Əvəz Hafizlinin qətli Freedom House hesabatında
Freedom House insan haqları təşkilatı internet azadlığı ilə bağlı növbəti illik hesabatını açıqlayıb
21/Oct/22
1308
Əvəz Hafizlinin qətli Freedom House hesabatında
Freedom House insan haqları təşkilatı internet azadlığı ilə bağlı növbəti illik hesabatını açıqlayıb. Hesabat 1 iyun 2021 - 31 may 2022 tarixləri arasında dövrü əhatə edir.
İnternetə Avtoritar Müdaxiləyə Qarşı Mübarizə (Countering the Authoritarian Overhaul of the Internet) adlı hesabatda Azərbaycan azad olmayan ölkələr sırasına daxil edilib.
Hesabatda Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrinə qarşı sosial media vasitəsilə həyata keçirilən çoxsaylı təzyiq halları qeyd olunub.
Onların arasında jurnalist və LGBTQ+ aktivisti Əvəz Hafizlinin təqib olunması da yer alıb. Hesabatda deyilir:
“2021-ci ilin sentyabrında frilans jurnalist və LGBTQ+ fəalı Əvəz Hafizli yeni açılmış restorandakı hadisəni işıqlandırarkən yerli mühafizəçilər tərəfindən döyülüb. Elə həmin ay Hafizli videoblogger Sevinc Hüseynovanın hədəfinə çevrilib, hansı ki, ona və Azərbaycan trans icmasının digər üzvlərinə qarşı zorakılığa çağırış edib. Hafizli 2022-ci ilin fevralında öz seksual oriyentasiyasına görə əmisi oğlu tərəfindən qətlə yetirilib.”
Hesabatda həmçinin qeyd olunur ki, qısnamalar Azərbaycanın onlayn mühitində geniş yayılmış haldır. Belə ki, 2022-ci ilin mart ayında biri İnstaqram, digəri Teleqram olmaqla iki qrup haqqında LGBTQ+ icmasını təqib etmə və nifrət və zorakılığı yaymaqla əlaqədar müvafiq platformalara şikayət edilib.
Hesabatda 2021-ci ildə qadın fəalların və jurnalistlərin təqiblərə məruz qalmasına, şəxsi fotoşəkillərinin internetə sızdırılmasına və onlara qarşı Beynəlxalq Qadınlar Günü ilə əlaqədar hücumlar dalğasına da vurğu edilib.
Powered by Froala Editor