Avropa Şurası Enesi həbsxanada ziyarət edib
Avropa Şurası heyəti həbsdə olan gənclik nümayəndəsi və LGBTI+ aktivisti Enes Hocaoğullarını Sincan Həbsxanasında ziyarət edib
07/Sep/25
102
Avropa Şurası Enesi həbsxanada ziyarət edib
Avropa Şurası heyəti həbsdə olan gənclik nümayəndəsi və LGBTI+ aktivisti Enes Hocaoğullarını Sincan Həbsxanasında ziyarət edib. Heyət, “heç bir əsaslı səbəb yoxdur” deyərək onun azadlığa buraxılmasına çağırış edib. Bu barədə KaosGL məlumat verib.
Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin Prezidenti Marc Cools-un rəhbərlik etdiyi heyət 4–5 sentyabr tarixlərində Türkiyəyə səfəri çərçivəsində həbsdə olan gənclik nümayəndəsi Enesi Ankaradakı həbsxanada ziyarət edib.
ÜniKuir-in məlumatına görə, heyət 5 sentyabrda Ankara Hilton Otelində keçirilən mətbuat konfransında Ədliyyə nazirinin müavini, Ankara Vəkillər Kollegiyası və QHT-lərlə görüşlərinin nəticələrini jurnalistlərlə bölüşüb.
Enes niyə həbs olunub?
Türkiyəli LGBTQİ+ aktivisti, Avropa Şurası Gənclik nümayəndəsi və ÜniKuir-in Beynəlxalq Əlaqələr Koordinatoru Enes Hocaoğulları mart ayında Avropa Şurasında çıxış edərək Türkiyədəki həbsdə olan bələdiyyə başçıları və 19 mart aksiyalarında gənclərin üzləşdiyi polis zorakılığına diqqət çəkib.
“Türkiyədə gənclər artıq bəsdir deyir,” sözləri ilə Şuraya müraciət edən Enes çıxışına görə 5 avqustda Ankara Esenboğa Hava Limanında saxlanılıb və “yalan məlumat yaymaq” və “xalqı kin və düşmənçiliyə təhrik etmək” ittihamları ilə eyni gün həbs edilib.
Konqresin Prezidenti Marc Cools onun həbsi haqqında belə deyib: “Bu, ifadə azadlığının açıq pozuntusudur, Avropa Şurasının işlərində qanuni iştirakına görə qəbuledilməz, birbaşa qisasdır.”
Powered by Froala Editor