Azərbaycanın trans icması ədalətə qovuşa biləcəkmi?
Qorxu və Qəzəb: Azərbaycanın trans icması ədalətə qovuşa biləcəkmi?
26/Mar/24
2182
Qorxu və Qəzəb: Azərbaycanın trans icması ədalətə qovuşa biləcəkmi?
Müəllif : Aleks Şah
Trans icma üçün Azərbaycanda yaşamaq əlverişsizdir, lakin mövzu seks işçisi translara gəldikdə, bu, demək olar ki, mümkünsüzür. Transgender Avropa təşkilatının yayımladığı xəritəyə əsasən, Azərbaycan trans hüquqlarına görə Avropanın ən pis ölkəsidir.
8 martda feministlər ənənəvi olaraq aksiya keçiriblər. Aksiyada qürur bayrağı açılıb və LGBTQI+ icması hökumətə etiraz və tələblərini bəyanat oxuyaraq bildirib. Lakin 3 gün sonra icma arasında işgəncə ilə qətlə yetirilmiş trans qadının görüntüləri yayılıb.
Minority Azərbaycan jurnalı xəbər verir ki, 29 yaşlı Aytən 12 mart gecə saatlarında Bakının Xocasən qəsəbəsi ərazisində qətlə yetirilib.
İcma üzvləri deyir ki, Aytən gecə saatlarında həmin qəsəbədə seks işçiliyi edən trans qadınlardan biridir.
O, ödəniş müqabilində müştərilərə seks xidməti göstərirdi. Lakin bu, onun üçün heç də asan başa gəlməyib. Hər ay demək olar ki, ən azı bir trans qadın müştəri tərəfindən qısnama, zorakılıq, təhdid və ya işgəncə görür.
Lalə* Aytənin ölüm xəbərini aktivistlərə çatdıran trans qadındır. O, Aytənin seks işçisi trans qadın olduğuna görə müştəri aqressiyasının qurbanı olduğunu düşünür.
“Dostlar mənə Aytənin cəsədinin şəklini atanda bir anlıq dəhşətə gəldim. Aytənin bədəni ağır işgəncələrə məruz qalıb. Artıq bəsdir. Hər keçən gün aramızdan birinin azaldığını hiss edirəm. Cəsəd şəkli görməkdən artıq yuxularımı qatıram.”
Lalə* trans icmaya qarşı baş verən hücumların təsirindən psixoloji narahatlıqlarının yarandığını deyir.
Aktivistlər qətlin detallı təfərrüfatlarını öyrənməkdə çətinlik çəkdiklərini bildirirlər. Onlar Aytənin sənəddəki rəsmi adı, yaşadığı ünvan və yaxınları haqda heç bir məlumatlarının olmadıqlarını deyirlər.
10-a yaxın fəal cinayətin araşdırılması, qatilin saxlanılması və ictimaiyyətə məlumat verilməsini tələb edərək, cəsədin şəkli ilə birlikdə Daxili işlər Nazirliyinə və Baki Şəhər Baş Polis idarəsinə elektron ərizə göndəriblər. Lakin onlar geri dönüş almayıblar.
18 martda icma işçisi Merlin* 102 qaynar xəttinə zəng edərək hadisəni danışıb və araşdırılmasını istəyib.
Daha sonra Suraxanı rayonu 32-ci polis bölməsindən polis əməkdaşı Merlinə* işin araşdırıldığını, narahat olmamağını deyib, fəal qətlin təfərrüfatları, polisin adı, Aytən haqqında məlumat ala bilməyib.
Daxili İşlər Nazirliyinin sözçüsü Anar Qafarov çərşənbə axşamı bildirib ki, nazirliyin məsələ ilə bağlı məlumatı yoxdur və bununla bağlı təfərrüatların “Facebook”da paylaşılıb-paylaşılmadığını soruşub. O, nazirliyin bütün qətl işlərinin araşdırdığını deyib.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Aysel Həsənova isə zənglərə cavab verməyib.
Bir neçə gün əvvəl Lalə* qeyri-rəsmi öyrənib ki, Aytən kirayə qaldığı evdə partnyoru ilə mübahisə yaşayıb.
Mübahisə partnyorun xidmətdən sonra ödənişdən imtinası zamanı baş verib. Nəticədə, Aytən partnyor tərəfindən qətlə yetirilib. Hadisə zamanı qonşular hürküdücü səslər eşitdiyindən ev sahibinə məlumat verib. Ev sahibi hadisə yerinə gələrək qorxub və iyrənib, cəsədi Xocasən dairəsinə tullayıb.
Bu məlumat ictimaiyyətə rəsmi olaraq açıqlanmayıb.
Keçən il eyni ərazidə Hülya Sadıqova adlı seks işçisi trans qadın xüsusi amansızlıqla qətlə yetirilib. Bu barədə icmaya məlumat verən onun xalası qızı olub və qətl cəsədin tapılmasından 2-3 gün əvvəl baş verib. Həmin dövrdə Hülyanın dostları onun anası ilə əlaqə saxlayaraq Hülyanın yoxa çıxdığını və tapa bilmədiklərini xəbər veriblər.
Bu hadisədən sonra sentyabrın 24-də başqa bir trans qadın Aysel müştəri qismində evinə gələn kişi tərəfindən qətlə yetirilib. Onun qətli mediada müzakirə olunmayıb. Ad gününü yenicə qeyd edən Aysel təssüf ki, dünya ilə erkən vidalaşmalı olub.
Gender tədqiqatçısı Leyla Həsənovanın sözlərinə görə, translar ölkədə siyasi və sosial aspektdən imtiyazsız insanlardır. Bu imtiyazsızlığın siyasi səbəblərdən olduğunu nəzərə alanda onların qətlləri xüsusilə araşdırılmalıdır.
“Azərbaycan qanunvericiliyində LGBTQİ+ üçün heç bir xüsusi maddə yoxdur. Bu isə LGBTQİ+ların əleyhinə işləyir. Translar cəmiyyətin ən imtiyazsız fərdləridir”, - Həsənova deyib. “Trans vətəndaşlar ölkənin sosial, mədəni və siyasi dəyərlərində legitim vətəndaş hesab edilmədikləri üçün onların taleyi və həyatları da legitim qəbul edilmir. Dolayısıyla, transları məruz qoyduqları zorakılıqlarla nə cəmiyyət, nə də güc strukturları maraqlanır,” - Leyla Həsənova Queer Radar üçün müsahibəsində vurğulayıb.
Azərbaycanda seks işçiliyi qadağandır.
Bu əmək sektoru ilə məşğul olanlar inzibati olaraq cərimələnir. Hökumət, tabeliyində olan qurumlar, təşkilatlar, hökumətə bağlı QHT-lər seks işçilərinin hüquq və müdafiəsini dəstəkləyən heç bir fəaliyyət göstərmir.
ILGA-Avropanın 2024-cu il İllik İcmalına əsasən, Azərbaycanda keçən il bir trans kişiyə hücum olunub, trans aktivist təqib edilib, trans məktəbli bir ildə iki dəfə zorakılığa məruz qalıb, iki trans qadın qətlə yetirlib və 3 trans vətəndaş həbs edilib.
*Repondentlərin təhlükəsizliyi üçün adlar dəyişdirilib
Powered by Froala Editor