Sərhəddən kənar: 

Türkiyəyə miqrasiya edən LGBTQ+ vətəndaşlar

Azərbaycanda LGBTQ+ vətəndaşlar sistematik transfobiya, kuirfobiya və əxlaq normalarına görə evsizləşdirilir, yaşama və sığınma haqlarını qorumaqda çətinlik çəkirlər. Son iki ildə Azərbaycanda LGBTQ+ kimliyinə görə üç nəfər öldürülüb. Bu məqalədə danışılan hekayələr ən yaxın və daha təhlükəsiz olduğu iddia edilən Türkiyəyə miqrasiya edən azərbaycanlı LGBTQ+ vətəndaşların hekayələrinin toplusudur. Məqalədə respondentlər hekayələrini Minority Azerbaijan üçün danışıb. 

Hekayələr bəziləri üçün narahatlıq verici ola bilər: Gender Resurs Mərkəzi Azərbaycanda LGBTQ+lərə psixo-sosial dəstək göstərir və lazımi şəraitlərdə əlaqə saxlamaqdan çəkinməməyiniz tövsiyyə olunur.

“O petuxlarla gəzir, lezbiyanlarla siqaret çəkir”

Özünə “azad bir quşam” deyən Azad 2017-ci ildə, 19 yaşı olarkən ailəsinin onu trans-maskulin olduğu üçün evə bağlaması səbəbindən artıq ölkədən qaçmalı olub.

“18 yaşımda bibim qızı sosial şəbəkədə məni gördü və kimliyimi ailəmə ifşaladı. Bir gün evə gəldim ki, anam ağlayır və hər şeyin skrinləri ona göndərilib.”

“Bir gün bibim bizə əri ilə gəldi və ailəmə tapşırdı ki, telefonumu əlimdən alsınlar və məni evə bağlasınlar. Mən psixo-sosial reaksiyalara dözmədiyim üçün evdən çıxdım”, - deyir Azad. 

Azadın sözlərinə görə, Sabunçu rayon polisinə evdən çıxacağı ilə bağlı məktub yazsa da, Daxili İşlər Nazirliyi bu məktubu oxumayıb və Azadı məcburi evə gətirərək qaçırıb. Məktuba yalnız evə bağlandıqdan 6 ay sonra cavab verilib.

Bilinməyən fotoqraf və evdəki məhkəmə

İnstitusional transfobiya Azərbaycanda yaranmış nifrət cərəyanlarının əsas atəş sütunlarından ibarətdir ki, bu, artan ehtiyacları, hər gün qarşımıza çıxan problemin öhdəsindən gəlmə qabiliyyətimizi əngəlləyir. Minority Azerbaijan üçün danışan Azad deyir: “Bir gün mənim dostlarımı polis qaçırdı və 2 gün bölmədə saxladı ki, oraya gedim, sənədləri imzalayım. Bilirdim ki, məni qaçıracaqlar və ailəmə təhvil verəcəklər. Ailəm isə şəhərdə məni axtarırdı. Axırda məcbur olub getdim və mənə dedilər ki, “valideynlərindən kimsə gəlib, sənin yaxşı olduğunu görməlidir”. Yalan olduğunu bilsəm də gözləməyə məcbur oldum. Elə anam gələndə polis dedi ki, “saat 8-dir və bölmə bağlanır”, beləcə məni içəridən çıxardılar, döyərək və söyərək maşına mindirdilər. Bu zamanda bir fotoqraf da qıraqdan bizi çəkirdi. Onu polislər qovmağa çalışsa da etiraz etdi və həmin anları lentə aldı. Lakin sonra nə fotoqrafı, nə də şəkilləri bir daha görə bildim.”

[Minoritydə daha çox oxu: “Mən qanunsuz miqrantam”]

Azad deyir ki, ailəsi evdə qohumları yığaraq “məhkəmə” tərtib edib və ona hər gün nəzarət edərək 10 ay evdə saxlayıblar. Daha sonra bir neçə həftə xahiş edərək yarım saatlıq çölə çıxıb. Bir gün isə birbaşa hava limanına gedib və gecikməkdə olan təyyarəyə xahiş edərək minib: “Türkiyədə hər şey yaxşı deyildi, amma daha yaxşı idi. Dost çevrəm və təhlükəsiz mühitim var idi. Hazırda sənəd işinə görə təkrar Bakıdayam, narahat olduğum üçün də yenə buradan gedib-getməməyi düşünürəm.”

Qardaş dövlət: kuirfobiyada çiyin-çiyinə

Səidə deyir ki: “Türkiyə ilə bağlı ciddi ümidlərim yoxdur, əgər Azərbaycan olmasaydı, Avropanın ən homofob ölkəsi olacaqdı”.

17 mayda nəşr olunan, 49 Avropa ölkəsində LGBTİ+lərin hüquqi və siyasi vəziyyətini sıralayan ILGA-Avropanın illik Rainbow Europe Map and Index - Göy qurşağı Avropa Xəritəsi və İndeksi son 12 ayda LGBTİ+ hüquqları üzrə irəliləyişlərin olmadığını qeyd edib . Bu xəritədə Azərbaycan 49-cu, Türkiyə isə 48-ci yerdədir.

Səidə 2010-cu ilə qədər Bakıda yaşayıb. Daha sonra lezbiyan olduğuna görə ailədaxili zorakılıq görməyə, həyati təhlükə ilə qarşılaşmağa məcbur qalıb. Buna görə də Səidə məcbur evlənib və Türkiyəyə gedib: “Əslində bəlkə də həll etməyə çalışmaq yerinə, oradan öz məhdud imkanlarıma qaçmağı seçdim. Evlənərkən daha qaranlıq günlərə dəvətnamə verdiyimi bilmirdim. Azərbaycandan gedərək hər şeyimi – özümü orada qoydum.”

Türkiyədəki icmalarla tanışlıq

“Türkiyəyə ilk getdiyim periodlarda oradakı feminist icmalara qoşulmuşdum. Lakin həmin icmalarda qarşılaşdığım homofobiya mənə onların yetərsiz olduğu hiss etdirdi, buna görə də LGBTQ+ icmaları ilə sosiallaşmağa başladım. İlk zamanlarda Azərbaycanın tarixi münaqişələrinə görə ciddi şəkildə irqçi rəftarlar görürdüm və bu dövrdə onlara özümü qəbullandırmaq üçün daimi cəhd etdiyimi müşahidə etdim. Tanış olduğum dostlarım, eləcə də ekstravert xarakterim səbəbilə adaptasiyam çox da vaxt almadı. Paralel şəkildə, özüm də bilmədən Azərbaycan gündəmini izləməyi dayandırmışam. Bunun səbəbi şüuraltı özümü sağalmaq cəhdimdir.”

“Şamplena!”

O, hazırki əhvalını belə ifadə edir.

Hər kəs üçün getmək bir o qədər çətin olmur. Məsələn Arzu* deyir ki, getdiyi zaman bir az göz yaşı, biraz da kədər olub, lakin situasiya Türkiyənin bir şəhərində daha tez dəyişib.

“Ünsiyyət gözəldir, məni ilk dəfə görən şəxslər türk olduğumu və İstanbul türkçəsi ilə danışdığımı deyərdilər.”

“Könül rahatlığı ilə gözüm arxada qalmadan gedərkən heç bir problem yaşamadım. Azərbaycanda təcavüz, zorakılıq görmüşəm. Hər dəfə məktəbdən gələndə ailəm yaralarımı görəndə “yıxıldım” deyirdim”, - deyir Arzu. O qeyd edir ki, türkcə “kanka” (dost, azərbaycanca “qaqa” əvəzi) kəlməsini eşitdikdə narahat hiss edir və “qaqa” sözünü xatırlayaraq travmatizə olur. Hətta çalışır ki, olduğu şəhərdə tanımadığı azərbaycanlılarla çox az danışsın.


Azərbaycanda LGBTQ+lər arasında açıq sorğu keçirilərək hazırda Azərbaycanda yaşayanların fikirləri ilə bağlı Əli Məlikovun səhifəsində statistika hazırlanıb. Belə ki, 189 nəfərin iştirak etdiyi sorğuda 71.9% (138 nəfər) insan Azərbaycanda LGBTQ+lər üçün vəziyyətin yaxşı olmadığını, bu səbəbdən getmək istədiyini bildirib. 13.5% (25 nəfər) insan Azərbaycanda ümumi vəziyyətin ürəkaçan olmadığı bildirsə də, yenə də qalmaq istədiklərini qeyd ediblər. 11.5% (21 nəfər) insan hazırki vəziyyətinin yaxşı olmasına baxmayaraq getmək istədiklərini, sorğuda iştirak edən yalnız 3.1% (5 nəfər) insan Azərbaycanda vəziyyətin yaxşı olduğunu və qalmaq istədiyini bildirib.

Azərbaycan LGBTQ+ üçün Avropanın ən təhlükəli ölkəsi hesab edilir. Buna səbəb insanların gender kimliyinə görə hökumət tərəfindən yaradılmış problemlərlə üzləşmələridir. Məsələn, rəsmi məlumata görə, 2017-ci ilin sentyabr ayında Bakıda polisin LGBTİQ+ reydi zamanı 83 nəfər saxlanılıb, polis bölmələrində, o cümlədən təcridxanada döyülmə və işgəncə halları qeydə alınıb.

Nəfəs LGBTİ+ təşkilatı 2017-ci ildə LGBTQ+ ovlarından əziyyət çəkənələrlə işləyib. Nəfəs LGBTİ+dən Vahid Əliyev Azərbaycandan LGBTQ+lərin Türkiyəyə gəlmə səbəblərinin Azərbaycanda vəziyyətin daha pis olması olduğunu, təbii ki, Türkiyədə də vəziyyət elə də ürəkaçan olmadığını bildirib.

“10 nəfər Türkiyənin fərqli şəhərlərinə gəlmişdi. Türkiyədə icmalar daha fərqli formalaşıb, trans icmalar gettolaşıb. Bu, müsbət hal olmasa da, transların daha sıx və təhlükəsiz yaşamaları üçün düşünürəm ki, insanlar buna görə buraya gəlmişdi. Azərbaycanda isə trans cinayətləri artmağa davam edir, Əvəz Hafizli öldürüldü, faşist blogger Sevinc Hüseynova nifrət nitqini dayandırmadı”, - Vahid deyir.


Hazırladı: Əli Məlikov

Powered by Froala Editor