QueeRadar sosial mediada kuirlərə qarşı nifrət nitqini sənədləşdirir
Son bir il ərzində Azərbaycanın sosial media məkanı LGBTİQ+ istifadəçilər üçün daha aqressiv və təhlükəli mühitə çevrilib
31/Dec/25
46
QueeRadar sosial mediada kuirlərə qarşı nifrət nitqini sənədləşdirir
Son bir il ərzində Azərbaycanın sosial media məkanı LGBTİQ+ istifadəçilər üçün daha aqressiv və təhlükəli mühitə çevrilib. QueeRadar təşəbbüsünün hazırladığı “Nifrətə yaşıl işıq” adlı yeni mini-tədqiqat “Facebook” və “Instagram” kimi platformalarda kuir kimlikləri hədəf alan nifrət nitqinin açıq və cəzasız şəkildə yayıldığını ortaya qoyur.
Monitorinq zamanı müşahidə olunub ki, kuirfob istifadəçilər əvvəlki illərlə müqayisədə nifrət dolu fikirlərini daha rahat və sərt formada ifadə edirlər. Bu ritorika artıq yalnız şərhlərlə məhdudlaşmır, zorakılığa çağırışlar, alçaldıcı ifadələr və konspirativ narrativlər geniş auditoriyalara çatır. Azərbaycanda kuir vətəndaşlara qarşı baş verən hücumlar və qətllər isə onlayn nifrətin real təhlükə olduğunu çoxdan sübut edib.
QueeRadar-ın hesabatında “Meta” şirkətinə məxsus platformaların Azərbaycan kontekstində ziddiyyətli rolu xüsusi vurğulanır. Bir tərəfdən, bu platformalar kuir icması üçün özünüifadə, həmrəylik və görünürlük baxımından mühüm rəqəmsal məkanlardır. Digər tərəfdən isə, təhqir, təzyiq və linç mədəniyyəti üçün əlverişli mühit yaradır.
2024-cü ildə “Meta”nın nifrət nitqi siyasətində etdiyi dəyişikliklər bu ziddiyyəti daha da dərinləşdirib. Yeni qaydalara əsasən, LGBTİQ+ subyektlərini “ruhi xəstə” kimi təqdim edən və ya patologiyalaşdıran paylaşımlar “siyasi diskurs” çərçivəsində qiymətləndirilərək platformada saxlanıla bilər. GLAAD və All Out kimi beynəlxalq insan haqları təşkilatları bu yanaşmanın diskriminativ narrativləri legitimləşdirdiyini və zorakılıq ritorikasını normallaşdırdığını açıq şəkildə tənqid ediblər.
Hesabatda qeyd olunur ki, bu dəyişikliklər azərbaycanlı kuirlər üçün xüsusilə risklidir. Yerli kontekstdə aktivistlər və təşəbbüs qrupları uzun illərdir “Facebook” və “Instagram”dan qarşılıqlı dəstək, əlaqə və informasiya mübadiləsi üçün əsas vasitə kimi istifadə ediblər. Ənənəvi mediada ya görünməyən, ya da dehumanizə olunan kuir müəlliflər, sənətçilər və bloqerlər üçün sosial şəbəkələr azad ifadə tribunasına çevrilmişdi. İndi isə bu məkanlarda təhqir və təqib “fikir azadlığı” adı altında qorunur.
QueeRadar tərəfindən aparılan “Nifrətə yaşıl işıq” monitorinqi 2025-ci ilin yanvar–iyul aylarını əhatə edir və “Facebook” və “Instagram”ın Azərbaycan seqmentində ictimaiyyətə açıq paylaşılan məzmun əsasında hazırlanıb. Araşdırma LGBTİQ+ subyektləri hədəf alan nifrət nitqinin formalarını, yayılma mexanizmlərini və təsirlərini təhlil edir.
Monitorinq çərçivəsində 100 nifrət nitqi nümunəsi toplanıb. Bu nümunələr açıq zorakılıq çağırışları, alçaldıcı və dehumanizəedici ifadələr, eləcə də konspirativ narrativlər daxil olmaqla müxtəlif kateqoriyalar üzrə qruplaşdırılıb. Hesabatda həmçinin geniş auditoriyaya çatan və yüksək interaksiya toplayan 10 nifrət dolu paylaşım ayrıca cədvəl şəklində təqdim olunub, məlumatların vizual qavranılması üçün infoqrafikalar hazırlanıb.
Araşdırma göstərir ki, bu nifrət təsadüfi deyil. İnfluenserlər, media qurumlarının səhifələri və yarı-ictimai fiqurlar nifrət narrativlərinin formalaşmasında və yayılmasında aktiv rol oynayırlar. Rəqəmsal mühitdə normallaşan bu düşmənçilik isə real həyatda kuirləri zorakılığa, ictimai təcridə və susdurulmaya daha açıq vəziyyətə gətirir.
QueeRadar-ın “Nifrətə yaşıl işıq” hesabatının tam versiyasını PDF formatında yükləməklə oxumaq mümkündür. Hesabatda 2025-ci ilin ilk altı ayında Azərbaycanın sosial media məkanında kuirlər üçün formalaşan tendensiyalar və bu proseslərin niyə yalnız LGBTİQ+ icmasını deyil, bütövlükdə cəmiyyəti narahat etməli olduğu ətraflı şəkildə izah olunur.
Powered by Froala Editor