Bu gün Milli Coming Out Günümüzdür

1988-ci ildə psixoloq Robert Eichberg və ictimai-siyasi fəal Jean O’Leary tərəfindən təsis edilən Milli Coming Out Günü (NCOD), LGBTQİ+ icmasının görünənliyini artırmaq və cəmiyyət arasında bu mövzuya dair pozitiv münasibəti təşviq etmək məqsədi daşıyır.

Yeni Meksikodan olan Eichberg “The Experience” adlı şəxsi inkişaf proqramının qurucusu idi. O, 1995-ci ildə QİÇS-in ağırlaşmalarından vəfat edib. Nyu-Yorkdan olan O’Leary isə açıq lezbiyan siyasətçi və uzun illər fəaliyyət göstərmiş insan haqları müdafiəçisi idi. O, həmin dövrdə Los-Ancelesdə yerləşən Milli Gey Hüquqları Təşkilatına (National Gay Rights Advocates) rəhbərlik edirdi.

Eichberg və O’Leary kimi fəallar LGBTQİ+ icmasına qarşı yönəlmiş mənfi kampaniyalara reaktiv deyil, proaktiv — yəni pozitiv ruhda cavab verməyin vacibliyinə inanırdılar. Bu məqsədlə onlar Coming Out Gününü təsis edərək fərqliliyi qeyd etməyi, qorxu və stereotipləri aradan qaldırmağı hədəfləmişdilər. 

Oktyabrın 11-i tarixi təsadüfi seçilməyib — həmin gün 1987-ci ildə Vaşinqtonda keçirilmiş Lezbiyan və Qey Hüquqları üzrə İkinci Milli Yürüşün ildönümüdür.

Robert Eichberg 1993-cü ildə belə deyib:

“Əksər insanlar elə bilirlər ki, tanıdıqları arasında gey və ya lezbiyan yoxdur. Əslində isə hər kəsin tanıdığı biri var. Məhz buna görə biz öz kimliyimizi açıq şəkildə göstərməli, qorxu və stereotipləri dağıtmalıyıq.”

Powered by Froala Editor