Homonormativlik, yoxsa heteronormativliyə meydan oxuyan kollajlar?

“Qadın üçün” platforması öz İnstaqram hesabında gey və lezbiyan kollajlar dərc edib.

Kollajlarda ənənəvi mühafizəkar ifadələr təkrar nəzərdən keçirilərək, onlara yeni mənalar verilib. Bu barədə Minority Azərbaycan yazıb. 

Bəs yeni mənalar və kollajların özləri, həqiqətən də, heteronormativliyə meydan oxuyur?

Kollajlar ifrat populyar olan “sevgi elə sevgidir” diskursu üzərində qurulmuş kimi görünür. Kollajlarda yer alan və yeni mənalar verilmiş ifadələr mənasız və faydasız tavtologiya kimi səslənir və gey sevginin və ailənin heterolarınkına oxşadığını qeyd edir.

Mənə görə, Qadın üçün platformasının hazırladığı kollajlar Lisa Dugganın homonormativlik adlandırdığı terminin əsas apsektlərindən birini özündə ehtiva edir. Homonormativlik gey (nadir hallarda TİQ+) həyatını mahiyyətcə normal göstərməyə çalışan siyasi cəhddir və normativ heteroseksuallıqla eyniləşdirilir. Müasir dövrdən, yəni 19-cu əsrdən başlayaraq romantik sevgi və ailə anlayışı mənəvi absolyutluq məkanına daxil olmuş və insan həyatının ən ali məqsədi kimi formalaşmışdır. Sevgi və ailə müasir insanın heç kim tərəfindən inkar edilə bilməyəcək dəyərinə çevrilmiş və gey siyasətin meynstrimə qoşulmasına təkan vermişdir. Bir-birini sevən insanların ailə qurması müasir dünyada ‘azğın’ seksuallığa və seksual təcrübələrə qarşı kəskin münasibətlərin yumşaldılmasında istifadə edilir. Bu tip çərçivələmələrin istifadəsi cisheterolarla eyni hisslərə sahib olduğunu və bununla da, eyni hüquqi və institusional müdafiəyə, eyni zamanda qəbullanmaya layiq olduğunu təklif edən mexanizmdir.

Sevgi müasir insana dəyər qazandırır, onu dəyərli edir. Biz sevgimiz ilə, cütlük kimi münasibətlərimiz ilə tanınırıq, qəbul olunuruq. Lauren Berlant sevgini yaxşı həyat yaşamağın fundamenti kimi təqdim edir. O, bir insanın həyatı haqqında danışarkən hekayəsinin sevgi süjeti üzərində qurulmasına diqqət edir. Sanki insanın varlığı və ya həyatı yalnız onun yaşadığı romantik hisslər, partnyoru (monoqam münasibət əsas göstürülür) ilə keçirdiyi günlər üzərində qurulur. Berlant-a görə, sevgi öz axarı ilə gedən bir nəsnə deyil, müəyyən bir həyat formasının əsasının qoyulması ilə qurulur. Sevgi üzərində qurulan həyat forması digərlərindən seçilir, çünki bu, həkim və ya müəllim olmaq kimi həyat forması deyil, bir insanın istəyə biləcəyi yeganə həyat yolu kimi təqdim edilir. Bunu, xüsusilə, yaşlı ailə üzvlərimizin bizə verdikləri suallarda hiss etmək mümkündür. Məsələn, dost-tanışdan kimsə evlənəndə evdə səslənən “Sən nə vaxt tərpənirsən?”, ya da nənələrimizin bizə ünvanladığı “Sevgilin (sevdiyin) var?” sualları, yaxud da elə evlənən dost-tanışın evlilikdən sonra bizimlə keçirməyə vaxtının az olmasını göstərmək olar ki, sevgi və onun üzərində qurulmuş evliliyin bizim həyatımızın necə bir ayrılmaz və ən çox istənilən hissəsinə çevrilərək konstruksiya olunduğunu görək.

Homonormativ siyasi ideallar kuirliyi məişət məkanı ilə məhdudlaşdırır və “şəxsi olan siyasidir” feminist sloqanını rədd edir!


Mənbə: “Virtual qəhvəxana” Telegram kanalı



Powered by Froala Editor