Paris 2024 Oyunlarının Açılış Mərasimi necə qarşılanıb?
Paris 2024 Olimpiya Oyunlarının Açılış Mərasimi Azərbaycanda necə qarşılanıb?
02/Aug/24
893
Paris 2024 Olimpiya Oyunlarının Açılış Mərasimi Azərbaycanda necə qarşılanıb?
Paris 2024 Olimpiya Oyunlarının açılış mərasimi Qərb ölkələrində olduğu kimi, Azərbaycanda da fikir ayrılıqlarını əks etdirən müzakirələrə səbəb olub. Tədbir LGBTQİ+ mövzularının və simvollarının canlı nümayişi ilə müxtəlifliyi və inklüzivliyi qeyd etsə də, eyni zamanda mütərəqqi ideallar və ənənəvi dəyərlər arasında davamlı gərginliklə gündəmə gələn müəyyən insanların və medianın ciddi reaksiyası ilə üzləşib.
Yerli siyasətçi Natiq Cəfərli “Yaşasın əsl liberalizm!” başlığı ilə paylaşdığı Facebook postunda mərasimin ənənəvi dəyərlərə və Olimpiadanın tarixi mahiyyətinə hörmətsizlik olduğunu iddia edib. Təşkilatçıların "qlobalist" gündəmi təbliğ etdiyinə görə mərasimi tənqid edib. O, dini simvolların təhqiramiz şəkildə təsvir edilməsindən qəzəbləndiyini bildirib və təşkilatçıları Olimpiadanın müdafiə etdiyi əsas dostluq və ədalət prinsiplərini pozmaqda ittiham edib.
Natiq Cəfərlinin ifadələri müəyyən mühafizəkar ideologiyaların qəbul edilməsi və fərqli kuir fikirlərin marjinallaşması ilə bağlı daha geniş narahatlığa işarə edib. Bu əks reaksiya kuirliyin artan təsirinə qarşı müqaviməti və onun oturuşmuş ictimai normalar qarşısında yaratdığı təlaşı üzə çıxarıb.
Ənənəvi ictimai strukturlarda möhkəmlənmiş binar iyerarxiyaları dekonstruksiya edən və onlara meydan oxuyan kuirlik bütün açılış mərasimi boyunca hiss olunub. Drag sənətçilər və gey rəqqasların çıxışları ilə azadlıq və sevgiyə vurğu sadəcə müxtəlifliyin bayramı deyil, heteronormativ paradiqmalara birbaşa çağırış olub. Bu, müxtəlifliyi bütün formalarında əhatə edən müasir, irəli düşünən cəmiyyəti əks etdirən güclü inklüzivlik və qəbuletmə ifadəsi kimi Olimpiya tarixinə düşüb. Eyni zamanda, bu yenilik açılış mərasimini öz milli-mənəvi, dini-əxlaqi, mədəni-mənəvi əsaslarının aşınması kimi qəbul edənlərlə inklüziv və proqressiv cəmiyyət arzulayanlar arasında fərqi də üzə vurub.
"Qeyd etmə" adlı səhnə epizodlarından birində drag modellər Leonardo da Vinci-nin "Son Şam yeməyi" kimi stilizə edilmiş masa arxasında əyləşiblər. Daha sonra LGBTQİ+lar qürurla səhnədə parad keçiriblər, ardınca art-direktor Tomas Jolly-nin “azadlıq və sevgi” məvhumlarına həsr olunmuş çıxışı olub. Bu tamaşada iki kişi rəqqas öpüşüb. Kuir estetikanın bu açıq nümayişi tarixən millətçilik və gender və seksuallığın ənənəvi təqdimatları ilə zəngin olan ənənəvi Olimpiya mərasimlərindən köklü şəkildə uzaqlaşma olub.
Paris 2024-ün açılış mərasimi üzərində düşünəndə aydın olur ki, kuirlər tarix boyu həyatın bir çox aspektindən kuir olduqları üçün kənarlaşdırılmamalıdır. İnklüzivlik fərqli dəyərlərə sahib olanları uzaqlaşdırmaq hesabına baş verməməlidir. Mütərəqqi və ənənəvi dəyərlər arasındakı gərginliyi azaltmaq üçün insanlara fərqli fikirlər, ifadə azadlığına, artistik azadlığa hörmət aşılanmalıdır. Orta əsrlər dövründən qalmış dini mühafizəkarlıq heç kimi irəli aparmayacaq. Birlik rəmzi olan Olimpiya Oyunları insanları bir-birindən ayırmaq yox, birləşdirmək üçün platforma rolunu oynamalıdır. Kuir mədəniyyətinin qeyd edilməsi inklüzivlik üçün irəliyə doğru atılmış əhəmiyyətli bir addımdır və bu, çox vacibdir, çünki kuirlər tarix boyu marjinallaşdırılıb və həyatın müxtəlif aspektlərindən uzaqlaşdırılıb.
Açılış mərasimi ilə bağlı ətraflı reportaj üçün redaksiyamızın məqaləsini buradan oxuya bilərsiniz.
Powered by Froala Editor