Orta əsrlərdə intersekslik
Doğuş zamanı valideynlər və sağlamlıq mütəxəssisləri tərəfindən əməliyyata qərar verildiyi müasir müdaxilədən fərqli olaraq, orta əsrlərdə intersekslər özlərinə uyğun hiss etdikləri genderi seçə bilirdilər
05/Sep/23
1559
Orta əsrlərdə intersekslik
Doğuş zamanı valideynlər və sağlamlıq mütəxəssisləri tərəfindən əməliyyata qərar verildiyi müasir müdaxilədən fərqli olaraq, orta əsrlərdə intersekslər özlərinə uyğun hiss etdikləri genderi seçə bilirdilər. Lakin onlar səhv seçim etsəydilər, homoseksual münasibətlərdə və qanundan kənara çıxmaq barədə ittiham olunurdular. Onların qərarı nə olursa olsun, alim Miri Rubinin “Formadakı şəxs: Orta əsrlərdə bədən nizamına qarşı çağırışlar” adlı məqaləsinə görə, seçim “heteroseksual oriyentasiya olmalı idi”. Əgər kişi olmağı seçmişdilərsə, seksual sapma ittihamlarından qaçmaq üçün qadınla cütləşməli idilər. Bununla belə, gender doğum zamanı da təyin edilə bilər. Michel Foucault-a görə, çox vaxt körpənin genderini xaç atası vəftiz zamanı təyin edərdi. Uşaq yetkinlik yaşına çatdıqdan və evlənməyə hazır olduqdan sonra doğuş zamanı ona təyin olunmuş genderdə qalmaq istəyib-istəmədiyinə qərar verə bilərdi. Bu nöqtədə onlar dəyişə bilərlər, lakin sonradan sapma ilə bağlı hər hansı narahatlığı aradan qaldırmaq üçün seçimlərinə sadiq qalmalı idilər. Ancaq interseks şəxs nikah borcunu ödəyə bilmədikdə, həyat yoldaşına nikahı pozmağa icazə verilirdi.
Kilsə nə dedi?
Dini narahatlıqlar hermafroditlərin nikahı tamamlaya bilməməsi ətrafında mərkəzləşmişdi. Kilsə Qanununda ər-arvadın birliklərini həyata keçirə bilmələri və uşaq dünyaya gətirə bilmələri vacib idi. Qanunvericilərin seksual sapma ilə bağlı narahatlıqları və homoseksual davranışı qadağan etmələri kanonistlər tərəfindən dəstəklənmişdi. İlahiyyatçı Peter Çanter hermafroditlər haqqında yazırdı:
“Kişinin kişi ilə, qadının qadınla yaxınlığı deyil, yalnız kişi və qadın arasında yaxınlıq olmalıdır. Bu səbəbdən kilsə hermafrodit, yəni hər iki cinsin orqanlarına malik, aktiv və ya passiv funksiyaları yerinə yetirə bilən birinə daha oyanıq və ya daha həssas olan orqanından istifadə etməyə icazə verir. Lakin əgər o, bir orqanı ilə uğursuz olarsa, digərinin istifadəsinə heç vaxt icazə verilə bilməz və Allahın nifrət etdiyi sodomiyanın inversiya roluna bənzərlikdən qaçmaq üçün həmişə subay olmalıdır.”
Qanunun gözündə olduğu kimi kilsənin gözündə də həmişə bir cins üstünlük təşkil etməlidir. Yenə də diqqət fiziki problemə yönəlməmişdi, interseks insanların ictimai ədəb-ərkan və orta əsrlər “normaları” üçün yaratdıqları ictimai problemə yönəlmişdi.
İnterseks: orta əsrlərdə baxış
İnterseks insanlara dəhşətli kimi baxırdılar və əhali arasında ümumiyyətlə onlardan çəkinirdilər. Allahdan hər hansı bir sapma vəhşilik sayılırdı. Tanrının şəhərində Avqustin hermafroditləri özünün bədheybətlər siyahısına daxil etmişdi. Orta əsr fransız şairi Eustache Deschamps daha da irəli getmişdi və “Contre les Hermaphrodites” adlı lənətə gəlmiş əsərini yazmışdı:
“Yumşaq çənə, oğul Hermafrodit,
Qadınsifət, təbiətin qüsuru,
Ürəyi zəif, bütün fəzilətlərdən məhrum,
Ancaq çirkinlikdən başqa bir şeyə meylli olmayan
pisliklə dolu...
Saqqallı qadın, saçsız kişi, bu, hamıya təhqirdir.
Onlarla görüşmək bədbəxtlikdən başqa bir şey deyil,
Və onların baxışları heç kimin xoşuna gələ bilməz.
Hər iki növdən cinsi istifadə edirlər,
Mən onları öz vaxtımda tanımışam,
Etibarsız, vəfasız, şeytani”
Orta əsrlərdə tibbi izah: hermafroditizmə nə səbəb olurdu?
Vəziyyətin səbəbləri ilə bağlı bir neçə olduqca maraqlı orta əsr nəzəriyyəsi var idi. Məşhur inanclardan biri yeddi hüceyrəli uşaqlıq idi. Uşaqlığın hər tərəfində üç bölmədən ibarət iki boşluğun olduğuna inanılırdı. Bir tərəfdə erkək olan üç isti diviziya, digərində isə dişi olan üç soyuq diviziya var idi. Mərkəzdə nə kişi, nə də dişi olan bir boşluq qalmışdı və bu yeddinci hüceyrədə hermafrodit yaradılmışdır.
Orta əsr həkimlərinin başqa bir izahı spermanın mənşəyinin - istər sağ, istərsə də sol testis - körpənin cinsini təyin etməsi idi. Əgər sol xayadan gələn sperma uşaqlığın sağ hissəsinə daxil olsaydı, bu, “kişi kimi” qadınla nəticələnərdi. Sağ xayadan gələn sperma uşaqlığın sol tərəfinə getsə, bu, “qadına xas” bir kişi meydana gətirərdi.
İnterseks fərd sosial nizama təhlükə kimi baxılırdı və onların bədənləri nəzarət altında saxlanılmalı idi. Hətta “rasional” tibbi izahatlarla belə, orta əsr dünya nizamında interseks üçüncü cins kimi qəbul edilmədi. Orta əsr kilsə xadimləri, hüquqşünaslar və əhali cəmiyyətdə fəaliyyətini davam etdirmək üçün interseks fərdin müvafiq “qutuya” sığacağını gözləyirdilər.
İstinadlar
Hermaphroditism in the Western Middle Ages: Physicians, Lawyers and the Intersexed Person, “Studies in Early Medicine I – Bodies of Knowledge: Cultural Interpretations of Illness and Medicine in Medieval Europe”, BAR International Series 2170 (2010) pp. 27-37
Miri Rubin, The Person in the Form: Medieval Challenges to Bodily Order, “Framing Medieval Bodies”
Mənbə :Intersex in the Middle Ages
Tərcümə: Aleks Şah
Powered by Froala Editor