Gəl Dənizlə Barışaq X bölüm
Bu yaz bir başqa yazdır, bu yaz daha da xoşdur, Vay o qəlbə ki, boşdur! Hər üfüqdə bir həvəs, hər bucaqda bir umud, İnsanlar daha mə'sud
16/Oct/22
1484
Gəl Dənizlə Barışaq
Onuncu Bölüm
Çıxalım Buzovnada kiçik qayalıqlara,
Seyrə dalım bir ara...
Gecələr sayrışarkən, ulduzlar lalə kimi,
İşıqlar jalə kimi.
Çilənib dağılarkən ətrafa damla-damla,
Ən yaxın bir adamla.
Nə gözəldir dinləmək suların nəğməsini,
Təbiətin səsini!
Mikayıl Müşfiq. “Yenə O Bağ Olaydı.”
Bir dəfə televizorda balinalar haqqında sənədli filmi izləyərkən anam içəri girmişdi və “Bu soyuq hardan gəlir?” soruşmuşdu. “Hiss etmirsən, Əli?”
Yalandan “Yox” demişdim. Üşüyürdüm, amma filmin həyəcanına o qədər qapılmışdım ki, bunu ayağa qalxıb, yelçəkəni bağlamaqla korlamaq istəmirdim.
“Ordan gəlir” demişdi anam – bir çox analar kimi onun da yelçəkən obsessivliyi vardı və məsələ uşaqlarının sağlamlığı olanda xəstəlik qaynaqlarını tapmaqda o da xüsusi bir bacarığa sahib idi. Barmağı solumdakı yarımaralı pəncərəni göstərirdi: “Bağla onu.”
O vaxt gözlərim yeni-yeni zəifləməyə başladığı üçün pəncərəyə yaxınlaşana qədər onun aralı olduğunu görməmişdim. Düz yaxınına qədər gəlib çatanda isə pəncərənin aralı olduğunu və sərin bir hava axınının üzümə vurduğunu hiss etdim. Birdən-birə səhərdən bəri üşüdüyümü də o anda anladım.
İllər sonra görmədiyim, amma içimdəki o getdikcə böyüdüyünü hiss etdiyim boşluğu düşündükcə həmin o pəncərə boşluğunu xatırlayırdım. O boşluğu nə doldura, nə də bağlaya bilirdim. Əlimdən sadəcə o vaxt pəncərə ilə etdiyim kimi, başımı qataraq orda olduğunu ağlımdan çıxarmaq gəlirdi. Lakin boşluq orda idi və hara qədər olacağını bilməsəm də, getdikcə böyüdüyünü hiss edirdim. İçindən o gün pəncərəyə yaxınlaşarkən məni üşüdən soyuq bir əsinti gəlirdi, amma mən buna daha çox qara yel deyərdim. Əsməyə başladığı anda məni təkcə üşütməklə qalmayıb, həm də yalnız hiss etdirən qara yel. Üstəgəl bu, bir insanın “Bu soyuq hardan gəlir?” deyib, asanlıqla tapacağı bir yel də deyildi. Bəzən bir ağıza sahib olmağım qədər normal gəlir və mənliyimin bir parçası olaraq görünürdü. O anlarda sinəmdəki bu qara dəliklə yaşamaq bir az daha rahat olurdu, amma yenə də bu sualı tez-tez verirdim özümə: “Bu soyuq hardan gəlir?”
Lamiyənin məni konsertə çağırdığı gün də eyni şeyi hiss etdim. Həmin boşluqdan içimə üşütmə yayılarkən “Hara?” soruşdum, burnumun ucuna qədər gəlmiş eynəyimi yuxarı qaldıraraq. Birinci dəfədən açıq-aydın eşitsəm də, sanki ikinci dəfə soruşsam, başqa bir cavab alacağammış ümidi ilə soruşmuşdum bu sualı. Üzümdə zəka yarışmalarında oyunçuların “Sualı bir də təkrar edə bilərsiniz?” deyərkən üzlərində yaranan o hesablayıcı ifadə yarandığını və bu ifadənin məni nə qədər axmaq kimi göstərdiyini təsəvvür edə bilirdim.
“Dənizə, Əli. DƏ-NİZ”, - dedi Lamiyə gözlərini süzərək. Sanki bir metr məsafədən atdığı açarı tuta bilməmişəmmiş kimi tənəli ifadə ilə baxırdı mənə.
“Olmaz”, - dedim. Lamiyənin üzündə yaranan xəyal qırıqlığını görməmək üçün üzümü noutbukuma döndərib,. guya proyektim üzərində işləyirəmmiş kimi göstərdim özümü.
“Olmaz?”
“Yəni gələ bilmərəm”, - dedim. Niyə olmaz demişdim ki?
“Bu dəfəki bəhanən nədir?”, - dedi Zaur. Ağızımı açmağa imkan vermərəyərək: “Heç birini qəbul eləmirəm. İmtahanlar bitib. Yay başlayır. Hamımızın istirahətə ehtiyacı var. Sən isə dünyada buna ehtiyacı olan ən birinci insansan.”
Görəsən doğurdan da uzaqdan elə görünürdüm?
Lamiyə universitetə girdiyim ilk gündən bəri ən yaxşı dostum olmuşdu. Sonra Zaur qatılmışdı aramıza, amma indi hər ikisini həyatıma qəbul etdiyim üçün peşman idim. “Gedərik, amma dənizə yox”, - dedim. Dəniz kəliməsinin özü belə on fincan acı kofeyə bərabər idi mənim üçün.
“Niyə insanların istirahət anlayışı dəniz kənarında lejankada oturub əllərində kokteyl içərkən günəş vannası qəbul etmək olmalıdır ki?”
“Məsələ günəş vannası deyil”, - dedi Lamiyə. “Bir yerdə hər yerə getmişik, ancaq dənizə yox.”
“Ömrümüzün axırına kimi getməsək nə olacaq ki?”, - dedim və gülərək Zaura baxıb təsdiq almağa çalışdım, amma Zaur istədiyimi mənə vermədi.
“Yaxşı”, - dedi Lamiyə. “Bunu ora gedəndə sizə sürpriz edəcəkdim”, - əlini cibinə atıb biletləri çıxardı. “Hamımız əylənərik deyə, düşünmüşdüm” dedikdən sonra biletləri stolun üstünə ataraq: “Amma görürəm ki, elə deyilmiş”, - deyib, qapını hiss olunacaq qədər sərt bir şəkildə çırpıb getdi.
Onsuz da reklamını görmüş olduğum konsertin biletlərini əlimə alıb, ilk dəfə görürəmmiş kimi baxdım. Lamiyənin ən sevdiyi Milk&Shake adlı pop qrupu Sea Breez-də konsert verəcəkdi. Böyük ehtimalla, Lamiyə biletləri mənim ona sürpriz edəcəyimi düşünmüş – son vaxtlar yemək aralarında durduq yerdə o qrupdan söz açmağının başqa açıqlaması ola bilməzdi – və uzun müddət bunu məndən gözləmişdi. Əvvəl-axır bu ikimizin də ən sevdiyi qrup deyildi? Həqiqət o idi ki, bu qrupa nifrət edirdim. Heç bir mahnısını bəyənməsəm də, hər necəsə Lamiyənin qəlbini qırmamaq üçün qulaq asmağa o qədər məcbur qalmışdım ki, az qala özüm də bir Milk&Shake fanatı olduğuma inana bilərdim.
Əgər Lamiyə belə düşünürdüsə, deməli, bu rolu indiyə kimi çox yaxşı oynamışdım. Lamiyə kimi bir dost üçün davamını etməyə də hazır idim, amma… Dəniz?
“Çox robot kimi hərəkət edirsən, Əli”, - dedi Zaur. “Hərdən səni çimdikləyib, o dərinin altında dəmir, yoxsa ət olduğuna əmin olmaq istəyirəm.”
“Nə danışırsan?”
“Biz Lamiyə ilə hətta mərc gəlmişdik ki, sən biletləri alıb, ona hədiyyə edəcəksən. O konsertdən xəbərin olmaması mümkün deyildi.”
“Xəbərim yox idi”, - deyə yalan dedim.
Zaur da hər necəsə yalan dediyimi bilirmiş kimi təəssüflə baxdı üzümə. “Niyə belə edirsən?”
“Nə edirəm ki?”
“Bu”, - dedi məni göstərərək. “Həmişə nəyisə gizlədirsən. Ya vecinə deyil? Bir az empatiya qura bilsəydin...”
“Mənim o qrupdan zəhləm gedir”, - dedim. Zaurun sözləri məni çox qıcıqlandırmışdı. “Onsuz da Lamiyə ilə dinləmək kifayət qədər zəhlətökəndir, bir də gedib canlı qulaq asmaq istəmirəm”, - üzümü komputerin ekranına çevirib kod yazmağa davam etdim.
“Bu bəhanədir, ya doğrudan deyirsən?”
“Əgər o qədər empatiyalı idinizsə, niyə mənlə empatiya quran olmadı?”, - dedim. Bir anlıq bunu Zaura deyil, keçmişdən gələn başqa birinə deyirəmmiş kimi hiss etdim. Bir tərəfdən bu doğru idi.
Ekranın mavi işığı eynəklərimdə əks olunarkən Zaura dəli kimi görünürdüm yəqin. Bəzən kənardan bunu deyənlərin olduğunu eşidirdim. Özümə fikir vermirdim. Dahilərin bütün dünyanın gələcəyini dəyişəcək möhtəşəm kəşfi etməmişdən əvvəlki mərhələsində imişəm kimi hiss edirdim özümü. Yeganə pis tərəfi o idi ki, mən bir dahi deyildim və belə bir kəşf etməyəcəkdim. Bəzən özümü insanlarla ağıllı şimpanzelərin yenicə sülh bağladığı dünyada insanların universitetinə qəbul olmuş yeganə şimpanze kimi hiss edirdim. Qızların mən keçərkən üzlərində boğub saxladıqları gülüşü arxamca əldən çıxmış təyziqli su borusu kimi buraxdıqlarını eşidirdim. Oğlanlar daha açıq sözlü idi. Zaur mənə gülümədiklərini, hətta xoşlarına gəldiyim üçün belə etdiklərini demişdi. Lamiyə isə oğlanların məni qısqandıqlarını deyirdi. Özü də deyərkən hər ikisi çox ciddi görünürdülər. Yəqin ki, bu da onların bir zarafatı idi. Heç vaxt öyrənmək cəsarəti göstərməmişdim. Bu cür xırda şeyləri vecimə almağı buraxmağımdan çox vaxt keçmişdi. Həyatda insanı incidəcək daha ağır şeylər vardı və mən onlardan kifayət qədər yaşamışdım.
Zaur orda olub-olmadığını soruşduracaq qədər səssiz qaldıqdan sonra: “Əgər Milk&Shake-dən nifrət edirdinsə, niyə bu qədər vaxtdır özünü onları dinləyirmiş kimi göstərirdin ki?”, - dedi.
Mən yaşamaya-yaşamaya özümü yaşayırammış kimi göstərəkən bunu məndən soruşmaq nə qədər düzgündür? deyə düşündüm. Təbii ki, bunu demədim. “Sadəcə Lamiyəyə xoş olsun deyə”, - cavab verdim.
“Lamiyəyə xoş olsun deyə?”, – sözlərimə inanmırmış kimi gülümsəyərək: “Axı niyə?”, - soruşdu.
Bu suala olan cavabım qürur duyacağım bir cavab deyildi. O qədər deyildi ki, bunu sözlərlə ifadə etdikdən sonra özümü şəhərin ən yüksək körpüsündən atmalı olduğumu düşünürdüm.
Lamiyə ilə universitetin kitabxanasında tanış olmuşduq. İlk görəndə onun üçün hiss etdiyim şey acıma ilə qarışıq təəssüf hissi idi. İnsanları xarici görünüşünə görə dəyərləndirməyin etik olmadığını bilirdim, amma məncə bunu hamımız edirik və fikirlərimizi içimizdə tutduğumuz müddətcə bunun heç kimə bir ziyanı olmurdu. Bəlkə də, çox gözəl qızların özləri bu problemi heç vaxt yaşamayacaqlarını bildikləri üçün qıcıqlandırıcı bir rahatlıqla dedikləri o “çirkin qadın yoxdur, baxımsız qadın var” sözünə yeganə istisna idi Lamiyə. Bir möcüzənin baş verməyəcəyi təqdirdə heç vaxt oğlanın rəqsə dəvət edəcəyi ilk qız olmayacaqdı. Hətta heç rəqsə dəvət edəcək qız qalmasa belə. Lamiyə bu oyunu doğulandan uduzmuşdu. Ayrı-ayrılıqda gözəl görünən basıq burnu, qarabuğdayı dərisi, qıvrım saçları, nazik dodaqları, iri gözləri vardı amma bir araya gəldikləri vaxt yaratdıqları sima tanrının bəzi insanlara qarşı olan insafını sorğulatdırırdı. Buna baxmayaraq, Lamiyə sadəcə iddiasız, çirkin görünüşündən ibarət olmadığını anlayıb qəbul etmişdi, ya da mən bunu belə anlamışdım.
Məncə, gözəl və yaraşıqlı insanlar həyata bir sıfır öndə başlayırdılar. Onlar üçün insanların ən çox ehtiyac duyduğu şey olan əlaqə qurmaq problem deyildi. Hər kəs gözəl insanların ətrafında olmaq, onlarla danışmaq, əlaqə yaratmaq istəyirdi. Mən və Lamiyə kimi insanlar üçün isə bu, heç də asan deyildi və məncə, ikimiz üçün də həyatda necəsə önəmli olduğumuzu hiss etmək üçün çox çalışıb, uğurlu olmaqdan başqa bir çarəmiz qalmırdı. Kitabxanalar bunun üçün ən mükəmməl yer idi. Eləcə də dostluqların başlaması üçün. Lamiyə ilə ilk danışığımız bir ərgən Netfliks serialına mükəmməl ssenari olacaq qədər yaxşı başlamışdı. Mən götürdüyüm kitabı rəfə geri qaytararkən o da yaxınlaşıb: “Şükür allaha, elə bildim, heç vaxt bitirməyəcəksən”, - deyərək həmin kitabı götürmüşdü.
“Nə?”, - demişdim.
“Bir həftədir bunu almaq üçün gəlirəm”, – kitabı havada yellətmişdi – “və həmişə də sən məndən əvvəl gəlib götürmüş olursan.”
“Üzür istəyirəm, bilsəydim, gec gələrdim”, - demişdim ciddi bir şəkildə.
Bir anlıq ciddi olub-olmadığımı yoxlayırmış kimi məni süzdükdən sonra gülməyə başlamışdı. “Bunu heç gözləmirdim. Kobud nəsə deyib, məni qovacağını düşünmüşdüm.”
“Yox, niyə elə bir şey edim ki?”, - demişdim.
“Bilmirəm”, – gözlərini qaçıraraq: “İnsanlarla çox da yaxşı yola getmirəm”, - demişdi.
“Mən də”, - çıxmışdı ağzımdan və bu, dostluğumuzun başlanğıcı olmuşdu.
Hər ikimizin öz fərqli üsullarımızla insanları özümüzdən uzaqlaşdırmaq “qabiliyyətlərimiz” vardı. Lamiyə bir az acıdil sayılacaq qədər kobud idi, mən isə yanında oturub, sıxılmaqdan öləcəyiniz sakit və maraqsız bir adam.
Universitetə qəbul olduğumu bildiyim gün etdiyim birinci şey keçmişi geridə qoyub, yeni bir insan olacağıma və həyatımı dəyişəcəyimə dair içdiyim and olmuşdu. Ən yüksək balı toplayıb, bəlkə də ilk dəfə bütün ailəmin dəstəyini ətrafımda hiss edərkən bu cür qərar üçün bundan mükəmməl bir gün ola bilməzdi. O anda doğru görünən başqa bir şey bu yolda mənə dayaq olması üçün allaha edəcəyim dua olmuşdu ki, ardıyca etdiyim şey bu idi. Nənəmdən xatırladığım qədəri ilə ala biləcəyim ən yaxşı dua vəziyyətini alıb, əllərimi boşluğa açmışdım və Allahdan məni bağışlamasını istəmişdim.
Nəyə görə bağışlanmaq istədiyimi tam olaraq bilmirdim. Deyəsən universitetə qəbul olma xəbərimi eşidən valideynlərimin diqqətini görüb, Allahın da o cür davranacağını düşünmüşdüm. Valideynlərimi məmnun edə bilmişdimsə, o görünməz şeyi də məmnun etmək çox mümükün görünmüşdü birdən-birə. Bunu edərkən ən çətin anlarımda heç vaxt yanımda olmamış bir varlığa etdiyim duanın mənasız olduğu fikrini beynimdən atmağa çalışmışdım. Duamda tam olaraq nələr dediyimi xatırlmasam da, əsas məğzinin özümdə xəstəlik kimi gördüyüm homoseksuallığımın sağalması idi. Bir baxıma həyatımda hər şeyin yaxşıya doğru getdiyini düşünməyə başlayırdım və daha yaxşı bir həyatı homoseksual olmayacağım bir həyatda görürdüm.
Və beləcə, bir gün Lamiyənin mənə qarşı olan isti münasibətini hiss etməyə başlayanda düşündüyüm ilk şey özümlə duyduğum qürur olmuşdu. Aramızda olan əl tutuşmalarının, göz kontaktlarının, mənasız gülüşlərin kəmiyyəti artıqca mən bunu həm dəyişiklik, həm də Allahdan gələn lütf kimi görməyə başlamışdım. İlk dəfə hansısa bir qızdan bu cür münasibəti görmək o müqəddəs mətnlərdəki möcüzələrdən biri kimi görünmüşdü. Özümü kök insanların əvvəl və sonra şəkillərindəki “sonra” kimi hiss edirdim. Axır ki, dəyişmişdim, ya da ən azından dəyişirdim. O duadan sonra düşüncəli bir şəkildə daha az feminin hərəkətlər etməyə, daha çox “kişi” kimi görünməyə başlamışdım. Ya da “çalışmışdım” deməliyəm? Bunun fərqi nə idi ki? Əvvəl-axır Allah da “səndən hərəkət, məndən bərəkət” demirdimi?
Sanki Allah yatdığım gecələrin birində gəlib, gizli bir lobotomiya əməliyyatı keçirmiş və beynimdə xarab olan hər şeyi düzəltmişdi. Universitetdə, nəqliyyatda, küçədə qarşı-qarşıya gəldiyim qızlarla aramızda keçən maqnetik baxışmaların sayı günü-gündən artırdı. Oğlanlardan daha çox həm də. Bunu dəyişməkdə olan fiziki görünüşümlə deyil, Allaha etdiyim duanın möcüzəsinə bağlamışdım. Bundan daha axmaq –ya da “utanc dolu” deməliyəm - bir düşüncə isə Allahın həyat yoldaşı olaraq Lamiyəni qarşıma çıxarmağını düşünməyim olmuşdu. Birlikdə çox yaxşı zaman keçirirdik; söhbətimiz tutur; zövqlərimiz uyğunlaşır; deyib-gülür və bəlkə də heç vaxt heç kimin bizə olmadığı qədər bir-birimizə qarşı səmimi olurduq. Lamiyə odlu-alovlu, tez özündən çıxıb, bir o qədər də tez özünə gələn, mən isə oturduğum yerdə varlığımı unutduracaq qədər sakit bir insan idim. Bütün bunlar Lamiyəni “o” kimi görmək üçün kifayət qədər məqbul səbəb kimi görünürdü.
O vaxlar özümü Lamiyədən istifadə edirmiş kimi hiss etmirdim. Gözləyirdim. Bunun dəyişmə prosesimin bir parçası olduğunu fikirləşirdim və bir dəfə bitdikdən sonra hər şeyin yaxşı olacağını düşünürdüm: həm mən, həm də Lamiyə üçün.
Di gəl ki, heç vaxt bitmirdi. O möcüzə baş vermirdi və buna görə Allahı günahlandırmaq günah olduğu üçün özümü günahlandırırdım.
Beynimdə tamamilə başqa bir həyatı yaşasam da, bədənim israrla ispanağı rədd edib, peçenye istəyən uşaq kimi düşündüklərimi rədd edirdi. Hələ də oğlanları düşündükcə bədənimə xüsusi bir oyanma gəlirdi. Sərin suyun içinə gimişəmmiş kimi, sözün yaxşı mənasında nəfəsim daralırdı. O qədər xoş olurdu ki, sonrasında peşman olacağımı bilməyimə baxmayaraq buna əngəl ola bilmirdim. İsti havalarda oğlanların boğazlarını, danışarkən tərpənən hulqumlarını izləməyi çox sevirdim. Təraş olunduqdan sonra qaz dərisi kimi görünən məsaməli dərilərinə, qalxıb-enən hulqumlarına nə qədər istəsən, baxa bilərdim.
Lakin qızlarla bu, heç vaxt baş vermirdi. Bir ömür boyu metro nəzarətçisi işləmək kimi mənasız, darıxdırıcı, hətta qorxuducu gəlirdi. Özümü məcbur etsəm belə, alınmırdı, sevmədiyiniz fənnin imtahanına hazırlaşmaq kimi idi.
Yenə də niyyətimdən dönmür, hətta Allahın hələ də məni sınamağa davam etdiyini düşünürdüm. Özümə onun sədaqətimi testdən keçirdiyi ilə bağlı hekayələr uyduraraq ümidlə yaşayırdım. Vaxt keçdikcə Allahın mərhəmətini görmək ümidi məni dinin daha dərinlərinə getməyə məcbur edirdi ki, bunun heç bir əyləncəli tərəfi yox idi. Düşündükcə İlkinlə olan münasibətimizə görə dərin bir utanc və qəzəb duyurdum və Allahın məhz qəzəbləndiyi üçün onu məndən aldığını düşünməyə başlayırdım. Sonralar buna “Allahın bizi ayırması” adını qoyacaqdım. Çox vaxt bu fikirlərə qədər gəlib-çatdıqdan sonra soyuq su ilə əl-üzümü yuyub, güzgüdə özümə baxırdım. Yumruğumu sıxıb güzgüdəki şeyi paramparça etməkdən özümü güclə saxlayırdım. “Ancaq bundan sonra tövbə edib doğru yolu tutanlar istisnadır. Şübhəsiz ki, Allah bağışlayandır, rəhm edəndir” yazılmışdı müqəddəs kitabda. Bu cümlənin hər daim ürəyimi rahatlaşdırdığını deyə bilməzdim, amma ən azından ümid verirdi. Nənəmdən də bu barədə kifayət qədər hədis, ya da müqəddəs kitabda keçən əhvalat eşitmişdim.
“Mən sadəcə onun xoşbxtliyini istəyirəm”, - dedim Zaura.
“Məncə, siz ikiniz də bir-birinizə ziyan vurursunuz”, - dedi Zaur. “O cür sifətlə baxma. Siz... Bir-birinizin adamı deyilsiniz axı. Sən...”
“Mən nə?”, - dedim.
“Bilmirəm, Əli. Hərdən sənin yaşadığını belə düşünmürəm. Nəsə hiss etdiyinə, duyduğuna inana bilmirəm.”
Bu sözünə bacarıqsız bir şəkildə gülsəm də, Zaurun ciddi ifadəsi qarşısında gülüşüm soldu.
“Buranda nələr baş verir, anlaya bilmirəm”, işarə barmağıyla alnına vurdu.
“Bunu əvvəllər də danışmışdıq. Xasiyyətimlə bağlıdır, vəssalam. Mən yaxşıyam”, - üzümü kompüterimə çevirərək dedim.
“Düz deyirsən”, - desə də səs tonundan bunun əksi duyulurdu. “Mən gedirəm”, - dedi və qapıya gedib dayandı. “Əli, çalış ki, insanları yanında tutmağa çalışarkən onları özündən daha da uzaqlaşdırma. Görüşərik.”
Qarşımdakı kompüteri Zaurun ardıyca tolazlamaqdan özümü güclə saxladım.
Qapı bağlandıqdan sonra eynəyimi çıxarıb, üzümü ovuşdurdum. Eynisini sinəmə də edib, dərin bir nəfəs aldım. Gözlərimi yumdum. Dəniz. Qum. Bağ evimiz. İlkin. Sevinc. Balıqçı köşkü. Məktəbin arxası. Məni dövrəyə alan uşaqlar. Qayıq. Yenə İlkin... Gözlərimi açdım.
Zaur haqlı idi. Mən yaşamırdım. Sadəcə nəfəs alır və nələrinsə olmağını gözləyirdim. Öz içimdə həbs olunmuşdum. Hər hansı bir amnistiya qərarını, ən pis halda isə cəzası başa çatandan sonra azadlığa çıxacağını gözləyən məhbus kimi.
İllərin bezginliyi çiyinlərimə çökdü. O an ən çox istədiyim şey yer üzündən silinib-getmək oldu. Niyə mübarizə aparırdım ki? Niyə hər şeyi düzəltməyə çalışırdım? Bu qara yel hardan gəlirdi?
Uzun müddət keçmişdi. Allahın məni düzəltməsini gözləyə bilməzdim. Onsuz da mənim inancım tam olaraq inanc sayılmırdı. Bu, daha çox gizli bir müqavilə idi. Gizli bir şərt. Ürəyimdə məni düzəldəcəyi təqdirdə tamamilə dinə təslim olub yaşayacağımı şərt qoşmuşdum. Amma heç bir şey olmamışdı. Belə bir şeyə inanmaq istəməyimin özü belə axmaqlıq idi. Əgər allah vardısa, çox güman ki, məndə onu qıcıqlandıran bir şey olmalı idi ki, öz köməyini məndən əsirgəmişdi. Müqəddəs kitabda onun hər bəndəsini sevdiyi və bağışladığı ilə bağlı mətnləri oxuduqdan sonra başqa bir şey düşünə bilmirdim.
Dəniz. Qum. Bağ evimiz. İlkin. Sevinc. Balıqçı köşkü. Məktəbin arxası. Məni dövrəyə alan uşaqlar. Qayıq. Yenə İlkin...
Başımı qaldırdım. Telefonu əlimə aldım və Lamiyəyə zəng edib, konsertə gələcəyimi dedim. Telefonu qızğın bir dəmir parçasını atırmış kimi stolun üstünə atdıqdan sonra verə biləcəyim ən yalnış qərarı verdiyimi anlamışdım. Ya da aralı pəncərəni daha çox araladığımdan qorxmuşdum desəm, daha düzgün olar? Hər nə olursa, olsun, həyat mənə qorxularımla üzləşməkdən başqa bir çarə buraxmamışdı.
Ardı var…
Powered by Froala Editor