Biz “Belə” Doğulmuşuq
Qürur himnlərindən biri hesab olunan hörmətli Lady Gaga-nın “Born This Way” mahnısı artıq 11 yaşında olmasına baxmayaraq illərdir aktuallığını itirmir
25/Sep/22
1576
Biz “Belə” Doğulmuşuq
Qürur himnlərindən biri hesab olunan hörmətli Lady Gaga-nın “Born This Way” mahnısı artıq 11 yaşında olmasına baxmayaraq illərdir aktuallığını itirmir. Dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq əksər kuirlər mahnını sevərək dinləməyə davam edir, xüsusilə Qürur Ayında. Nə Lady Gaga-nın sənəti, nə də mahnını sevənlərlə heç bir problemim yoxdur, amma mahnı ilə var. Problem mahnının adı, daha doğrusu, məşhur “belə doğuldum”/“belə doğulublar” tipi ifadələrlədir.
Tanıdığım, izlədiyim, qarşıma müsahibələrdə çıxan psixoloqların, seksoloqların, aktivistlərin, kuirlərin və s. əksəriyyəti bu düşüncə ilə razılaşır ki, kuirlik seçim deyil və biz belə doğulmuşuq. Ardınca kuir-fobik tibb toplumların neçə faizini təşkil edə biləcəyimizi, neçə yaşından “fərqli” davranışlar nümayiş etdirməyə başlayacağımızı, hansı təyin olunmuş genderdən olan uşaqlarla dostuq edəcəyimizi, hansı rəngləri və oyuncaqları sevəcəyimizi də proqnozlaşdırmaqdan çəkinmir.
Bilmirəm, səbəbi nədir, bəlkə də deyilənlərin təsirinə düşdüklərindən, ya da daha asan “qəbul olunmaq” istədiklərindən müsahibələrini oxuyub-izlədiyim, tanış olduğum kuirlərin əksəriyyəti kuir-fobik tibbin də dediyi kimi, lap uşaqlıqdan yaşıdlarından fərqli olduğunu deyir. Geylərin uşaq vaxtı “qız oyuncaqları” ilə oynayıb, anasının çantasını qarışdırmasından danışdığı, ya da lezbiyanların “ağlım kəsəndən oğlan kimi hiss edirdim” dediyi müsahibələr yəqin ki, sizə yad deyil. Deyə bilərsiniz ki: “Axı sənin dərdin nədir? Niyə hər deyiləndə səhv axtarırsan? Yalan deyəsi deyillər ki.”
Heç kimin yalan dediyini iddia etmirəm. Sadəcə özünüifadə tərzi yanlışdır. Cis-hetero normativ, seksist, patriarxal sistemin gözlətiləri və tələblərinə uyğun danışırlar. Hansı ki, nəyin “qız/oğlan kimi” olmasını təyin etməyə çalışan, davranışları, oyuncaqları, geyimləri mövcud olan hər şeyi genderləşdirən həmin sistemdir. Uşaqlara kənardan müdaxilə edilib, nəyin onların təyin olunan genderinə uyğun olub-olmadığı diqtə edilmədiyi müddətcə onlar özlərinə hansı rəng, hansı oyuncaq, hansı geyim xoş gəlsə, onu da seçirlər. Əminliklə deyə bilərəm ki, bu gün uşaq vaxtı “qarşı cinsin” oyuncaqları ilə oynadığını deyən şəxs uşaq olarkən ona diqtə edilmədiyi müddətcə bunun anlamını bilmirdi. Onlar sadəcə illərlə diqtə edilib, beyinlərinə yeridiləni keçmişlərinə tətbiq edib, bundan hansısa nəticələr çıxarırlar.
Dünyanı izləməklə, toxunmaqla daha sonra soruşmaqla öyrənməyə başlayan bir körpənin hansı rəngin və ya oyuncağın “qız/oğlan” üçün olduğunu özünün təyin etdiyinə inanırsınızsa, sizə tezliklə şəfa tapmağı diləyirəm. Üstəlik bununla da kifayətlənməyib, öz nağıllarınızla gender, seksual oriyentasiya, seksuallıq üzərinə nəzəriyyə inşa etməyə cəhd edirsinizsə, reabilitasiyanız uzun zaman alacaq deməkdir.
Aparılan araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, ənənəvi ailələrdə böyüyən təyin edilmiş genderi kişi olan uşaqların əksəriyyəti təyin edilmiş genderi qadın olanlardan fəqli olaraq 3-cü ayından etibarən daha az ağlamağa, ağladıqda daha tez sakitləşməyə başlayır. Bunun səbəbinin isə valideynlərin körpələr ağladığı zaman verdikləri reaksiya və istifadə etdikləri təsəlli ifadələrinin onların təyin edilən genderinə görə fərqlilik göstərməsi olduğu qənaətinə gəlinmişdir.
Dünyanı daha anlamadığımız dövrlərdə, hətta son onilliklərdə ana bətnində ikən bizə öz razılığımız olmadan müəyyən genderlər təyin olunur, daha sonra həmin genderlərə əsasən normativlər diqtə edililir. Biz bizə elə öyrədildiyi üçün özümüzün və ya kiminsə “qız/oğlan”, “qadın/kişi” olduğumuzu düşünür, bizə elə diqtə edildiyi üçün hansısa davranışların “feminin/maskulin” olduğu qənaətinə gəlirik.
Nəticə olaraq, biz kuirlər hansısa yolla, necəsə, kimsə olaraq doğulmuruq. Bəzilərimiz daha cəsarətli, ya da şanslıdır. Buna görə də erkən yaşlardan ona diqtə ediləni, normaya uyğun olanı deyil, öz istədiyini seçir/seçə bilir. Əksəriyyətimiz isə bu barədə o qədər də cəsarətli və ya şanslı deyilik və bizə diqtə edilən normativlərin boyunduruğundan çıxmağımız, özümüz üçün doğru hesab etdiyimizi təyin etməyimiz mübarizə və zaman tələb edir.
Kuir-fobiklər komfort zonadan çıxmaq istəməyib, həyatları boyunca onlardan tələb olunanı yaşamağa məhkum olduqlarından, bizim çürük sistemlərini dağıtmaq ehtimalımız onlarda narahatlıq, qorxu və nifrət yaradır. Ona görə özlərini və bizi inandırmağa çalışırlar ki, kuirlər məhdur sayda istehsal olunur.
Müəllif: Raven
Powered by Froala Editor