REAL TV-nin LGBTQ+ bayrağına hücumu
Azərbaycan hökuməti ilə əlaqəli telekanal olan REAL TV 17 May - İDAHOBİT münasibətilə qaldırdığı göy qurşağı bayrağını öz reportajlarında hədəf göstərib
19/May/23
1293
REAL TV-nin LGBTQ+ bayrağına hücumu
Azərbaycan hökuməti ilə əlaqəli telekanal olan REAL TV 17 May - Beynəlxalq Homofobiya, Bifobiya və Transfobiya ilə Mübarizə günü münasibətilə Britaniya Səfirliyinin ənənəvi olaraq qaldırdığı göy qurşağı bayrağını öz reportajlarında hədəf göstərib. Bu barədə kanalın Facebook səhifəsində bir neçə material yayımlanıb.
Materiallardan birində Britaniya səfirliyinin önündən canlı yayım aparılıb. Aparıcı Qəndab Məmmədova səfirlikdən LGBTQ+ bayrağını qaldırmaqlarının səbəbini soruşduqlarını, səfirliyin isə 17 May - Homofobiya və Transfobiya Əleyhinə günlə əlaqədar bunu etdiklərini bildirib. Aparıcının sözlərinə görə, Landmark binasının meneceri binanın həmin hissəsinin səfirliyə icarəyə verildiyini və bu kimi hallara görə Landmarkın məsuliyyət daşımadığını deyib.
Reportajda deyilib ki, “LGBTQ+ bayrağı milli mentalitə və ailə dəyərlərinə ziddir və bu halların baş verilməsi və Landmark menecerliyinin bu kimi hala göz yumması qəbuledilməz və yolverilməzdir.”
Digər videonun isə başlığı “Yağışdan sonra çıxan gey qurşağı” adlanır. Reportajda britaniyalıların “kişi və qadın arasında fərqi itirdikləri” vurğulanıb. Ardınca Britaniya səfirliyinin yerləşdiyi Landmark binasının sahibi hədəf göstərilir və LGBTQ+ bayrağının asılmasında onun da məsuliyyət daşıdığı bildirilib.
Həmçinin o da qeyd olunub ki, 2018-ci ildə Niderland səfirliyinin dəstəyi ilə Landmark binasında LGBTQ+ məzmununda 2 film nümayiş olunub və Landmark rəhbərliyi buna da göz yumub.
Eyni gün axşam saat 21.00 radələrində yayımlanan digər canlı yayımda aparıcı Qəndab Məmmədova təkrar Britaniya səfirliyinin qarşısında dayanıb və LGBTQ+ bayrağının yığışdırıldığını bildirib. Lakin reportajdan aydın deyil ki, bayraq 17 may gününün sonu ilə əlaqədar, yoxsa Real TV-nin tələbi ilə aşağı salınıb.
Powered by Froala Editor