Bakıda trans qadına qarşı hücum baş verib

Bakının Razin qəsəbəsində trans qadına qarşı zorakılıq hadisəsi qeydə alınıb. Bu barədə QıyVaar məlumat verib. 

Sosial şəbəkələrdə yayılan videogörüntülərdə bir qrup gəncin küçədə hərəkət edən trans qadına qarşı aqressiv davranış nümayiş etdirdiyi, onu təhqir etdiyi və əlindəki ağac parçasını atdığı görünür. Hadisə zamanı zərərçəkən şəxsin özünü müdafiə etməyə çalışdığı müşahidə olunur.

Bu, son aylarda Bakıda trans şəxslərə qarşı qeydə alınan ikinci oxşar hadisədir. Sentyabrın 15-də paytaxtın Neftçilər metrosu yaxınlığında baş vermiş digər hücumla bağlı “Minority Azərbaycan”, “Qıy Vaar”, “QueeRadar”, “Transvisionary” və “Q Collective” birgə bəyanat yayaraq hadisəni pisləmişdilər.

Bəyanatda qeyd olunurdu ki, bu kimi halların artması cəmiyyətdə transfobiyanın dərinləşməsinə və zorakılıq hallarının normallaşmasına səbəb olur. Təşkilatlar hüquq-mühafizə orqanlarını bu cür hadisələrə operativ reaksiya verməyə, araşdırmaları şəffaf aparmağa və nəticələri ictimaiyyətə təqdim etməyə çağırıblar.

Minority Azərbaycan hesab edirlər ki, bu cür zorakılıq halları cəmiyyətin müxtəlif təbəqələrində insan hüquqları və tolerantlıqla bağlı maarifləndirmə tədbirlərinin daha da gücləndirilməsini zəruri edir.

Powered by Froala Editor