Azərbaycanlı kuir seks işçiləri ikiqat təcridə məruz qalır

Bu məqalə Əli Məlikovun OC Media üçün ingilis dilində dərc edilmiş məqaləsinin tərcüməsidir. 

Azərbaycanlı kuir seks işçiləri milli və hüquq-mühafizə qurumları tərəfindən sistematik ayrı-seçkiliyə məruz qalırlar, habelə daha geniş kuir icmada qəbullanmağa nail olmağa çalışırlar.

Matan 17 yaşında işini itirdikdən sonra acından ölməmək üçün seks işçiliyi ilə məşğul olmağa məcbur qalıb. Matan deyir ki, onun yaşı və kross-dressinq etməsi alternativlərin axtarışını daha da çətinləşdirir.

Hazırda 19 yaşında olan Matan mütəmadi şəkildə ictimai qınağa və polis qısnamasına məruz qalır. 

Səs-küylü Bakıda, evinin yaxınlığındakı içki evində söhbətləşdiyimiz Matan yaşıdlarının böyük kuir icmada özünə yer tapmaq istəməsindən danışırdı — onlar yalnız bir-birilərinə güvənə bilərdilər. 

“Bir dəfə tanışım olan seks işçisi müştərisindən dollarla ödəniş almışdı”, – Matan OC Media-ya danışır. “Pul isə saxta imiş, banka pulu milli məzənnəyə çevirmək üçün apardıqda tanışımı polis saxlayıb, buraxmaq üçün pul tələb edib. Digər seks işçiləri də birgə polisə “rüsum” adı ilə 5 min manat ödəyərək dostlarını xilas ediblər”, - Matan gülümsəyərək əlavə edir. 

Möhkəm dəstək qrupları

Seks işçilərinin kiçik qrupları adətən bir-biri ilə sıx əlaqədədir, icma üzvləri üçün təcili vəziyyət yaranarsa, ən birinci onlar kömək edirlər. Lakin bu tip kiçik icmaların peşələrinə, gender kimliklərinə və ya oriyentasiyalarına görə nə hüquqi, nə sosial, nə də psixoloji dəstəyə çatımlılığı var. 

Bu möhkəm qruplar seks işçiləri ətrafındakı stiqmadan dolayı Azərbaycanın daha geniş kuir icmasından ayrı inkişaf ediblər. 

Gündüzlər tələbə, gecələr seks işçisi olan Sənan bildirir ki, peşəsi ucbatından Azərbaycanın kuis icmasında özünə yer tapa bilmir, çox vaxt isə gördüyü iş barəsində susmalı olur. 

“İşimə görə icmadaki insanlarla kifayət qədər zaman keçirməyə vaxt çatdıra bilmirəm. Hətta seks işçisi olduğumu hər kəsə demirəm də”, – Sənan “iş məkanı” adlandırdığı evindən çıxmadan danışır. 

“Qəribə bir şəkildə yadlaşdırmaya məruz qalıram, sanki seks işçisi olduğum üçün onlara ifşa təhlükəsi yarada biləcəyim düşünülür.”

Sənan qeyd edir ki, hal-hazırda oxuduğu universitetin rəhbərliyi tərəfindən tez-tez təqiblərə və qısnamalara məruz qaldığı halda normal həyatını saxlaya bilmək üçün baryerləri aşmağa çalışır. Yalnız dekanla mübahisələr etdikdən sonra bullinq və qısnamalar azalıb.

LGBTQ haqlarını qoruduqlarını deyən təşkilatlar da istəmədən kuir seks işçiləri və digər LGBTQ icması arasında uçurumu böyüdə bilər. 

“Normal translar seks işçiliyi etməz”, – “Gender və Tərəqqi” Maarifləndirmə İctimai Birliyinin sədri Kamran Rzayev 2021-ci ildə DALAN18+ Youtube verilişinə verdiyi müsahibədə deyib. 

Digər bir trans seks işçisi Həyat Əlisoy deyir ki, o, kuir icmanın keçirdiyi görüşlərdə birbaşa tənqidə məruz qalıb.

“Siz trasda dayanıb, müştəri gözləyirsiniz. Sizin kimilərə görə hamımızın adı batır”, – iştirakçılardan biri Həyat Əlisoya belə deyib, bu nitqi səsləndirən şəxsə təşkilatçılar tərəfindən reaksiya verilməyib. 


Sistematik zorakılıqdan məhvedici biganəliyə qədər

Kuir seks işçiləri çox vaxt polisin əsas hədəfinə çevrilir və gizli polislər onları həbs edərək, pul tələb edir. 

“Bizə “qəhbə” deyib, zorla yoldan qaçırırlar”, – Matan danışır.

“Bir dəfə 17 yaşım olanda polis bizi saxlamışdı. Polisin kim olduğunu soruşduqda isə təhqir edərək zorla maşına mindirib, Bakıdan uzaq bir yerə gətirdilər”, – o deyir.  Bizə dedilər ki: “Ya pul verin, ya da bizimlə seks edəcəksiniz. Biz də pul verməli olduq, bizi çöllükdə qoyub getdilər.” 

Hətta təhlükə ilə üzləşsələr belə, kuir seks işçiləri polisə müraciət etməyi seçməyə bilərlər. 

“Dəhşətli nəsə baş verəndə də polisə müraciət etmirəm”, – Əlisoy deyir. “Onsuz da bilirəm ki, şikayətimə baxılmayacaq.” 

“Bir gün iş üçün müştərinin evinə getmişdim”, – o xatırlayır. “Müştəri mənim gizli videomu çəkərək yaymaqla hədə-qorxu gəlmişdi.”

“Düz masanın üstündə bıçaq var idi, təhlükəsizliyim üçün səsimi çıxara bilmədim. Daha sonra yaşadıqları binanın qarşısında qışqıraraq özümü qurtardım.” 

Azərbaycanın kuis icması dövlət tərəfindən tanınmır, bu da onları real ayrı-seçkilik obyektinə çevirir. 

Emin Abbasov, azərbaycanlı hüquqşünas OC Media-ya deyib ki, milli, irqi və ya dini nifrət və düşmənçiliyin salınmasına yönəlmiş hərəkətlər Azərbaycan Cinayət Məcəlləsinin 283-cü maddəsi ilə qadağan edilib. Buna baxmayaraq, Azərbaycanın Baş Prokurorluğu israr edir ki, dövlət LGBTQ-lərin müdafiəsini təmin etmir, çünki onlar konstitusiyaya əsasən, “sosial qrup” kimi tanınmırlar, bu da Azərbaycanda seks işçilərini vadar edir ki, öz yaşayışlarını normallaşdırmaq üçün mövcud boşluqlardan istifadə etsinlər. 

Bu ayrı-seçkilik onların həm kuir icmadan, həm də ümumilikdə cəmiyyət tərəfindən qarşılaşdıqları yadlaşdırma ilə birlikdə çox zaman mediada gedən iftira kampaniyaları ilə kəskinləşir, bu da onları pul tələb etmə və şantaj üçün asan hədəfə çevirir. 

“Radikal millətçi və dindar qruplarda seks işçilərinin və marginallaşdırılmış insanların şəxsi məlumatları yayılır”, – Matan deyir. “Həmin qruplaşmalar xüsusən Telegram-da məşhurdur və sizin informasiyanızı saatlar içərində minlərlə insana çatdıra, sizi birbaşa hədəfə çevirə bilərlər.” 

“Mediada seks işçilərini hədəf alan başlıqlarda minlərlə yazı, xəbər, videokontent görə bilərsiniz. İnsanların gözündə seks işçiliyini və seks işçilərini “təcrid olunmalı canavar” kimi göstərirlər.” 

Powered by Froala Editor