Günəş, dəniz və azadlıq
Kuir istirahəti üçün ən yaxşı yerlər
Dünyanın aparıcı turizm platformalarından biri olan Expedia LGBTQİ+ların ən mehriban qarşılandığı yay tətili istiqamətlərinin siyahısını tərtib edib. Şirkət genişmiqyaslı sorğu keçirib və bir neçə istiqaməti önə çıxarıb.
Brighton, Böyük Britaniya
Brighton Britaniya sahillərində kuir azadlığının simvoludur. Çimərliyi, köhnə oyun avtomatları, rahat barlar və restoranlar, eləcə də ekstravaqant Kralliyət Pavilyonu ilə tanınan bu şəhər, uzun illərdir LGBTQİ+ların sevimli tətil məkanıdır.
Bir çox britaniyalı kuir üçün Brighton “sığınacaq” kimi qəbul olunur: burada ölkənin ən parlaq Pride yürüşlərindən biri keçirilir, çoxlu kuir bar fəaliyyət göstərir.
Mykonos, Yunanıstan
Mikonos Aralıq dənizi bölgəsinin gey paytaxtı statusunu çoxdan qazanıb. Ağ evlər, daş döşənmiş küçələr, şəffaf dəniz və gecəyarısına qədər musiqi səslənən çimərlik klubları — bu ada bütün dünyadan LGBTQİ+ turistləri cəlb edir.
Adada çoxlu kuir-dostu barlar, çimərliklər və otellər fəaliyyət göstərir. Ən məşhur çimərliklərdən biri olan Super Paradise, günəş vannası qəbul etmək və azad atmosferdə rəqs etmək istəyənlər üçün ideal məkandır.
Phuket, Tayland
Buranı çox da təqdim etməyə ehtiyac yoxdur- insanlar bura günəş, dalğıclıq, tay massajı və son zamanlar isə sakitlik və qəbul olunma hissi üçün gəlirlər.
Keçən il Tayland tarixə düşərək Cənub-Şərqi Asiyada eyni-cinsli nikahı qanuniləşdirən ilk ölkə olub. Bu xəbər LGBTQİ+ cütlüklər arasında region daxilində və xaricində böyük sevinc yaradıb.
Pxuket yalnız çimərliklər və kokoslarla deyil, həm də kuir cütlüklərin özlərini təhlükəsiz hiss edə biləcəyi məkan kimi tanınır. Əgər “Ağ Lotus” serialının fanatısınızsa, burada serialın çəkildiyi yerləri də gəzə bilərsiniz.
Powered by Froala Editor