Trans qadın Samira Şah Prezidentə müraciət edib
“Mən vətənimi sevirəm, ölkəmdən, şəhərimdən köçmək istəmirəm və şəxsiyyət kimi formalaşmağıma, sevdiyim işlə məşğul olmağıma mane olmasının əleyhinəyəm”
20/Oct/25
113
Trans qadın Samira Şah Prezidentə və Birinci vitse-prezidentə müraciət edib
“Mən vətənimi sevirəm, ölkəmdən, şəhərimdən köçmək istəmirəm və şəxsiyyət kimi formalaşmağıma, sevdiyim işlə məşğul olmağıma mane olmasının əleyhinəyəm.”
Trans müğənni Samira Şah sosial mediada Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya ünvanladığı videomüraciətlə cəmiyyətdə LGBTQİ+ların üzləşdiyi ayrı-seçkilik və nifrət kampaniyalarına diqqət çəkib. O, öz çıxışında həm bir vətəndaş, həm də sənətçi kimi yaşamaq və işləmək haqqının qorunmasını istəyib.
Samira Şah müraciətində bildirib ki, Azərbaycan dövlətinin vətəndaşı və trans qadın olaraq, cəmiyyətdə yalnız var olduğu üçün hədəfə çevrilməsi qəbuledilməzdir:
“Mən bu cəmiyyətin üzvüyəm və heç bir cinayət törətmədiyim halda, insanlar tərəfindən yarğılanıram və hədə-qorxulara məruz qalıram. Mən insan öldürməmişəm və heç kəsə zərərim yoxdur. Azad, demokratik Azərbaycan Respublikasının vətəndaşı olaraq, səbəbsiz yerə varlığım üçün cəzalandırıla bilmərəm.”
Müğənni əlavə edib ki, mediada və ictimai diskursda LGBTQİ+lara qarşı yönəlmiş nifrət ritorikası davam edir:
“Bir nəfər bir şey edən kimi hamını toplayıb unudulmaz bir travmalar yaşadırlar…. İnsanlardan heç bir fərqimiz olmadığı… və eyni qanunlar qarşısında bərabər olduğumuzu və buna baxmayaraq hərtərəfli sıxışdırılaraq, əziyyət çəkdiyimizi xatırlatmaq istəyirəm. .”
Samira Şah müraciətində iş yerlərində və ictimai məkanlarda trans və qeyri-heteroseksual insanlara qarşı ayrı-seçkiliyin aradan qaldırılmasını, dövlət rəhbərliyindən bu məsələyə xüsusi diqqət göstərilməsini istəyib:
“Getdiyimiz yerlərdən cinsiyyətimiz və oriyentasiyamıza görə qovurlar, rədd cavabı alırıq. Artıq bunlara son verilməlidir. ”
O, həmçinin qeyd edib ki, beynəlxalq səviyyədə LGBTQ+ icması yaradıcı sənaye və mədəniyyətin mühüm hissəsidir, Azərbaycanda isə bu insanlara yalnız seks işçiliyi kimi təhlükəli və stigmatizə edilmiş fəaliyyətlər “qismət” olur:
“... Xarici dövlətlərdə LGBT fərdləri Adidas, Versace, Dolce & Gabbana, Calvin Klein, Louis Vuitton, yəni markaların yaradıcıları olduqları halda…[Bizə] cəmiyyətimizdə ancaq seks işçiliyindən başqa heç nə etməyə, demək olar ki, qoymurlar, yəni maneəçilik yaradılır…. Biz isə burada sevdiyimiz işlə məşğul olmağa belə çətinlik çəkirik.”
Qarayaxma kampaniyasının ardınca
Xatırladaq ki, ötən həftə bəzi media orqanları Samira Şahın Bülbülə qəsəbəsində yerləşən Mirzə Ələkbər Sabir adına Mədəniyyət Evindəki çıxışını kontekstdən çıxararaq, onu “ictimai narazılıq doğuran təbliğat” kimi təqdim etmişdilər.
Minority Azərbaycan bu hadisəni “qarayaxma kampaniyası və peşə etikası pozuntusu” kimi dəyərləndirərək, jurnalistləri nifrət ritorikasından uzaq durmağa çağırıb.
“İnsanların gender kimliyi və ya görünüşü əsasında hədəfə alınması nə informasiya azadlığı, nə də ictimai maraqla əsaslandırıla bilər. Bu, etika və insan ləyaqətinin pozulmasıdır,” – deyə Minority Azərbaycan bəyan edib.
Powered by Froala Editor