Estoniya eynicinsli nikahları leqallaşdırıb

Estoniya eynicinsli evlilikləri leqallaşdırıb, bu haqda CNN məlumat verib. 

Estoniya parlamenti çərşənbə axşamı eynicinsli nikahları qanuniləşdirən ilk post-Sovet ölkəsi olub. Mətbuat açıqlamasında deyilir ki, parlamentin ölkədəki Ailə Qanununa düzəlişləri qəbul etməsindən sonra iki yetkin insan “genderindən asılı olmayaraq” evlənə biləcək. 

Qanuna edilən düzəliş 1 yanvar 2024-cü ildə qüvvəyə minəcək. Ailə Qanununa edilən düzəlişlər həmçinin eynicinsli cütlüklərin övladlıq götürməsinə icazə verir. Estoniyada yalnız evli cütlüklər övladlıq götürə bilər, baxmayaraq ki, tək gey, lezbiyan və biseksual şəxs də övladlıq götürmək üçün müraciət edə bilər.

“Hər kəsin sevdiyi və istədiyi şəxslə evlənmək hüququ olmalıdır”, - Baş Nazir Kaja Kallas bildirib. “Bu qərarla biz, nəhayət ki, evlilik bərabərliyini təmin edən digər Skandinav ölkələri, eləcə də dünyanın digər demokratik ölkələri ilə eyni cərgədə yer alırıq.”

“Bu qərar heç kimi heç nədən məhrum etmir, lakin bir çoxlarına əhəmiyyətli bir şey bəxş edir”, - o vurğulayıb. “Bu, həmçinin bizim cəmiyyətimizin bir-birilərinə qarşı qayğıkeş və hörmətli yanaşmasını nümayiş etdirir. Mən Estoniya ilə qürur duyuram.”

Estoniya İnsan Haqları Mərkəzinin 2023-cü ilin aprelində apardığı sorğu göstərib ki, estonların 53%-i “eynicinsli cütlüklərin evlilik haqqının olduğuna” inanır.

Bu, 2012-ci ildən aparılmağa başlayan sorğularda ən yüksək faiz göstəricisidir. O dövrdə müsahibərin 60%-i nikah bərabərliyinə qarşı idi.

“Mən LGBT+ icmasının bu illər ərzində nümayiş etdirdiyi səbr və anlayışa görə dərindən minnətdaram”, - Estoniyanın Sosial Müdafiə Naziri Signe Riisalo qeyd edib. 



Powered by Froala Editor