Bakıda kuir-dostu klubda polis reydi

Şahidlər zorakılıq, təhqir və qanunsuz pul tələbindən danışır

Azərbaycan paytaxtında kuir icması üçün təhlükəsiz məkan kimi tanınan gecə klubuna polis tərəfindən keçirilən reyd zamanı saxlanılan şəxslər zorakılıq, alçaldıcı rəftar və qanunsuz pul tələb edilməsi barədə ifadələr veriblər. 

Şahidlərin bildirdiyinə görə, reyd zamanı bir neçə nəfər fiziki zorakılığa məruz qalıb, azı bir şəxsin dişi sındırılıb. Saxlanılanlardan bir qadının saçının zorla qırxıldığı, bunun açıq-aşkar alçaltma məqsədi daşıdığı iddia edilir. Ayrı-ayrı şahid ifadələrində isə polis nəzarətində olarkən seksual zorakılıq halının baş verdiyi də qeyd olunur. Bu iddialar hazırda müstəqil şəkildə təsdiqlənməyib.

Hadisə zamanı klubda olan şəxslərin sözlərinə görə, polis əməkdaşları gecə yarısından etibarən onları şöbədə saxlayıb. Daha sonra isə təxminən iki saat ərzində soyuq hava şəraitində ayaqüstə Nəsimi rayon polis idarəsinin həyətində gözləməyə məcbur ediblər. Saxlanılanlara su və ya yemək verilmədiyi bildirilir. Şahidlərdən biri deyib: “Bizə açıq şəkildə bildirildi ki, 30 və ya 50 manat ödəsək, buraxılacağıq.”

Bir neçə şahidin sözlərinə görə, bu, oxşar sxemin ilk dəfə tətbiqi deyil. Keçən il də bənzər reydin baş verdiyi deyilsə də, bu dəfə əməliyyatın daha sərt və təşkilatlanmış formada aparıldığı vurğulanıb. Şahidlər bildirir ki, polis reydə xüsusi avtobusla gəlib və klubda olanların hamısını kütləvi şəkildə şöbəyə aparıb.

Saxlanılan şəxslər həmçinin polisin onları narkoloji müayinəyə göndərməklə və məhkəməyə çıxarmaqla hədələdiyini deyiblər. Bu hədələrin panikaya səbəb olduğu bildirilir. Bir şahid qeyd edib ki, saxlanılanların barmaq izləri və biometrik məlumatları götürülüb. Bu isə adətən cinayət şübhəliləri üçün tətbiq olunan prosedur sayılır, inzibati pozuntu ilə əlaqəsi olmayan şəxslər üçün deyil.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyi tərəfindən rəsmi açıqlama verilməyib. 

Minority Azərbaycan bildirir ki, bu cür reydlər kuir icmasının qorxudulması və ictimai məkandan sıxışdırılması məqsədi daşıya bilər. Azərbaycan qanunvericiliyində seksual oriyentasiya və gender kimliyinə əsaslanan ayrı-seçkiliyi açıq şəkildə qadağan edən mexanizmlərin olmaması bu cür hallarda cəzasızlıq riskini artırır.

Əvvəlki reydlə bağlı yeni şahid ifadəsi

Hadisədən sonra Minority Azərbaycana müraciət edən oxuculardan biri bildirib ki, oxşar polis müdaxiləsi 2025-ci ilin yanvar ayında eyni klubda baş verib.

Şahidin sözlərinə görə, həmin vaxt klubda təxminən 40–50 nəfər olub və hamısı polis tərəfindən altı saata yaxın saxlanılıb. Bu müddət ərzində saxlanılanlar fiziki zorakılığa məruz qalmasalar da, alçaldıcı rəftar və ciddi psixoloji təzyiq altında saxlanılıblar.

Şahid bildirib ki, reyd zamanı polis əməkdaşları ilə birlikdə olan mülki geyimli şəxslərdən biri açıq şəkildə belə bir ifadə işlədib: “Əlimdə olsaydı, hamınızı güllələyərdim.” Onun sözlərinə görə, bu cür bəyanatlar saxlanılanlar arasında qorxu hissini daha da gücləndirib.

“Fiziki zorakılıq tətbiq edilmədi, lakin davranış forması, danışıq tərzi və saxlanma şəraiti alçaldıcı idi və psixoloji baxımdan çox ağır təsir göstərdi,” – deyə şahid qeyd edib.

Təhlükəsizlik səbəbilə anonim qalmağı xahiş edən şəxs bildirib ki, yaşadığı psixoloji travma və davam edən qorxu hissi səbəbindən hazırda Bakıda yaşamır və mümkün yeni təzyiqlərdən yayınmaq üçün yaşayış yerini dəyişməyə məcbur olub.

Reydlə bağlı şahid ifadəsi

Şahidlərdən birinin sözlərinə görə, saxlanılanlardan birinə qarşı polis əməkdaşları tərəfindən təhqiredici və provokativ ifadələr işlədilib. Saxlanılan buna etiraz etdikdən sonra fiziki zorakılığa məruz qalıb və nəticədə dişi sınıb. Şahid bildirib ki, bundan sonra ona qarşı alçaldıcı və insan ləyaqətini tapdalayan rəftar davam etdirilib.

Labyrinth Project klubundan açıqlama

Hadisədən sonra klubun rəsmi Instagram hesabında qısa açıqlama dərc olunub. Labyrinth Project çıqlamaslndada bildirib ki, məkanda “polis yoxlaması” aparıldığı üçün gecə klubun əməkdaşları və qonaqları üçün gərgin keçib. Klub yaranmış narahatlığa görə üzr istəyib və itmiş əşyaların geri qaytarılması üçün tədbirlər görüldüyünü qeyd edib.

Powered by Froala Editor