The Racist History of the Binary System
Gender binary (the idea that there are two opposite sexes) is a 19th century colonial concept.
21/Sep/22
3528
Binar Sistemin İrqçi Tarixi
Gender və cinsdə binarlıq (iki əks cinslərin mövcudluğu ideyası) 19-cu əsrdə müstəmləkəçilik əsasında yaranmış bir anlayışdır. Ağ insanlar cəmiyyəti “qadın” və “kişi” deyə ikiyə ayıran ilk insanlar deyillər. Lakin Qərb elm adamları cinslə əlaqədar fərqlərin anatomik olduğunu dedilər və iddia etdilər ki, cinsindən asılı olaraq insanların beyinləri, sinir sistemləri (və s.) fərqli inkişaf edir. Cinsdə bu duallıq “dichotomy” adlanır, yəni iki, bir-birinə əks şeylər.
Bu ana qədər müxtəlif mədəniyyətlərdə qadın və kişidən başqa digər kimliklər mövcud idi. Məsələn, avropalıların işğalından əvvəl amerikanın yerli əhalisi üçün gender binar deyildi. Genderfluidlik onların mədəniyyətinin bir parçasıdır. Onlar üçün feminin kişilər, yaxud maskulin qadınlar, ya da transgender individuallar heç də qeyri-adi deyildi. Gender özünüifadələri daha fluid (axıcı, dəyişkən - red.) olan şəxsləri “Two Spirit” (iki ruhlu) adlandırırdılar və onlar iki fərqli tərəfləri anladıqları üçün müdrik hesab edilirdilər. Bu münasibət 100-dən çox amerikan tayfaları, o cümlədən Havay mədəniyyətində də yayğın idi.
Genderə oxşar münasibəti, Hindistan, Myanma, Madaqaskar, Samoa, Misir, Əfqanıstan, Tailand və başqa cəmiyyətlərin tarixində müşahidə eləmək olar. Etnoqrafik araşdırmalar göstərir ki, Avropa dominantlığından əvvəl cəmiyyətlər iki spesifik genderi bir-birindən tam fərqli şəkildə qavramır, gender anlayışlarını bir-birinə əks, dəyişməz qəliblər şəklində qəbul etmirdilər. Bu, qərblilərin “ixtira” etdiyi yeni bir yanaşma idi.
Qərblilər isə genderləri sərt ikili sistem daxilində görürdülər. İşğal etdikləri ərazilərdə insanların genderə daha açıq baxışını sıxışdırıb çıxartmağa başladılar və “iki ruhlu” insanları, kuir individualları təqib etməyə başladılar. Özlərinin ikili sistemini müstəmləkəyə çevirdikləri yerlərdə təbliğ edib, insanlara qəbul etdirməyə çalışırdılar. Yerli icmalarda kişi və qadın deyə indentifikasiya edən şəxslərin aralarında qərb dünyasındakı kimi kəskin fərqlərin olmamasını yerli insanların “primitivliyi” kimi qələmə verirdilər. Onlarin fikrincə, qadın və kişilərin görünüş (geyimlər, saç düzümü) və cəmiyyətdəki rollar baxımından çox fərqli olmağı üstünlük və “sivil” cəmiyyət nişanəsi idi. Yerli şəxslərin daha azad özünüifadəsini onların hələ təkamülün əvvəlki pillələrində qaldıqları, “ağ adamların səviyyəsinə çatmadıqları” kimi əsaslandırırdılar.
Qaradərili insanlar, yerli icmalar, digər ağ olmayan xalqları “cinsi bilinməzlər” deyə görürdülər. Qərblilər, məsələn, “qadın” deyəndə ancaq ağ qadını nəzərdə tuturdular. Ağ olmayan əhalini birmənalı şəkildə “aşağı irqlər” kimi adlandırırdılar. 1886-cı ildə alman seksoloqu Krafft-Ebbing yazırdı: “Bir irq nə qədər inkişaf və təkamül edibsə, onlarda qadın və kişi arasında kontrast da o qədər güclü olacaq.” Onlar inanırdılar ki, irqlər “sivilləşdikcə” onlarda qadın və kişi arasındakı fiziki fərqlər də daha aydın olacaq. Ağ insanları – yəni özlərini bu yanaşma ilə svilizasiyanın pik nöqtəsi kimi görürdülər. Sosial Darvinist Herbert Spenserə görə ağ qadınlar ağ kişilərdən ona görə fiziki cəhətdən fərqli idilər ki, onlar digər “primitiv” irqlərdən fərqli olaraq ev qadınları idilər. Çünki onlar inanırdı ki, fiziki fərqlər də gender rolları əsasında formalaşır. Həmin gender rollarını digər mədəniyyətlərə də yeridərək, onlarda cinslər arasındakı əksliyə nail olmaq istəyirdilər. Beləliklə, həmin mədəniyyətləri sıxışdırıb aradan çıxardırdılar. Bu, müstəmləkəçilik prosesinin çox mühim bir hissəsi idi. Yerli insanların milli kimliklərini əllərindən alaraq onların mədəni irsini yox edirdilər.
Bundan əlavə, həmin gender rolları ağ olmayan insanlar üçün çatımlı belə deyildi. Sistematik irqçilik insanların həddindən artıq kasıb şəraitdə yaşamasına səbəb olurdu. Buna görə hetero (ağ olmayan) ailələrdə qadınların yalnız ev qadını olmaqları və ancaq kişilərin işləməyi mümkün deyildi.
Təzyiqlərə baxmayaraq, insanlar özlərini qısıtlamaq istəmir, özlərini istədikləri kimi ifadə etmək üçün mübarizə aparırdılar. Məsələn, 1866-cı ildə əvvəl qul kimi saxlanılmış qaradərili şəxs öz adını Cathy Williams-dan William Cathay-ə dəyişdi. O, 38-ci Piyadalara, ayrılmış Afrikan-Amerikan kişi donanmasına qoşulmuşdu.1800-cü illərin axırlarında doğuş zamanı təyin edilmiş genderi “qadın” olan Jean Bonnet “kişi” paltarları geyindiyi üçün dəfələrlə həbs olunmuşdu. 19-cu əsrin sonları, 20-ci əsrin əvvəllərində qəzetlərdə “kişi paltarı geyinən qadınlar”la bağlı xəbərlərdə əhəmiyyətli artım var idi.
Sözügedən cəmiyyət (müstəmləkəçilik dövrü) həm də kifayət qədər seksist idi. Qadınlar yanlarında kişi olmadan ictimai yerlərdə görünsələr, buna görə cəzalandırılırdılar. “Kross-dressinq”-ə görə həbs olunan şəxslərin gender kimliklərini müəyyən etmək çətin idi. İnsanların başqa gender üçün nəzərdə tutulmuş geyimlərdən istifadə etməsinin müxtəlif səbəbləri var idi, iş tapmaq, ictimai ərazilərdə azad hərəkət eləmək, hərbidə iştirak, özünüifadə və s. Qəzetlərdə şalvar geyinmiş, qadın olduqlarını düşündükləri insanların bəzilərinin kişi, yaxud qeyri-binar olmalqlarına baxmayaraq, onların hamısını “kross-dresser” adlandırırdılar. Jurnalistlər doğuş zamanı təyin olunmuş genderi qadın olan belə şəxslərə “kişi-qadın”, “nədir bu”, “kişi-qız”, təyin olunmuş genderi kişi olub feminin geyinən şəxslərə “nənsi”, “mis nənsis” deyirdilər. Həmin sözlər hazırki günümüzdə də kuir insanlara qarşı təhqir kimi işlədilir. Gender rollarından qırağa çıxaraq geyinmək kriminallaşdırılmışdı. Buna görə də, biz bu insanlar haqqında məlumatların çoxunu reportlar və həbs qeydiyyatlarından əldə edə bilirik. Həmin insanlar həbs olunandan sonra onların şəxsi məlumatları ictimai şəkildə paylaşılırdı. Bu, onların təhlükəsizliyinə xələl getirir, iş tapmaq imkanlarını zədələyirdi.
Müstəmləkəçilər üçün insanın genderi və hansı genitaliyaya sahib olması arasında fərq yox idi. Onlar vaginanı qadını kişilərdən ayıran əsas amillərdən biri hesab edirdilər, orqanın reproduktiv xüsusiyyətini vurğulayırdılar. Reproduktiv bir funksiyası olmadığına görə anal və oral seksin mundar və lazımsız olduğu ideyası da ağ insanlar tərəfindən həmin dövrdə formalaşıb. Bu ideologiya ilə də homofobiyanı əsaslandırıb, bu tip sekslə məşğul olan şəxsləri azğın kimi damğalayıblar (hərfi mənada yox). Özlərində mövcud olan gender rollarına uymayan BİPOC (black, indigenous and people of colour - qaradərili, yerli və başqa dəri rəngi olan insanlar) əhalini pozğun adlandırırdılar. Həmin insanları gender rollarına uyğun görmədikləri geyimlərdə təsvir edərək, onların gender non-konforminq özünüifadəsini onları hədəfləmək və alçaltmaq üçün istifadə ediblər. Ağ kolonistlərin gözündə ancaq ənənəvi maskulin kişilər suverenliyə qadir idilər. Yerli insanlara və onların mədəniyyətinə açıq-aşkar hücum edən kolonistlər onların bu cür kross-dressinq edərək casusluq etdikləri, kişilərinin qadın paltarları geyinərək insanları aldatmağa çalışmaqları ilə bağlı dedi-qodular yayırdılar. Kuir kimlikləri və mədəniyyəti irsi keçə bilən anormallıq kimi qələmə verirdilər. Kuir şəxslərə “təkamüldən dala qalmış” insanlar kimi münasibət göstərirdilər.
Dr. James Kiernan deyirdi ki, insanların əcdadları interseks olub, “insan təkamülünün belə primitiv mərhələsinin qalan fiziki elementləri” növbəti nəsillərə keçmiş və insanların normal inkişafının qabağını almışdır. Onlar “müalicə” edilərək hiper maskulinliyə çatmağı, ciddi gender rollarını, başqa irqlərdən olan insanların ağ adamlarla qarışmamasını, kuir şəxslərin təqibi təkliflərini irəli sürürdülər. Amerika yevgenikləri inanırdı ki, qədim yunan və roma imperatorluqlarının çöküş səbəbi kuirliyi özlərinə yaxın buraxmaqları idi. Onlar gender non-konformluğu təbliğ edərək ağ insanların dünyada sivilizasiyanın son mərhələsinə çatacaqlarını yeritmək istəyirdilər. Öz mükəmməlliklərini sübut etmək üsullarından biri də “dünyanın indiyə qədər gördüyü ən nöqsansız qadınlığa və kişiliyə” sahib olduqlarını bildirməkləri idi. James Weir deyirdi ki: “Femininləşmək neçə-neçə millətlərin süqutuna gətirib çıxarıb. Gəlin, bütün qüvvəmizlə buna qarşı gələk. Oğullarımızı maskulin kişi kimi, qızlarımızı feminin qadın kimi yetişdirək.” Belə ki, bu yeni amerikalılar maskulinliyin öz avropalı əcdadlarından da fərqlənən yeni bir “brendin”i yaratdılar. Kişiliyə viktorian yanaşma daha cilalanmış və təmkinli idisə, Amerika maskulinliyi daha aqressiv və “möhkəm” deyə təsvir olunmağa başlandı. Cins ağların irqi “üstünlüyündə”ciddi rol oynamağa başlamışdı. Onlar bu fərqləri qoruyub saxlamaq barədə narahat idilər. Kişilərin qətiyyən heç cürə incə, yaxud feminin davranmağına, görünməyinə yol vermək istəmirdilər. Aqressivliyi maskulinliyin bir parçası olaraq qəbul etdikdən sonra bu primitivliyi “lazımlı pillə” olaraq rebrendinq etdilər. Deyilirdi ki, ağ oğlanların kişiliyə çatmaqları üçün uşaqlıq dövründə bu “primitiv”likdən keçməlidirlər. İddia edilirdi ki, ağ kişilərin “soyqırım impuls”ları var və bu impulsu ifadə etmək olduqca lazımlıdır. Hətta Teddy Roosevelt qeyd edirdi ki, ağ kişilər kişiliyin zirvəsinə çatmaq üçün yad torpaqları işğal etməlidirlər. Bu yolla onlar gender normaları ilə iqri şiddət və işğalı əlaqələndirir, gender normaları vasitəsilə şiddəti fasilitasiya edirdilər. Artıq şiddətin açıq nümayişi “sivil” maskulinliyin inteqral bir hissəsi idi. Toksik maskulinlik patriot dəyər kimi qəbul edilirdi.
Gender və irq anlayışları bir-birinə bağlıdır. Gender irqi bir konstruksiyadır. Bu, kolonistlərin çox güclü alətlərindən biri olub. Onlar öz cəmiyyətlərindəki gender rollarını əks etdirən hər şəyi öz irqlərinin üstünlüyü kimi insanlara yeritməyə çalışıb, öz hegemonluqlarını gücləndirmək üçün bundan istifadə ediblər. Kuir şəxsləri bütün problem və krizislərdə günahkar və hədəf kimi göstərib, bunun vasitəsilə insanların mədəni irslərini demonizə edərək yox etməyə çalışıblar. Genderin və gender rollarının cəmiyyətimizdə müşahidə elədiyimiz binar sisteminin çox irqçi və kolonist tarixi var. Əsrlər əvvəlki təqiblərin, dezinformasiyanın izləri demək olar ki, əksər ölkələrdə hələ də müşahidə olunmaqdadır. Hətta günümüzdə ağ insanlar “incəliyi”, “zərifliyi” ağ qadına şamil edərək və onlarla müqayisədə qaradərili qadınları daha maskulin (bədən tipi, mədəniyyət və sinif fərqləri) təsvir edərək (mediada) onları “alçaltmağa”, bununla onların daha az “cəzbedici” olduqlarını deməyə çalışırlar. Çünki həmin ideologiya ilə ağ insanlardan gələn kəskin gender fərqləri və rollarından çıxmaq hələ də “qeyri-ciddi”, “ayıb”, “azğın” sayılmaqdadır. Hətta qadın və kişilərin bir-birindən “çox” fərqli olduğunu əsaslandırmaq üçün istifadə olunan araşdırmaların çoxu elə həmin dövrə dayanır və həmin araşdırmaların çoxu ağ supremasistlər tərəfindən qərəzli şəkildə aparılmışdır.
İstinadlar:
- Dr. Peter Boag (university of California Press, 2011): “Re-Dressing America’s Frontier Past”
- Dr. Kyla Schuller (Duke University Press, 2018): “The Biopolitics of Feeling: Race, Sex, and Science in the Nineteenth Century”
- Dr. Gail Bederman (University of Chicago Press, 1995): “Manliness and Civilization: A Cultural History of Gender and Race in the United States, 1880-1917”
Müəllif: Sam
Powered by Froala Editor