Psixoloq eynicinsli münasibətləri stiqmatizasiya edib
Sfera.az Azərbaycanda gənclər arasında eynicinsli münasibətlərin “artdığını” iddia edib
28/Sep/25
159
Psixoloqdan eynicinsli münasibətlərlə bağlı stiqmatizasiya
Bu həftə Sfera.az saytı psixoloq Ülkər Məhərrəmova ilə müsahibə dərc edib və Azərbaycanda gənclər arasında eynicinsli münasibətlərin “artdığını” iddia edib.
Yazıda kuir kimliklər “gənclər arasında artan dəstək və təsir nəticəsində” formalaşan “seçim” kimi təqdim olunub, hətta “psixoloji boşluq” və “patoloji tərəflər” ilə əlaqələndirilib.
Ülkər Məhərrəmova gənclərin öz oriyentasiyaları haqda bölüşə biləcəkləri təhlükəsiz və sərbəst mühitin olmasını neqativ hal kimi təqdim edir. O, səbəbi ailədəki “dəyərsizlik”lə bağlayaraq eynicinsli münasibətləri bir növ “problemin nəticəsi” kimi təqdim edib:
“Mənim praktikada ən çox rast gəldiyim hallar göstərir ki, belə düşüncələrə meyil edən gənclər ailədə dəyər görməyən, dinlənilməyən və psixoloji boşluq yaşayan şəxslərdir. Onlar sosial şəbəkələrdə daha çox anlaşma və dəstək tapdıqları üçün özlərini orada güvənli hiss edirlər. Elə bu da onların seçimlərinin həmin istiqamətə yönəlməsində mühüm rol oynayır.”
Məqalədə sosial şəbəkələrin gənclərə özlərini daha açıq ifadə etməyə imkan verdiyi etiraf olunsa da, ümumi çərçivə LGBTQ+ icmasını stiqmatizasiya edən stereotiplərin gücləndirilməsinə yönılib və LGBTQİ+ların hüquqlarını, qarşılaşdığı ayrı-seçkilik, görünməzlik və sosial stiqmanı nəzərə almayıb.
Məhərrəmovanın sözlərinə görə, gənclər daha çox “təhlükəsiz hesab etdikləri mühitlərdə” hisslərini ifadə edir və sosial şəbəkələrdə qəbul və dəstək tapırlar:
“Xüsusilə gənclər arasında bu daha geniş yayılıb. Çünki onlar təhlükəsiz hesab etdikləri mühitlərdə özlərini ifadə edirlər.… Orada onlar duyğu və hisslərini açıq şəkildə ifadə edir, qəbul olunur və dəstək taparaq özlərini rahat hiss edirlər.”
Bu yanaşma LGBTİ+ insanlara qarşı cəmiyyətdəki stereotipləri gücləndirir. Cinsi oriyentasiyanı “ailə problemi” və ya “psixoloji boşluq”la əlaqələndirmək, eynicinsli münasibətləri xəstəlik və ya travma ilə eyniləşdirmək həm homofob mövqedən xəbər verir, həm də elmi əsaslara söykənmir.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı homoseksuallığı hələ 1990-cı ildə psixi xəstəliklər siyahısından çıxarıb. Elmi konsensus açıq şəkildə bildirir ki, cinsi oriyentasiya insanın şəxsiyyətinin təbii və dəyişdirilməz bir hissəsidir.
Powered by Froala Editor