları çatılar, üzündə öz dediyini ölümünə doğrulamağa hazır bir ifadə yaranardı. Bəzən bu ifadəni mənimlə danışarkən də görərdim. Çörək qabınızın içində aylardır siçan yaşadığını bildiyinizdə üzünüzdə yarana biləcək bir ifadə idi bu. Ya da zəhmətlə, bir porsiyalıq bişirdiyiniz dadlı yeməyinizin ortasına düşən iki dənə cütləşən milçəyə baxanda. Anam üçün isə ən pis insan sadəcə özünü düşünüb, digərlərinin hisslərini heçə sayan insanlar idi ki, məncə, bunu atamdan və nənəmdən kifayət qədər görmüşdü. Xəstəliyindən sonra tez-tez İnstaqram postlarında “İnsanın ən yaxşı dostu elə özüdür” və ya “Yanında heç kəs yoxdur demə, çünkü sən özün də bir kəssən və yanındasan” kimi sözlər paylaşmağa başlamışdı, amma bunları mənimsəyə bildiyindən əmin deyildim. Bu sözlər mənə daha çox içində atama və nənəmə qarşı olan qəzəbin çölə vurulan halı kimi görünürdü.
Özüm isə insanları yaxşı və pisə ayırmaqdan çox, onların məni hansı tərəfə ayırdığı haqqında daha çox düşünürdüm. Digərlərinin fikri həmişə daha önəmli idi. Bunu açıq-açığına heç vaxt nə sözlü, nə də düşüncə şəklində düşünməsəm də, illər sonra dönüb geri baxanda içimdə həmişə “Mən kiməm ki...” deyən bir Əlinin olduğunu görürdüm. Mən kim idim ki, insanları kateqoriyalara ayırım? Mən kim idim ki, kiməsə pis deyim? Mən kim idim ki, şikayət edim?
Hər nə qədər valideynlərimin yaxşı və pis kateqoriyaları yerlə göy qədər fərqlənsə də, kim olduğumu öyrənsələr, məni düşünmədən pis insan kimi görəcəklərindən əmin idim. Əvvəllər bunu o qədər də önəmsəmirdim, ya da önəmsəmədiyimi düşünürdüm desəm, daha doğru olar? Nəysə... Demək istədiyim budur ki, o vaxta kimi bu məsələnin bu qədər vacib olduğunu düşünməmişdim. İlkinlə aramızda olan münasibət yeni məsuliyyətlər və öhdəliklər gətirmişdi həyatıma. Əvvəllər özümü qorumaq üçün görünməməliydimsə, indiki vəziyyətdə bu görülməməliydik olmuşdu, amma nə yalan deyim... Bu, belə xoşuma gəlirdi. Çünkü həyəcanlı idi. O vaxta kimi həyatımda bu cür şeylər olmamışdı və bir gün olacağını da gözləməmişdim.
Hər səhər gözümü açanda bütün bunların real olub-olmadığını düşünürdüm. Xoşbəxtlikdən həmişə real olurdu. İstənirdim. Diqqət görürdüm. Kimsə mənim varlığımdan zövq alırdı. Kimsə məni qəbul edirdi. Kimsə həmişə orda olacağına məni inandırmışdı və bu, elə xoş bir hiss idi ki, qarşıma çıxacaq bütün problemlərin öhdəsindən gələcəyimi düşünürdüm. Güclü hiss edirdim. Mən belə bu qədər yaxşı hiss edə bilərmişəm deyə düşünürdüm. Narkotik istifadə etmədiyi hər günə görə aludəçilərin özüylə fəxr etdiyi kimi, mən də öz barəmdə pis fikirləşmədiyim günlər üçün fəxr edirdim.
Tez-tez bədənimə toxunmağa başlamışdım. Ən çox da səhərlər. Bunu edərkən gözlərimi yumar və xəyalımda İlkini, onun toxunuşlarını hiss etməyə çalışardım. Üstəlik ən geci bir neçə saata onunla olacağımı bilməyimə baxmayaraq.
Həmişəkindən tez oyanmağa başlamışdım. Yatağımdan koala kimi ərinə-ərinə yox, cütləşmə mövsümündəki kenqurular kimi tullanaraq qalxırdım. Yeməyi ağzıma tıxayır, dişlərimi fırçalıyıb, tez evdən çıxırdım.
Seks üçün ən yaxşı yerin balıqçı köşkü olduğuna qərər vermişdik. Lakin ora getmək hər dəfəsində zülm kimi gəlirdi. Bir dəfə saata baxıb, ora getməyin cəmisi iyirmi beş dəqiqə tutduğunu görmüşdüm, amma insanlar arasında iki normal insan kimi, sanki bir-birini öpməyin bu iki oğlanının düşünə biləcəyi ən son şey belə olmadığını göstərə-göstərə ora gedib çatınca, əlimdən gələn tək şey bacardıqca ona baxmamaq idi. Köşkə girdikdən sonra isə dünya bizim olurdu. Çox güvəndə hiss edirdim orda. Oranın tozlu pəncərələrindən kiminsə bizi görməyi mümkün deyildi. Qapı möhkəm bağlanırdı. Yeganə açıq yer bacadakı taxta pəncərə idi ki, o da böyük bir təhdid deyildi.
Saatlarla öpüşürdük. Sonra gün boyu dodaqlarımın ətrafında keyimə və şişkinlik hiss edirdim, amma başa düşürsünüz də... Bu, o qədər də problem deyildi. Hətta xoşuma gəlirdi. Əvvəllər heç vaxt bu barədə təcrübəm olmasa da, inanılmaz bir şəkildə bunda çox yaxşı olduğum ortaya çıxmışdı. Ən azından İlkin yaxşı olduğumu deyirdi.
Düzünü desəm, birlikdə olarkən nə özümü nə də İlkini tanıya bilirdim. Gündəlik həyatda alaq otu kimi yaşamağa öyrəşmiş mən birdən-birə içimdə hər tərəfə şaxələnmək istəyən sarmaşığa çevrilmişdi. Qulağa qəribə gəlsə də, bütün bunlar baş verərkən hiss etdiyim ən sonuncu şey utanma və çəkinmə idi. İlkinə gəldikdə isə, onun da seks zamanı başqa bir kimliyə büründüyünü deyə bilərdim. Hərdən o qədər ehtirasa qapılırdı ki, qorxmağa başlayırdım. Hərəkətləri seksin sonuna yaxın daha sərt, daha ağrılı olurdu və üstümdəki bu iri məxluq mənə çox yad görünürdü. İlk vaxtlarda bir neçə dəfə onu itələyib, panik atak keçirirəmmiş kimi qorxmağa başlamışdım. O da qorxmuşdu və dayanıb sakitləşənə kimi mənə bir də toxunmamışdı. Nə xatırladığımı ona deyə bilməzdim. Həyatımın o vərəqlərini özüm belə açmaq istəmirdim. Ona görə də özümü toplamağa çalışıb, İlkindən aldığım güclə əldə etdiyim bu xoşbəxtliyə öyrəşməyə çalışırdım. Zamanla özünü saxlaya bilməyi və özündən keçmiş o qızğın ehtiraslı anlarında belə dayanmağının bir sözümə bağlı olduğunu anlayanda ona olan güvənim daha da artdı.
Bütünlüklə birlikdə olmaq istəmədiyimi ona lap əvvəldən demişdim, o da hazır olmayana kimi məni heç nəyə məcbur etməyəcəyinə dair söz vermişdi və sözünü tutmaqda yaxşı idi.
Ona görə də bədənimlə oynamasına və kəşf etməsinə icazə verdim. İlkin yaşca məndən böyük olduğu kimi, bədəncə də məndən çox böyük idi. Bəzən məni oyuncaq kimi heç bir çətinlik çəkmədən qaldırar, istədiyi yerə qoyar, istədiyi yerə söykəyib, orda davam edərdi işinə. Bu xoşuma gəlirdi. Bundan daha çox xoşuma gələn şey isə mənimlə bu cür davranılması və qəribə bir şəkildə bunda idarəmin olduğunu bilməyim idi.
Əlbəttə ki, həyatımdakı bu dəyişikliklərin davranışıma təsiri ailə üzvlərimin gözündən qaça bilməzdi. Məni tez-tez xəyala getmiş halda tuturdular. Xüsusilə anam məni belə gördüyünə həm sevinir, həm də nələr baş verdiyini öyrənməyə can atırdı. Bir dəfə hər axşam bir qədəh doldurub içdiyi qara üzüm şərabını əlində tutub oturduğu kreslodan “O təzə dostunla yaman yaxınsız. Nədi adı? İlkin?” demişdi.
Bir anlıq qorxsam da bəlli etməməyə çalışdım. “Hə, İlkindir”, - dedim.
“Belə görünür ki, çox yaxşı dost olacaqsız”, - şərabdan bir qurtum da almışdı. “Sənə çox yaxşı təsir edir o uşaq.”
Dodaqlarının qədəhin kənarında buraxdığı boya ləkəsinə baxıb: “Mən özüm özbaşıma xoşbəxt ola bilmərəm ki?”, - demişdim hirslə.
Demək istədiyim bu deyildi. Hara gedirsən? Əli getmə. Qayıt, gəl. Əli...
Otağıma çıxıb, bir az sifət etdikdən sonra sakitləşib, özümə gəlmişdim. Hətta sonrasında güldüyümü xatırlayıram. Mənlə maraqlanmaları, diqqət çəkməyim özümü qısa müddətlik də olsa, xüsusi hiss etdirmişdi.
İndi fikirləşirəm ki, o vaxtlar içimdə insanların məni rahat buraxmaqlarını istəmirdim. Öyrənməklərini istəyirdim. Özümü bunun öhdəsindən gələcək qədər güclü xəyal edirdim çünki. Kiməsə demək, yaşadığım bu xoş dəyişikliyi onlara da çatdırmaq istəyirdim. Yolda gedərkən qarşıdan gələn insanın hardan gəldiyimi bilməyini istəyirdim. Marketdəki kassirə üzümdəki gülüşün səbəbini danışmaq istəyirdim. Bu gün əynimdəki geyimi kimə görə geyindiyimi görməklərini istəyirdim. Bir-birimizi işarələrlə necə başa düşdüyümüzü, bunun nə qədər qeyri-adi və məni nə qədər fərqli hiss etdirdiyini anlamaqlarını istəyirdim.
Pis hissləri paylaşdığımız kimi, yaxşı hisslərin də paylaşılandan sonra özünə xas rahatlığına qovuşduğunu onda anlamışdım. Lakin bu imtiyazdan məhrum idim. Hər kəsin yaxşılığı üçün bunun belə olmalı olduğunu anlayırdım. Amma yenə də, heç vaxt başımı söykəyib bütün bunların mənə necə hiss etdirdiyini danışa biləcəyim bir insan olmayacağını düşündükcə hüzünlənirdim. Düzəltməyi çox istədiyiniz o əl işini və ya çəkmək istədiyiniz o rəsmi çəkmə cəsarəti göstərə bilməyəndə içimizdə yaranan o buruq hissə oxşayırdı. Danışa bilməzdim. Göstərə bilməzdim. Mənə qalan sadəcə gizlində olanları elə gizlincə hiss etmək idi.
Amma həyat gözləmədiyimiz şeyləri bizə ən gözləmədiyimiz anda verən mexanizmlə işləyirmiş. Heç gözləmədiyim halda gizli münasibətimizdən iki insanın xəbəri oldu və bundan daha inanılmazı bunu xoş qarşılamaları idi. Birincisi böyük qardaşım Rövşən, ikincisi isə İlkinin bacısı Sevinc idi.
Rövşənlə olan uşaqlığımız yaxşı keçmişdi. Nə o mənim paxıl, rəqabətcil böyük qardaşım, nə də mən gəlişimlə onun əlindən hər şeyi alan kiçik qardaşı olmuşdum. Nə bir oyuncaq üstündə davamız olmuşdu, nə də televizor pultu üstündə mübahisəmiz. Ona görə də isti bir iyul günortası qapını açıb gəlişi ilə bizə sürpriz edəndə çox sevinmişdim.
Dörd il Avstriyada oxuduqdan sonra psixologiya üzrə təhsilini başa vurub qayıtmışdı. Artıq bir psixoloq idi və bu, ailəmizdə atamdan başqa hamının xoş qarşıladığı yenilik idi. Atam üçün Rövşən taxt-tacdan üz döndərən və buna görə də sürgün olunub, cəzasını çəkməli olan ağılsız şahzadə idi. Rövşən arzularının ardı ilə getməyi seçəndə onu dəstəkləməmişdi, indi də dəstəkləmirdi, amma yenə də öz ayaqları üzərində durub, istədiyinə çatdığını görüb, bir az yumşalmışdı. Rövşənlə aramızda olan əsas fərq də bu idi deyəsən. İkimiz də sakit təbiətli, ata kölgəsinin qaranlığında yaşamış, ana laqeydliyinin incikliyini duymuşduq, lakin o özünə barama qurub, uzaqlara uçmağı bacara bilərkən, mən hələ də budaqdan-budağa gəzib, özümə güvənli bir yer axtaran tırtıl qalmışdım.
Həmin axşam Rövşənin gəlişi ilə bağlı böyük bir süfrə quruldu. Onun sağ-salamat gəlişinin qarşılığını iki qoyun öz canları ilə ödəməli oldu. Nənəmlə anam bir-birindən xəbərsiz nəzir demişdilər və belə görünürdü ki, allah qəbul etmişdi.
Həmin günün axşamı ara sakitləşəndən sonra Rövşənlə ikinci mərtəbənin eyvanına çıxıb həqiqətən danışdıq. Həqiqətən deyirəm, çünki uşaqlıqdan bəri nəyi valideyinlərimiz yanında danışmamalı olduğumuzu öyrənmişdik. Onların əhatəsində əqli sağlamlığınızı qorumağın yeganə yolu yalançı maskasını taxıb gülümsəmək və hər şeyin qaydasında olduğu təəssüratını bağışlamaq idi. Eyvanda isə maskaya ehtiyacımız yox idi.
“Sən də bir canlılıq hiss edirəm”, - demişdi söhbəti açaraq. “Səbəbini bilmək olar?”
Axır həftələrdə İlkinlə yaşadığım hadisələr ürək döyüntüsü qədər qısa an içində gözümün önündən keçdi. Güldüm. Gözlərimi qaçıraraq: “Yoox”, - dedim.
Aşağıda atamla nənəm hansısa qohumumuzun nə vaxtsa bizi sayıb çağırmadığı toydan danışırdılar. Anam Kamranı yedizdirir, aradabir də söhbətə müdaxilə edirdi. Heç birinin bizim yoxluğumuzdan xəbəri yox imiş kimi görünürdü.
Açıq-aşkar nəsə fərqli bir şey baş verib. Keçən həftə telefonda da hiss eləmişdim bunu.
Get, öyrəndiklərinlə başqalarının başını xarab elə, psixiatr.
“Psixoloq”, - deyə düzəltdi. “Öyrəndiklərim mənə deyir ki, “get, öyrəndiklərinlə başqalarının başını xarab elə”nin mənası əslində həqiqətən “nə baş verdiyini desəm, məni ələ salacağından qorxduğum üçün sənə deməyə utanıram”dır.”
“Təkcə ələ salacağını bilsəydim...” çoxdan deyərdim deyə cümləni ürəyimdə tamamladım. Hər nə qədər ona güvənsəm də, öyrənsə, necə qarşılıq verəcəyini bilmədiyim üçün: “Boş ver. Bilməməyin daha yaxşıdır”, - dedim.
Balaca qardaşımın üzündə bu təbəssümə nəyin səbəb olduğunu bilməyimə niyə mane olursan? Özü də bunu deməyi çox istədiyi halda.
Nə? Kiminlə danışırsan?
Qorxan sənlə.
Qorxan mən? Heç nədən qorxmuram.
İndi də inkar edən oldun. Mənə nə olduğunu danışmaq istəyən Əli lazımdır.
Səsli şəkildə güldüm. “Qurtar”, - dedim. “Mən bildiyimə görə, psixoloqlar insanları danışmağa məcbur etməməlidirlər. Səninsə bircə işgəncə kəlbətinin çatmır.”
Mən səninlə bir psixoloq kimi yox, qardaşın kimi danışıram.
Əslində beləsi daha qorxuludur.
“Bilirəm”, - dedi gülümsəməyə davam edərək. “Ona görə də o hər şeyi danışmaq istəyən Əliyə demək istəyirəm ki qardaşına inansın.”
Qaranlıqda bir müddət üzünə baxdım. Hər şeyi ona danışmağı o qədər istədim ki, hətta danışmaq üçün ağzımı belə açdım. Sözlər boğazıma qədər gəldi, amma duman çəkilən kimi dərin uçurumun qarşısında durduqlarının fərqinə varmış kimi geri çəkilməkləri də bir oldu. Gülərək başımı aşağıya, ərik ağaclarından birinin eyvana qədər gəlib çatmış budaqlarına tərəf əydim.
Nə oldu?
Bacarmıram.
Gunnen!
Nə?
“Gunnen”, - təkrarladı yenə.
“Gunnen?”, - deyərək başımı qaldırdım.
Bu sözü nə vaxtsa eşitdiyini düşünmürəm.
Heç tanış sözə oxşamır. Nədir ki, mənası?
“Niderland dilində başqasının xoşbəxtliyində xoşbəxtlik tapmaq mənasına gəlir balaca qardaşım”, - dedi Rövşən. Bir az gözlədi və dediyi cümləni düşünməyimə vaxt verdi. “Niyə, bilirsən?”
Çiyinlərimi çəkdim.
“Çünki o insanı o qədər sevirsən ki, əlindən başqa bir şey gəlmir”, - dedi.
“Bir şey anlamıram”, - dedim.
Yəni, sözün mənasını başa düşürəm, amma mənimlə nə əlaqəsi var, onu anlamıram.
Yəni sənin xoşbəxt olduğunu görəndə mən də xoşbəxt hiss edirəm. Nədi yəni, elə düşünürsən ki, səni xoş hiss etdirən şeyi sənə çox görəcəyəm?
Titrəyən dodaqlarımı dişlərimin arasında sıxıb titrəmələrini əngəlləyə bilsəm də, göz yaşlarımla bu alınmadı. Qaranlıqda görünmədiklərinə ümid etdim. Acı-acı gülərək: “Sənin xoşbəxtliyin niyə mənimkindən asılı olsun ki, boş sözlərdir.”
“Əlbəttə ki, mənim xoşbəxtliyim səninkindən asılı deyil. Bu sözün verdiyi məna da bu deyil onsuz da. Demək istəyirəm ki, bir şey…”, - burda bir az dayandı sonra: “ya da bir kimsə, səni xoşbəxt edirsə, mən də buna baxıb, xoş hiss edəcəyəm”, - deyərək cümləsini bitirdi.
Yanaqlarımı sildim. “Bəzən başqasının xoşbəxtliyində sən belə xoş bir şey tapa bilə bilməzsən”, - dedim. Ürəyimdə isə “Xaiş edirəm, edə bilərəm de. Xaiş edirəm, edə bilərəm de” qışqırırdım.
“Hmm. Ola bilər”, - dedi. Sonra qabağa gəlib, məni qucaqladı və “Ən azından başa düşəcəyimə və həmişə yanında olacağıma söz verirəm”, - dedi.
Rövşən yenə etdiyini etmişdi. İçimdə qurub, oturduğum qəsrin divarlarının yavaş-yavaş dağılmağa başladını hiss edirdim.
“Həmişə belə idin” dedim üzünə baxmadan.
Necə idim?
Hər şeyi bilirdin.
Mən heç nə bilmirəm.
Ən azından yüz faizlik düz təxminlər edirsən.
Sənə nəsə təxmin elədiyimi demədim. Çox irəli getdimsə, bağışla.
Heç nə demədim.
Mən gedim, aşağıda bir az da oturum. Sonra tez yatacağam.
Rövşən kürəyimi yumşaq şəkildə oxşayıb, məndən ayrıldı.
Qapıya çatanda “Rövşən, mən...” dedim və susdum. Olduğu yerdə dayandı, mənə tərəf dönmədi. Bu, daha yaxşı oldu, çünki üzümə baxsaydı, deyə bilməyəcəyimi bilirdim. “... Mənim birindən xoşum gəlir. Amma o... oğlandır” son sözümü uzağa baxaraq və bacardığım qədər asta bir şəkildə demişdim.
Özümü eyvandan atmağa hazırlaşırdım ki, Rövşən sakit bir şəkildə dönüb: “Hmm... Necə biridir?”, - soruşdu.
Yarı gülərək, yarı utanaraq: “Yaxşı”, - dedim.
“Mənə bir az ondan danışmaq istəyərsən?”
“Bilmirəm”, - dedim başımı qaşıyaraq. Amma sonra danışdım.
Ardı var…
Powered by Froala Editor