Transfobun həzin sonu
Mən Ələkbər. Trans kişiyəm. Avqustun 1-i, saat 11:30 radələrində başıma gələn bir əhvalatı sizinlə bölüşmək istəyirəm.
Həmin gün Ulduz metrosu tərəfdə yerləşən “Həştərxan iş mərkəzi”nə getmişdim. İçəri daxil olub, iş danışmağa gəldiyimi dedim. Ordakı işçi növbədə adam olduğunu, əyləşib gözləməli olduğumu bildirdi. Əyləşmək üçün getdikdə, bir nəfər mənə danışmaq üçün gəldiyim iş yerinin adını deyib, ardınca “Hansı vəzifə?” deyə soruşdu. Mən həmin şəxsin o şirkətdə işlədiyini düşünüb, cavab verdim. Daha sonra mənə belə xitab etdi:
- Qulağındakı nədi? Şurupdu?
- Yox, sırğadır.
Bu sualı “İş yerində icazə olmaz” deyə anlamışdım. Çünki bir neçə gün əvvəl bu mövzu ilə bağlı başqa bir iş yeri də mənə demişdi. Getdikcə suallar daha iyrənc vəziyyət almağa başladı:
- Qızsan, yoxsa oğlan?
Bu sual məni ən qəzəbləndirən sualdır. O an “oğlanam” deyib, sonra da ordan getməyi düşündüm. Amma işə ehtiyacım var deyə, susub şəxsiyyət vəsiqəmdə qeyd olunanı demək məcburiyyətində qaldım. Yavaş səs tonu ilə ona dedim. Özümü çox diskomfort hiss edirdim. Sonra o əlavə etdi:
- Deyirəm axı, qulağında sırğa var. Amma ayağın tüklüdü deyə, ortada qaldım. Niyə ayağını qırxmırsan?
Bu yerdə artıq iş qəbulunu düşünmədən, aqressiyamı göstərdim. Üstəlik, məkanda tək olmadığım halda utanmadan mənə bu şəkildə sözlər deyən birinə nə qədər susmaq olar ki?!
- Bu nə deməkdir? Ayağımı qırxmaq məcburiyyətindəyəm?
- Hə də, qızsan, ayaqda tük olmamalıdır.
- Bu harda yazılıb? Nə dəxli?
- Yox, saxlamamalıdır. Heç sinən də yoxdu.
- Nə danışırsınız siz? Sizə nə aidiyyatı var ki, sinəm var, ya yox? Bu nə danışıqdır? Ümumiyyətlə mənimlə ünsiyyət qurmayın!
Öz-özünə deyinməyə davam edirdi. Artıq əsəbdən gülməyə başlayacaqdım, güclə özümü saxladım. Telefonda kiməsə yazırmışam kimi, başıma gələn hadisənin saatını və s. qeyd etməyə başladım. Ardıyca yanımda olan dostuma: “Əlimə tam xəbər üçün material keçdi. İndi görər, nə edirəm”, - deyib, əlimlə həmin şəxsi göstərib, üzünə baxdım.
Daha sonra qapını açıb çıxdım və telefonumu təyyarə rejiminə qoyub, kiməsə yığıram kimi etdim. Telefonu qulağıma qoyub, sanki məsələni artıq ictimailəşdirməyə başlayıram kimi davrandım. Geri çevriləndə gördüm ki, içəridə həmən şəxs dostuma yaxınlaşıb. Dostumun dediyinə görə, həmin şəxs qorxaraq ona “Mənim haqqımda danışırdı?” tərzində sual veribmiş. O isə “”Bilmirəm, qardaş” deyərək ünsiyyəti kəsib. Bir az danışırmış kimi edib, içəri girdim və ardıyca da həmin şəxsin adını və soyadını soruşdum. O isə:
- Nə? Nə oldu? Nə edirsən?
- Sənin etdiyini yayıram. İndi deyirsən adını və soyadını?
- Nə etdim ki, mən?
- Sən gic-gic sual verəndə olar, amma mən sənə ad-soyad soruşanda olmaz?
- Nə sual verdim ki?
- Xoşuna gələrmi, mən sənin saqqalına, sinəndəki tükünə nəsə desəm?
- Hamımız müsəlmanıq da.
Bu cümləni 4-5 dəfə təkrar etdi. Mən artıq yorulub:
- Müsəlman deyiləm. Dinin bu məsələyə nə adiyyatı var?
- Yox, yayma, başıma problem açma. Üzr istəyirəm.
Bu şəkildə üzr istəməyə başladı. Mən isə telefonda yenə yazırmış kimi edib, onu daha da təlaşlandırdım. Qismən əsas məqsədimə çatmışdım. İçimdə düşünməyə başladım ki, məndən yaxşı aktyor olarmış. Ardınca mənə:
- Mənim Ədliyyədə işləyən qardaşım var.
- Lap yaxşı, mənim çox yerdə işləyən tanışım var. Ona da barmaq edərik, problem deyil.
Əslində aydın idi ki, məqsədi məni qorxutmaqdır. Amma iş işdən keçmişdi. Əgər bağlamağa meyilli olmasa idi, artıq həqiqətən dostuma zəng edib, bildirəcəkdim. Sonra o əlavə etdi:
- Yox, o mənada demədim. Birdən işdən çıxararlar onu, etmə belə şeylər.
Mən artıq daha çox uzadıb, mövzunun qüvvəsini itirmək yerinə, onun qarşısında tələb qoydum:
- Səsli və yüksək şəkildə, burda olan hər kəsin yanında üzr istə.
- Üzr istəyirəm, bir dənə qardaşım işdən çıxmasın. Üzr istəyirəm.
Daha sonra dostuma dönüb vurğuladım: “Bax, bir dənə “hə” desəm, paylaşacaqlar. Cavab gözləyirlər.” Həmin şəxs yenə üzr istədi. Bu dəfə ona tərəf çevrilib sözümü yekunlaşdırdım:
- Bax belə. Bir də insanları tanımadan, onların xarici görünüşünə görə bu şəkildə danışma. Bilmirsən, kim kimdi, başına nə oyun açar.
Ən pisi odur ki, orda bir nəfər də olsun, mühafizəçi yox idi. Orda olan heç kəsin reaksiya göstərməməsi isə məni daha çox yaralamışdı.
Sadəcə onu deyə bilərəm ki, nə qədər çox sussaq, üstümüzə bir o qədər çox gələcəklər. Bu hadisə gecə baş versə idi, eyni reaksiya verə bilərdimmi, ya yox, bilmirəm. Ümidvaram, bu cür hadisələr yenə başımıza gəlməz. Amma və lakin, qarşılaşdığınız halda, bacardığınız qədər özünüzü itirməyin və ən əsası, qarşı tərəfi təlaşlandıra biləcəyiniz bir nüans tapın.
Powered by Froala Editor