Kuir iş mühiti: Azərbaycan və Gürcüstanda işçi LGBTQİ+ların hüquqları

Müəllif: Nilufər Əfəndiyeva

Əvvəlki məqalədə Azərbaycanda yaşayan kuir qadınların iş yerlərindəki təcrübələri və Azərbaycandakı mövcud hüquqi mexanizmlərin effektivliyi müzakirə olunmuşdu. Bu yazıda  isə Cənubi Qafqazın ən proqressiv ölkəsi sayılan Gürcüstanda kuir vətəndaşlar üçün iş mühitinin nə dərəcədə fərqli olduğunun müqayisəsi aparılacaq.

Azərbaycan və Gürcüstan arasındakı LGBTQİ+ hüquqlarının vəziyyətinin müqayisəsi ilə bağlı daha ətraflı bir araşdırma aparmaq üçün hər iki ölkədəki hüquqi və siyasi çərçivələr, insan hüquqlarının qorunması sahəsindəki irəliləyişlər, maneələr və statistika təhlil edilməlidir. ILGA-Avropa tərəfindən hazırlanmış 2024-cü il “Göy Qurşağı Xəritəsi” vizual hesabatı əsasında iki ölkədə yaşayan kuir vətəndaşların sosial təhlükəsizliyinin, hüquq və azadlıqlarının təminatı haqqında müqayisəli təhlilə əsasən Azərbaycan 47-ci yerdə, Gürcüstan isə 36-cı yerdə qərar tutub. Bu statistik yerləşdirməni təmin edən əsas faktorları müəyyən etdik:

Diskriminasiya və nifrət cinayətlərinin qanunvericilikdə əhatəsi:

Belə ki, Gürcüstanda 2014-cü ildə qəbul edilən “Anti-diskriminasiya Qanunu” seksual oriyentasiya və gender kimliyini açıq şəkildə izah və əhatə edir. Bu qanun bütün sahələrdə diskriminasiyanı qadağan edir və diskriminasiyaya məruz qalan vətəndaşların hüquqlarının müdafiəsinin təmin olunmasına şərait yaradır. Əlavə olaraq, bu qanun bütün sahələrdə dövlət qurumlarının, təşkilatların, fiziki və hüquqi şəxslərin hərəkətlərinə qanunun ikinci maddəsinin ikinci və üçüncü bəndlərinə uyğun gələn başqa bir hüquqi aktla tənzimlənmədiyi təqdirdə tətbiq edilir. Bu, o deməkdir ki, bəzi hallarda fərq qoyma (ayrı-seçkilik kimi görünə bilən davranışlar) cəmiyyəti qorumaq və qanunun məqsədlərinə xidmət etmək üçün zəruridirsə, hüquqi olaraq əsaslandırıla bilər. Beləliklə, bu hallar istisna olmaqla, hər hansı fərq qoyma birbaşa ayrı-seçkilik hesab edilir. 

Azərbaycanın milli qanunvericiliyində isə gender kimliyi və seksual oriyentasiya əlamətlərinə görə ayrı-seçkiliyin qadağası açıq şəkildə müəyyən olunmur. Buna baxmayaraq, qanunvericiliyin tərkib hissəsi olaraq ratifikasiya edilən beynəlxalq insan hüquqları sənədlərində gender kimliyi və seksual oriyentasiya əlamətlərinə görə ayrı-seçkilik qadağan edilib.

Bundan əlavə, 2012-ci ildə Gürcüstanın Cinayət Məcəlləsinə edilən dəyişikliklər nifrət motivli cinayətlərin cəzalandırılmasını nəzərdə tutur. 2012-ci ildən etibarən cinayətin seksual oriyentasiya və ya gender kimliyi zəminində dözümsüzlük nəticəsində törədilməsi  ağırlaşdırıcı hal kimi müəyyən edilir. Belə ki, 2020-ci ildə hazırlanmış memoranduma əsasən, Gürcüstan Demokratik Respublikasının Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Ali Məhkəməsi Milli Statistika Agentliyi ilə birlikdə illik olaraq nifrət motivli cinayətlərlə bağlı vahid data və hesabatlar hazırlayır. Bu hesabatlar hər il yenilənir və Gürcüstanın Milli Statistika Agentliyinin veb-saytından əldə edilə bilir. 

Azərbaycanda isə nifrət cinayətləri ilə bağlı qanunvericilik olmadığı üçün bu barədə hər hansı bir statistik məlumat tapmaq mümkün deyil. Bu isə nifrət motivli cinayətləri araşdırmağı daha da çətinləşdirir, o cümlədən kuir vətəndaşların məruz qaldığı zorakılıqların həlli üçün ədalətə çıxışını zəiflədir. 

“Bu dəyişiklik ölkənin Avropaya inteqrasiyasına mane olur.”

Buna baxmayaraq, Gürcüstandakı qanun dəyişiklikləri ictimai və iş mühitini kuir vətəndaşlar üçün yetərli qədər təhlükəsiz və ədalətli etmir. Hüquqşünas Ana Kvantrişvili bildirir ki, əmək münasibətləri və əmək müqaviləsindən əvvəlki münasibətlər, o cümlədən vakansiya elanı dərc edilərkən və seçim mərhələsində irq, dəri rəngi, dil, etnik və ya sosial vəziyyət, milli mənsubiyyət, yaşayış yeri, yaşı, genderi, seksual oriyentasiyası, ailə vəziyyəti, əlilliyi, dini, ictimai, siyasi və ya digər mənsubiyyəti, o cümlədən həmkarlar ittifaqlarına mənsubiyyəti, siyasi və ya digər baxışları, maddi vəziyyət və ya vəzifəyə hər hansı digər əsaslara görə hər hansı ayrı-seçkilik yolverilməzdir. 

“Parlamentdə səs çoxluğu ilə birinci oxunuşdan keçən qanun layihəsi hüquqi sistemi əvvəl də mövcud olan bəzi boşluqlara görə tam olaraq dəyişməsə də, siyasi prosesə kifayət qədər təsir edib. Bizim Avropa Birliyinə qoşulmaqla bağlı müzakirələrimiz olmuşdu. "Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi" ilə bağlı qanun inteqrasiya vəzifələri ilə ziddiyyət təşkil edir, çünki bu vəzifələr bərabərlik ideyalarının qorunması prinsipinə əsaslanır. Buna görə də, insan hüquqlarına və demokratiyaya vurulan zərərdən əlavə, bu dəyişiklik ölkənin Avropa inteqrasiyasına mane olur. Nəticədə, Birliyin nümayəndələri bu mövzu ilə bağlı danışıqları dayandırıblar,” - deyə hüquqşünas əlavə edir. 

BMT-nin Gürcüstan üzrə Müstəqil Ekspertinin seksual oriyentasiya və gender kimliyinə əsaslanan ayrı-seçkilik haqqında hesabatına görə, iş yerində ayrı-seçkilik təcrübəsi LGBTQİ+ işçilər üçün xüsusi çətinlikdir. Bu vəziyyətdən ən çox əziyyət çəkənlər isə trans qadınlardır. Genderin hüquqi olaraq tanınmaması problemi translar üçün uyğun iş şəraitində çalışmaq imkanlarına ciddi maneələr yaradır, nəticədə, qeyri-rəsmi və təhlükəli iş mühitinin yaranmasına səbəb olur. Onlardan bəziləri (əsasən trans qadınlar) ödənişli əsaslarla seks işçiliyi ilə məşğul olur ki, bu da bəzən onları daha da müdafiəsiz vəziyyətə gətirir. Elə həmin hesabata görə, trans seks işçilərinin 61,4%-i bu işlə məşğul olmaqlarının əsas səbəbi kimi çətin iqtisadi vəziyyəti göstəriblər. Seks işçiliyi ilə bağlı çətinlikləri qiymətləndirərkən, respondentlər qeyri-sabit maddi gəlir ilə bağlı stresi (79,5%) və mövcud həyat və ya sağlamlıq risklərini (77,3%) qeyd ediblər. Əlavə olaraq, lezbiyan və biseksual qadın respondentlərin 28.2%-i iş yerində seksual oriyentasiya əsaslı ayrı-seçkiliyə məruz qaldıqlarını bildiriblər. Əksər hallarda bu davranışla işə qəbul prosesində, bəzən isə digər iş yoldaşları ilə bərabər imkan və fürsətlərin yaradılması və vəzifə artımı zamanı üzləşiblər. Məqalədə ayrı-seçkilik hallarının özəl sektorda (32.6%) daha çox baş verdiyi vurğulanır.

2020-ci ildə dərc olunmuş, Gürcüstanda LGBTQİ+ların Sosial Təcridi adlı kəmiyyət əsaslı araşdırmaya istinadən, kuir vətəndaşlar əmək bazarına çıxışlarının digər sosial qruplardan daha az olduğunu bildiriblər. Belə ki, onlar nəinki iş yerlərində çətinliklə üzləşir, heç işə qəbul prosesində belə adekvat şəkildə dəyərləndirilmirlər. Bunun üçün də, onların bir çoxu maddi təminatını ödəmək üçün daha aşağı məvacib təklif edən, hətta bəzən təhlükəli və zərərli iş mühitində çalışırlar. 

Qeyd etmək vacibdir ki, layiqli iş yalnız adekvat maaş və ədalətli əmək bölgüsünü deyil, həm də təhlükəsiz iş mühitinin təmin edilməsini əhatə etməlidir. Buna görə, kuirlərin homofobiyadan uzaq və sağlam bir iş mühitinə sahib olmaları vacibdir, yalnız bu halda onlar özlərini məhdudlaşdırmaq və ya kimliklərini gizlətmək üçün əlavə səy göstərmək məcburiyyətində qalmazlar. Gürcüstan reallığında kuir gənclər sosial böhran və ölkədəki yüksək yoxsulluq səviyyəsi səbəbindən tez-tez təhsil və məşğulluq arasında seçim etməli olurlar. Bu seçim, adətən, ailələrinin maddi dəstəyindən məhrum olan gənc icma üzvlərinin qarşısında durur. Nəticə etibarilə, gənclər təhsil almaq əvəzinə, təhlükəli işlərə cəlb olunurlar. Bu da onları nadir hallarda çıxış yolu tapdıqları "Queer Precarity" dövrünə salır.

"Queer precarity" - LGBTQİ+ların sosial ayrı-seçkilik, iqtisadi marginallaşma və hüquqi müdafiənin olmaması səbəbindən tez-tez qarşılaşdıqları artan həssaslıq və qeyri-sabitliyi ifadə edir. Bu, müxtəlif formalarda özünü göstərə bilər, məsələn, sistemli qərəz və kənarlaşdırma praktikaları ilə daha da güclənən iş etibarsızlığı, mənzil qeyri-sabitliyi və səhiyyə xidmətlərinə məhdud çıxış və s. Bundan əlavə, kuirlər sosial təcrid və zorakılıqla üzləşir, bu da onların təhlükəli vəziyyətlərini daha da dərinləşdirir. Konsepsiya daha geniş struktur bərabərsizlikləri ilə kuir kimliklərin kəsişməsini, daha inklüziv və ədalətli sosial siyasətlərə ehtiyacı əhatə edir.

29 sentyabr 2020-ci il tarixində qanunvericiliyin əmək sahəsinə tətbiq olunan islahat nəticəsində Gürcüstanın Əmək Məcəlləsi Avropa Birliyinin direktivləri və Beynəlxalq Əmək Təşkilatının tələblərinə daha çox uyğunlaşdırıldı. Beləliklə, Əmək Məcəlləsinə edilən dəyişikliklər ayrı-seçkilik anlayışını genişləndirərək, bütün peşəkar istiqamətlərə, peşəkar inkişaf, peşə təhsili, təkrar təhsil imkanlarına və peşəkar iyerarxiyanın bütün səviyyələrinə bərabər çıxışı əhatə etməyə başladı. Bu dəyişikliklər Əmək Müfəttişliyini hüquq-mühafizə qurumu kimi müəyyən edərək onun səlahiyyətlərini daha da artırdı. Bununla belə, Əmək Müfəttişliyi xidmətinin mandatı yalnız işdə bərabərlik üzrə ümumi tənzimləmə ilə məhdudlaşmalıdır və fərdi ayrı-seçkilik iddialarını Ombudsmana bildirəcək bir mexanizm tətbiq edilməlidir. 

Azərbaycan Qanunvericiliyində seksual oriyentasiya və gender kimliyinə görə diskriminasiya açıq şəkildə izah edilməsə də, gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında Azərbaycan Respublikasının qanununun 2.0.5-ci maddəsi yeganə qanun olaraq əmək və ya xidmət münasibətlərində olan şəxsi alçaldan və təhqir edən, başqa cinsə və ya seksual yönümə mənsubiyyətdən irəli gələn və fiziki hərəkətlərdə (toxunma, əllə vurma), ədəbsiz sözlərdə, jestlərdə, hədələrdə, ləkələyici təkliflərdə və ya dəvətlərdə təzahür edən əxlaqsız davranışları seksual qısnama kimi müəyyən edir və həmin qanunla (maddə 4) qadağan edilir. 

Həmçinin qanunun 7-ci maddəsinin tələblərinə görə işəgötürən əmək fəaliyyətində kişi və qadınların bərabərliyini təmin etməli və cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin və seksual qısnamanın qarşısını almaq üçün lazımi tədbirlər görməlidir.

Hansı islahatlar aparılmalıdır?

Nəticə olaraq, hər iki ölkədə kuir vətəndaşların hüquqlarının qorunması təcrübəsində ciddi fərqlər mövcuddur. Azərbaycan qanunvericiliyində olan boşluqlardan dolayı hüquqi mexanizmlər kuir vətəndaşların pozulan hüquqlarının müdafiəsi üçün kifayət qədər effektiv deyil. Müqayisə zamanı Gürcüstanın 2012 və 2014-cü ildə keçirdiyi qanun islahatları nəticəsində kuir vətəndaşların xüsusilə iş yerlərində məruz qaldığı ayrı-seçkilik, qısnama halları və digər problemlərdən yola çıxaraq ədalətə çatımlılığının daha asan olması ölkədəki hüquqi mexanizmlərin daha işlək olduğunu göstərir. Buna baxmayaraq, birinci oxunuşdan keçən "Ailə dəyərlərinin və yetkinlik yaşına çatmayanların müdafiəsi" qanunu sosial həyatın bir çox sahələrinə, o cümlədən iş həyatına ciddi təsir göstərə bilər. Belə ki, işəgötürənlər transgender və qeyri-binar əməkdaşlar üçün inklüziv siyasətlərin yaradılmasında və dəstək təmin edilməsində məhdudiyyətlər ilə üzləşə bilərlər. Qanun, gender neytral mühitlərin yaradılmasını, inklüziv sağlamlıq üstünlüklərinin təmin edilməsini və dəstəkləyici iş mühitlərinin qurulmasını əngəlləyə bilər, bu da LGBTQİ+ əməkdaşların ümumi iş təcrübəsinə və təhlükəsizliyinə mənfi təsir göstərə bilər.

Azərbaycan nümunəsinə nəzər saldıqda, ciddi qanunvericilik və siyasi islahatların keçirilməsinə ehtiyac olduğunu müşahidə etmək olar. Bunun üçün ilk olaraq seksual oriyentasiya və gender kimliyinə görə ayrı-seçkiliyin müəyyən edilərək qadağan olunması ilə yanaşı, Gürcüstan nümunəsindəki kimi bu tənzimləmələr əmək müqaviləsindən əvvəlki münasibətlərə də şamil olunmalıdır. Bu halda sadəcə iş yerlərində deyil, işə qəbul prosesi və hətta iş axtarma mərhələsində belə ədalətli mühit və seçimi təmin etmək olar. Əlavə olaraq, qısnama, ayrı-seçkilik zəminində baş verən hadisələrlə bağlı məlumat toplanılması üçün dövlət qurumlarının əməkdaşlığı vacibdir. Problemin statistik göstəricisi təyin olunduqdan sonra isə bunun həlli istiqamətində daha məhsuldar çalışmaq olar. 

Powered by Froala Editor