Qəzzada sülh arzusunda olan rəssam

Müəllif və tərcümə: Vahid Əliyev

2021-ci ildə fələstinli rəssam Heba Zagout “Qəzza Sülhü” adlı rəsm əsəri çəkib. 95 x 94 sm ölçülərində olan akril rəsm Qəzzanı onlarla dini ziyarətgah, məbəd və kilsə ilə bəzədilmiş ahəngdar və dinc bir şəhər kimi təsvir edir. Şəhərin sıx məskunlaşmasına baxmayaraq, rəsmdə hər kəs gözəl bir şəkildə birlikdə yaşayır. Qara, ağ və bozun müxtəlif çalarları ilə rənglənmiş, Zagout-un təsəvvür etdiyi şəhər indiki günün aydın kölgəsidir – bir çox fələstinlilərin arzuladığı, lakin heç vaxt görə biləcək qədər yaşaya bilməyəcəyi uzaq bir reallıqdır. 

Qəzza Sülhü

Zagout öz rəsmində mövcud işğalı dinc gələcəyə dair bu baxışa maneə kimi tanıyır. Qəzza ətrafında olan divarlar kimi şiddətli dalğalar da şəhərin girişini bağlayır. Onilliklər boyu əhali arasında fərq qoymayan bomba və güllələri göstərmək üçün o, səmanı qanlı qırmızıya boyayıb. Açıq zülm əlamətlərinə baxmayaraq, Zagout bizə fələstinlilər üçün sülh və birgəyaşayış üçün davamlı ümidin hələ də üstünlük təşkil etdiyini xatırladır. Qəzzanın qanlı səmalarında ağ göyərçinlər uçur. Onlar Fələstin naxışları ilə bəzədilmiş qanadlarla azad və dinc gələcək üçün kollektiv ümidi simvollaşdırır.

“Qəzza Sülhü” rəsmini tamamladıqdan təxminən iki il sonra Zagout xəyal etdiyi bir gələcəyi görmək imkanından məhrum edildi. 13 oktyabr 2023-cü ildə Zagout və dörd övladından ikisi hava hücumu nəticəsində öldürüldü. 

Adsız

Adsız

Qüdsdə Gecə


Powered by Froala Editor