Niderland səfirliyindən LGBTQİ+ icmasına açıq dəstək mesajı
Niderland Krallığı hər kəsin, o cümlədən LGBTQ+ fərdlərin hüquqlarının qorunmasına sadiq qalır
10/Aug/25
63
Niderland səfirliyindən LGBTQİ+ icmasına açıq dəstək mesajı
Amsterdamın küçələri ötən həftə bərabərlik, rəngarənglik və bayram ovqatına bürünmüşdü. Bunun səbəbi isə Pride Amsterdam tədbiri idi. Bu il tədbir xüsusilə önəmli olub – çünki Amsterdam rəsmi olaraq WorldPride 2026-ya ev sahibliyi etmək hüququ qazanıb.
Niderland Krallığının Azərbaycandakı səfirliyi bu barədə Facebook-da paylaşım edərək, ölkənin “hər kəsin, o cümlədən LGBTQ+ fərdlərin hüquqlarının qorunmasına sadiq” olduğunu vurğulayıb.
Bu, Azərbaycandakı xarici diplomatik nümayəndəliklər arasında LGBTQİ+ hüquqlarına açıq şəkildə dəstək verən nadir paylaşımlardan biridir. İctimai məkanlarda LGBTQİ+ mövzusunun hələ də tabu olduğu, dövlətin isə rəsmi səviyyədə heç bir qoruyucu qanun qəbul etmədiyi ölkədə belə mesajlar böyük əhəmiyyət daşıyır.
ILGA-Avropanın 2025-ci il Göy Qurşağı Xəritəsinə görə, Niderland 63.82% göstərici ilə Avropada 13-cü yerdə qərarlaşıb, vətəndaş cəmiyyəti məkanı (100%) və ailə hüquqları (85.67%) sahələrində yüksək nəticələr əldə edib. Azərbaycanda isə vəziyyət tam əksinədir: ölkə 2.25% ilə sonuncu – 48-ci yerdədir və bərabərlik və ayrı-seçkiliyin qadağan olunması, nifrət cinayətləri, ailə hüquqları kimi sahələrdə nəticə 0%-dir.
WorldPride – LGBTQİ+ icmasının görünürlüğünü artırmaq və bərabərlik uğrunda qlobal həmrəylik yaratmaq məqsədilə keçirilən beynəlxalq festivaldır. İlk dəfə 2000-ci ildə Romada təşkil olunub və hər dəfə fərqli bir şəhərdə baş tutur.
Niderland səfirliyinin mesajı təkcə öz ölkəsinin uğurlarını deyil, həm də universal insan hüquqlarına – o cümlədən Azərbaycanda yaşayan LGBTQİ+ icmasının hüquqlarına sadiqliyi ifadə edir.
Powered by Froala Editor