Azərbaycan LGBTQİ+ ilə bağlı tövsiyələri icra etməyib

Azərbaycan Avropa Şurası komissiyasının Ombudsman institutu ilə bağlı tövsiyəsini qismən yerinə yetirib. İrqçi və LGBTQİ+fobik nifrət nitqi ilə bağlı ikinci tövsiyəni isə yerinə yetirməyib. Bunu Avropa Şurasının müstəqil ekspert orqanı olan İrqçilik və Dözümsüzlüyə qarşı Avropa Komissiyası (ECRI) oktyabrın 29-da bildirib.

Komissiya Ermənistan, Azərbaycan və Gürcüstana 2023-cü ildə verilmiş və prioritet izlənilməsi tələb olunan tövsiyələrin icrasına dair nəticələrini yayıb.

Azərbaycanla bağlı hesabatında (altıncı monitorinq dövrü) ECRI tövsiyə edib ki, hakimiyyət orqanları irqçi və LGBTQİ+fobik nifrət nitqi və nifrət cinayətləri hallarını inteqrasiya olunmuş və ardıcıl şəkildə əks etdirən, cinayətin kateqoriyasına, nifrət motivinin növünə, hədəf qrupa, həmçinin məhkəmə prosesi və nəticələrinə görə tam şəkildə təhlil edilə bilən məlumat bazasının yaradılmasını təmin edən hərtərəfli məlumat toplama sistemi qursun və bu məlumatları ictimaiyyət üçün əlçatan etsin.

ECRI-yə hakimiyyət orqanlarından daxil olan məlumatlarda belə bir inteqrasiya olunmuş və ardıcıl məlumat toplama sisteminin yaradıldığına və ya bu məlumatların ECRI-nin tövsiyə etdiyi kimi ictimaiyyət üçün əlçatan edildiyinə dair heç bir göstərici yoxdur.

Hakimiyyət orqanları qeyd edib ki, 2024-cü ildə “İnsan Hüquqları Ayı” çərçivəsində nifrət nitqini də əhatə edən məlumatlandırma kampaniyası təşkil olunub. Bu, müsbət addım olsa da, ECRI-nin 2023-cü il hesabatında verdiyi prioritet tövsiyə ilə birbaşa əlaqəli deyil.

“ECRI təəssüflə qeyd edir ki, cinayətin kateqoriyasına, nifrət motivinin növünə, hədəf qrupa, eləcə də məhkəmə prosesi və nəticələrinə görə tam təhlil edilə bilən məlumatların toplanması və belə məlumatların ictimaiyyət üçün əlçatan edilməsi məqsədilə sistemin yaradılması istiqamətində heç bir addım atılmayıb.”

ECRI belə nəticəyə gəlib ki, bu tövsiyə icra olunmayıb.

Powered by Froala Editor