İşsiz, mənzilsiz: Azərbaycanda translar təcrid olunurlar
Bu məqalə OC-Media üçün ingiliscə versiyada hazırlanıb və müəllifin özü tərəfindən Minority Azərbaycan üçün tərcümə olunub
22/Aug/24
823
İşsiz, mənzilsiz: Azərbaycanda translar təcrid olunurlar
Bu məqalə OC-Media üçün ingiliscə versiyada hazırlanıb və müəllifin özü tərəfindən Minority Azərbaycan üçün tərcümə olunub.
Sosioekonomik problemlər azərbaycanlı transların gündəlik həyatlarının bir parçasıdır. Translar tez-tez cəmiyyətdə təhqirlərə, zorakılığa və ayr-seçkiliyə məruz qalırlar. Bu stiqma onların sosial münasibətlərinə və cəmiyyətdəki mövqelərinə mənfi təsir edir. Qiymət artımı, işsizlik və bürokratik əngəllər transların ikiqat marginallaşması ilə nəticələnir və onların təməl ehtiyaclara çıxışına mane olur.
Aşpaz olan 29 yaşlı Dürdanə 2 ildən çoxdur ki, trans olduğu üçün işsizdir. Dürdanənin daha əvvəl işlədiyi trans-dostu məkan bağlandıqdan sonra o, iş tapa bilməyib.
“Məkan bankrot olandan sonra işsiz qaldım. O yer mənə sərf edirdi, çünki göz qabağında olmurdum və yalnız mətbəxdə işləyirdim. O vaxta qədər getdiyim hər yerdə diskriminasiyaya məruz qalmışdım. Buna görə də düşünürəm ki, iş yerində təhlükəsiz mühit müdriyyətdən asılıdır.”
Dəfələrlə işlərə müraciət etsə də, qarşılaşdığı vəziyyət minimum əməkhaqqı ilə 12 saat çalışdıran iş yerləri olub. Hətta köhnə müdiri məsələyə qarışsa da, Dürdanə iş tapa bilməyib.
Təkrarlanan zorakılıq
Hazırda Bakıda yaşayan 23 yaşlı Ayan illərdir ki, seks işçiliyi ilə məşğuldur. O, uşaqlığından bəri ailəsi və qohumları tərəfindən zorakılıqla üzləşib. Anası onu dəfələrlə psixoloqa aparıb və məcburi testosteron veriblər.
“Anam feminin hərəkətlərimə görə məni dəfələrlə vurub. Düşünürdüm ki, bəlkə rayondakı geylərlə gəzmişəm deyə, qız kimiyəm. Uşaqlığımdan bilirdim ki, oğlanlara marağım var. Ailəmin şiddətinə görə epilepsiya xəstəliyim də yaranıb. Anam hətta feminin davranışlarıma görə bədənimə qızdırılmış bıçaq basıb, başımı isidiciyə çırpıb.”
Ayan deyir ki, onu hətta qohumları da döyüb. O isə sonra evdən qaçıb və ata nənəsinin yanına gedib. Böyüyəndə isə Bakıya gəlib və çayxanalarda işləməyə başlayıb. O, uzun müddət Bakıda öz gender kimliyini gizlədib. Deyir ki: ”Anam [tranzisiya keçirdiyimi] bilsəydi, özünü də, məni də benzinlə yandıracağını deyirdi deyə, çox qorxurdum. Daha sonra isə qazandığım pul yaşamağıma bəs etmirdi deyə, məcbur qalıb seks işçiliyinə başladım.”
Dürdanə problemləri səbəbindən romantik münasibətində də zorakılıq halları yaşayıb.
“Partnyorum ilə birgə narkotik istifadəsinə başlamışdım. Bir müddət sonra düşünə bilməyəcək dərəcəyə gəlmişdik. Aludəçiyə çevrilmişdik. Bir-birimizə təhdidlər yağdırmağa başladıq, hətta partnyorum məni ölümlə də hədələyib. Bir müddət sonra isə pulumuzu narkotikə xərclədiyimizdən, evsiz qaldıq”, - Dürdanə keçmiş günlərini xatırlayaraq köks ötürür.
Bu zaman Dürdanə düşünüb ki, iş tapa bilmək üçün ənənəvi maskulin görünüşə qayıtsın. O, hormonu dayandırıb, saçlarını kəsib. O dövr üçün saçlarını kəsmək onun ayaqda qalmaq mübarizəsi idi, necə ki, əvvəllər saçlarını uzatmaq belə idi. Daha əvvəl tranzisiya əməliyyatlarına da girmiş Dürdanə artıq nə maskulin, nə feminin olaraq sosial mühitlərdən keçə bilmirdi.
“Bir çox iş yerləri məni uşağa bənzədirdi, sonra məni “oğlana çevrilən qız” kimi başa düşürdülər və mənə fərqli bəhanələr verirdilər. Hətta 5 dəfə iş üçün müqavilə bağlasam da, sonradan iş verənlərin fikirləri dəyişib. Daha əvvəl metroda texniki dəstək işinə düzəlmək də istəmişəm. Bütün sənədlərimi Fövqəladə Hallar Nazirliyinin poliklinikasına göndərdim, amma bütün müraciətlərim cavabsız qalıb. Yəqin, dövlətin feminin və maskulin görünən hər iki keçmiş datama çıxışı olub və bunu görüblər”, - Dürdanə əlavə edir.
Ayan sonra dostlarının adına ev tutub, çünki heç bir makler ona dəstək olmayacağını deyib. Hamısı ona deyirmiş ki, özünü yormasın, Azərbaycanda heç kim transa ev verən deyil.
“Tarqovu”da bir oğlan tanış olmaq üçün mənə yaxınlaşdı. Yanımda isə rəfiqəm var idi. Rəfiqəmin saçları rəngli idi. Oğlan mənə qışqıraraq dedi ki, ”Yekə qızsan. Özünə hörmət et. Yanında niyə petux hərləyirsən?”Biz çox sınmışdıq və şokda idik. u təhlükələrdən qorunmaq üçün məcbur oluram ki, özümü sıxım və kamuflyaj olum.”
Dürdanənin çətinliyini anlamayan bəzi LGBTQ+ icma üzvləri də ona mənfi reaksiyalar verib. O, gülərək əlindəki siqarı söndürür və deyir: “trans oğlan dostum “belə etməklə sən insanların güvənini itirirsən” demişdi”. Dürdanə məcbur hiss edib ki, icmasından da uzaqlaşsın. Əvvəllər dəstək gördüyü icmadan artıq dəstək görmürdü. Eləcə də düşünüb ki, narkotikə görə dostlarına zərər gələ bilər.
“Bir müddət sonra narkoloji mərkəzə gedib müalicə almağa başladım. Çünki biz partnyorum ilə o qədər dalaşdıq ki, işimiz polisə getmişdi. Mən aylarla hər kəsdən təcrid olunmalı oldum. Heç kimə əlim çatmırdı və özümü çox bədbəxt hiss edirdim.”
Sistemli təzyiq
Gender Resurs Mərkəzi Azərbaycanda LGBTQ+lara psixo-sosial dəstəklə məşğuldur. Gender Resurs Mərkəzinin sosial işçisi Aida Mirzəyeva sosial-iqtisadi problemlərin cəmiyyət tərəfindən diskriminasiyaya da gətirdiyini deyir.
“Fobik yanaşma da bütün sferalarda özünü göstərir. Əsasən kuir və translara fobik davranışlar səbəbindən işsizlik mühitinin yarandığını görürük. İqtisadi azadlığını dayanıqlı olaraq təmin etməyə çalışanlar isə öz kimliyini basdırmalı olurlar. Hətta iş yerlərində seksual qısnama, fiziki zorakılıq halları da olur. Xüsusən trans icmasının iş tapması daha da çətindir, bu səbəbdən əksər translar məcburi seks işçiliyi etməli olur, ya da zorakı partnyorları ilə çətin iş mühitində qalmalı olurlar. Bu hallar həm fiziki, həm mental durumlarına təsir edir. Dolayı yaranan problemləri də həll edə biləcək dəstək mexanizmləri yoxdur. Trans icmasına dəstək göstərən xəstəxanalar, psixoloji mərkəzlər yoxdur. Bəzi həkimlər ümumiyyətlə translara xidmət göstərməkdən imtina edirlər”.
“Bu, həm də təhsillə bağlı da əlçatımlılığı azaldır. Evsizlik, məkansızlıq problemləri də sosial problemlər olaraq yaranır. Bu, döngü kimi davam edir və ardıcıl zəncir əmələ gəlir, hər problem bir-birindən asılı hala gəlir”, - Mirzəyeva əlavə edir.
”Bir dəfə tanıdığım seks işçisi olan trans qızlardan biri homofob çevrə tərəfindən hotelə çağırılıb. Bir qrup oğlan otel otağında trans qızı döyüblər. Nə hotel işçiləri, nə də polis hadisəyə qarışmayıb. Bu hadisələrin şokundayam, bir nəfər belə tanışımı müdafiə etmədi. Üzü qan içərisində idi. İnsanlar da bunu bilir ki, şikayətlərimizə baxılmayacaq və bu səbəbdən özlərində hücum etmə hünərini görürlər”, - deyir Ayan.
Elə bu periodda Ayan da oxşar hadisəylə üzləşib. Ayan qısa don geyindiyi üçün bir nəfər ona fahişə deyib və üzərinə bıçaq çəkib. ”Polisi yığdıqda isə hadisəyə görə məni yola verməyə, qeydiyyatımı soruşmağa başladılar. Bu, ciddi bürokratik problemdir. Özü də mənə düz 40 dəqiqə sonra bölmədən zəng etdilər. O zamana qədər mən küçədəki insanların köməyi ilə oradan qurtulmuşdum. Mən də başıma gələn hadisəni heç kimlə bölüşmədim. Sadəcə üstümün tozunu təmizləyib, evə gəldim. Heç bir qatilimizi tutmurlar, amma biz sadəcə haqqımızı tələb edirik. Biz sübut istəyirik. Dostlarımızın qatilinin tutulduğunu görmək istəyirik. Hər gün kəfənimizi geyinib çölə çıxırıq. Hər küçəyə çıxanda müharibə zonasına gedirmiş kimi hazırlaşıram.”
*Respondentlərin təhlükəsizliyi üçün adlar dəyişdirilib.
Powered by Froala Editor