Bakıda transfob hücumla bağlı bəyanat
Bugünlərdə Bakının Neftçilər metrosu yaxınlığında trans qadına qarşı hücum edilməsi ilə bağlı görüntülər yayılıb
21/Sep/25
436
Bakıda transfob hücumla bağlı bəyanat
Bugünlərdə Bakının Neftçilər metrosu yaxınlığında trans qadına qarşı hücum edilməsi ilə bağlı görüntülər yayılıb. Videodan görünür ki, avtomobildə olan üç kişidən biri telefon vasitəsilə canlı yayım aparır, digəri isə əlində daş tutaraq pəncərəni açır və ağır təhqiramiz ifadələr səsləndirir. Daha sonra həmin şəxs daşı trans qadına atır və ayağından vura bildiyini deyir. Sürətlə hadisə yerindən uzaqlaşan şəxslər canlı yayıma neçə nəfərin baxdığını müzakirə edir, sosial şəbəkədə izləyicilər isə lağ edərək gülüş reaksiyaları göndərirlər. Bu fakt cəmiyyətimizdə transfobiyanın necə dərin və təhlükəli formada normallaşdığını, hətta əyləncə və ictimai tamaşa obyektinə çevrildiyini göstərir.
Baş verənlər təkcə bir fərdin deyil, bütün LGBTİQ+ vətəndaşların həyat və təhlükəsizlik hüquqlarına qarşı açıq-aşkar təhdiddir. Təəssüf ki, bu, yeni hal deyil. İllərdir ki, Azərbaycanda LGBTİQ+ vətəndaşlar ictimai yerlərdə fiziki zorakılığa məruz qalır, xüsusilə trans qadınlar ən ağır formalarına – təhqir, hücum və hətta qətllərə hədəf seçilirlər. Bu zorakılıq hadisələri təsadüfi deyil, cəmiyyətə dərin kök salmış transfobiyanın, dövlətin passiv mövqeyinin və cəzasızlıq mühitinin nəticəsidir.
Transfobiya yalnız fərdi zorakılıq aktları ilə məhdudlaşmır; o, sosial münasibətlərdə, mediada, hüquqi boşluqlarda və dövlət qurumlarının hərəkətsizliyində özünü göstərir. Bu vəziyyət zorakılığın legitimləşməsinə, nifrətin açıq-aşkar nümayiş olunmasına və LGBTİQ+ vətəndaşların gündəlik həyatlarında daimi təhlükə hissi ilə yaşamasına gətirib çıxarır.
Biz, vətəndaşlar/vətəndaş cəmiyyəti nümayəndələri/kollektivlər olaraq tələb edirik ki:
Neftçilər metrosu yaxınlığında baş verən hücumu törədən şəxslər dərhal müəyyən edilsin və cinayət məsuliyyətinə cəlb olunsun; araşdırma şəffaf aparılsın və nəticələri ictimaiyyətə açıqlansın.
LGBTİQ+ vətəndaşlara qarşı nifrət zəminində törədilən zorakılıq halları müvafiq dövlət qurumları tərəfindən açıq şəkildə pislənsin və bu halların qarşısını almaq üçün effektiv preventiv tədbirlər görülsün.
Hüquq-mühafizə orqanları və digər dövlət qurumlarında cinsi oriyentasiya və gender kimliyinə əsaslanan ayrı-seçkiliyin yolverilməzliyi barədə maarifləndirmə tədbirləri həyata keçirilsin.
Azərbaycan hökuməti beynəlxalq insan hüquqları öhdəliklərinə əməl edərək, “cinsi oriyentasiya” və “gender kimliyi” ifadələrini ayrı-seçkiliyin qadağası haqqında milli qanunvericiliyə daxil etsin və qanunları beynəlxalq standartlara uyğunlaşdırsın.
LGBTİQ+ vətəndaşlara qarşı zorakılıq və ayrı-seçkilik halları ilə bağlı uzun illərdir açıq qalan BMT Müstəqil Mütəxəssisinin Azərbaycana dəvəti qəbul edilsin və bu istiqamətdə əməkdaşlıq təmin olunsun.
Dövlətin susqunluğu nifrət cinayətlərini təşviq edir və zorakılığın miqyasını böyüdür. Biz hüquq-mühafizə orqanlarını hərəkətə keçməyə, cinayətkarları cəzalandırmağa və bütün vətəndaşların təhlükəsizlik və bərabərlik hüquqlarını təmin etməyə çağırırıq.
Qıy Vaar
QueeRadar
Minority Azərbaycan
Transvisionary
Q Collective
Femkulis
Powered by Froala Editor