Kuir şagird məktəbdə döyülüb
225 nömrəli məktəbin 11-ci sinif şagirdi Aleks Şah məktəbin 1-ci mərtəbəsində döyülüb
28/Sep/23
1665
Kuir şagird məktəbdə döyülüb
225 nömrəli məktəbin 11-ci sinif şagirdi Aleks Şah məktəbin 1-ci mərtəbəsində döyülüb. Bu haqda şagirdin özü Minority Azərbaycana məlumat verib.
Onun sözlərinə görə, artıq illərdir ki, məktəbdə gender rollarına tabe olmadığı üçün şagird və müəllim heyəti tərəfindən sistematik bullinq və qısnamaya məruz qalır. Daha öncə verdiyi şikayət əsasında onu gözümçıxdıya salan müəllim töhmət alsa da, qısnama davam etdiyi üçün o, bir müddət məktəbə getməyib.
Sentyabrın 27-si, məktəbə getməyə başladığı 2-ci gündə Aleks məktəbin müşahidə kamerası quraşdırılmayan 1-ci mərtəbəsində 10-cu sinif şagirdi tərəfindən (adı etik səbəblərdən açıqlanmır) döyülüb və nəticədə yerə yıxılıb. Daha sonra təpik zərbələrinə məruz qalıb və yerdə süründürülüb. Aleks deyir ki, digər insanların müdaxiləsi sayəsində o, xilas ola bilib.
Hadisə barədə xəbər tutan məktəbin direktoru və direktor müavini onun oxuduğu sinif otağına gəlib və onun başına gələnləri məsxərəyə qoyub. Aleksin sözlərinə görə, onu təşkilatlar tərəfindən qızışdırılmaqda, hansısa saytlara material yazaraq pul qazanması üçün hadisələri şişirtməkdə ittiham ediblər.
“Mənə deyirdilər ki, 1500 uşağın qarşısını ala və bullinqlə mübarizə apara bilməzlər. Guya mən özüm insanlara gəl-gəl deyərək, qızışdırıram və bu hadisələrə səbəb oluram. Direktor Eminova Sevda Əli qızı məsələni bağlamağımı və ictimailəşdirməməyimi tələb edirdi.”
Şagird bildirib ki, Elm və Təhsil Nazirliyinə şikayət edə bilmir, çünki daha öncə verdiyi şikayət əsasında məktəbə gələn rəsmi nümayəndə qanunda “cinsi oriyentasiya” sözü olmadığı üçün onu qoruya bilməyəcəklərini və məktəbdə heç bir ideologiya təbliğ etməməli olduğunu, cəmiyyətin normalarına uyğunlaşmalı olduğunu bəyan edib.
Aleks təhlükəsizliyi ilə əlaqədar bir daha məktəbə getməyəcəyini və bu məsələni ictimailəşdirməkdə insanlardan kömək istədiyini deyib.
Powered by Froala Editor