Qorxu ilə Yaşamaq: Siyasət Kuirlərin Təhlükəsizlik Anlayışını Necə Formalaşdırır

Bu məqalə kuir icmanın müxtəlif qruplarının səslərini bir araya gətirir və mövcud siyasi mühitin — həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə — onların gündəlik təhlükəsizlik hissini necə formalaşdırdığını əks etdirir. Onların hekayələri qlobal və yerli siyasətin şəxsi həyatlara necə sirayət etdiyini, qorxu, qeyri-müəyyənlik və bəzən də ümidsizlik yaratdığını vurğulayır.

Nəzarət Altında Yaşamaq

Son illərdə kuir məkanlarda baş verən polis reydlərindən və polis əməkdaşlarının icma üzvlərini tələyə salmaq üçün kuir tanışlıq tətbiqlərində aktiv olduqlarının üzə çıxmasından sonra, bir çox insan artan narahatlıq içində yaşadığını bildirir.

İştirakçılardan biri paylaşır: “Gecə yarısından dərhal sonra artıq evdə olmalı olduğumla bağlı məndə narahatlıq yaranır. Tanışlıq tətbiqlərində şübhəli profillər görən kimi onları mütləq şikayət edirəm. Hərbi və ya polis forması geyinmiş, silahlarla və ya milli bayraqlarla şəkilləri olan profillər var. Bu profillər mənim üçün açıq xəbərdarlıq əlamətləridir və dərhal onları platformaya şikayət edirəm. Artıq rəqəmsal keçmişim barədə çox düşünürəm. 2017-ci ildə Bakıda baş verən reydlərdən bəri bilirəm ki, istənilən an polis tərəfindən aparıla bilərəm.”

Xaricdən və Daxildən Gələn Təhdidlər

Azərbaycanın Avropa Şurasındakı statusu ətrafında yaranan qeyri-müəyyənlik də icma üçün narahatlıqları daha da dərinləşdirib. Avropa Şurasına üzvlük 2001-ci ildə eynicinsli münasibətlərin dekriminallaşdırılmasını tələb edirdi. İndi isə ölkənin bu qurumdan çıxarılmaq riski ilə üz-üzə qalması bir çox insanı mümkün faciəvi nəticələr barədə qorxuya salır.

Bir iştirakçı bunu belə izah edib: “Bu məni çox qorxudur. Bunun icma üçün nə demək olacağını təsəvvür edə bilmirəm. Onsuz da viza almaq getdikcə çətinləşir. Mənim üçün təhlükəsizlik - ən azı lazım gələrsə ölkəni tərk etmək üçün bir çıxış yolunun olması deməkdir. Qaçmaq üçün viza ala bilməyəcəyimi bilmək məni həqiqətən dəhşətə gətirir.”

Qonşu ölkələrdə baş verənlər bu qorxuları daha da artırır. Türkiyə, Rusiya və Gürcüstanda LGBTQİ+ hüquqlarının getdikcə daha çox hücuma məruz qalması səbəbindən, əvvəllər əlçatan olan qaçış marşrutları indi təhlükəli hesab olunur. İştirakçılar qeyd ediblər ki, keçmişdə insanlar tez-tez başqa ölkələrə sığınacaq üçün müraciət etməzdən əvvəl Türkiyəyə və ya Gürcüstana üz tuturdular. Bu gün isə bu ölkələr artıq təhlükəsiz dəhliz kimi görülmür.

“Hazırda elə hiss olunur ki, Azərbaycan belə Türkiyə və ya Gürcüstandan daha təhlükəsizdir,” — deyə bir nəfər bildirib.

Təhlükəsiz Məkanlara Yiyələnmək — və Onları İtirmək

Bəzi iştirakçılar xaricdə yaşadıqları rahatlıq anlarından danışıblar. Hüquqi təminatların mövcud olduğu və polisin LGBTQİ+ hüquqlarını qorumağa daha meyilli olduğu Avropaya səfər güclü bir təcrübə kimi təsvir edilib. Bir nəfər Avropada qısa müddətli qalışı zamanı dərin bir aidiyyət hissi yaşadığını, lakin geri qayıtdıqdan sonra emosional olaraq sarsıldığını bölüşüb.

“Aİ-də hökumət və polis tərəfindən qorunduğunu bilirsən və bu, bizim üçün hər şey deməkdir. Hətta ümumi ictimaiyyətin də küçələrdə bizə qarşı reaksiya vermə ehtimalı daha azdır,” — deyə o, qeyd edib.

Ancaq Avropa belə artıq əvvəlki kimi təhlükəsizlik təmin edə bilmir. İştirakçılar Macarıstanı nümunə göstərdilər; burada Qürur Ayı tədbirlərinin qadağan edilməsi Avropada avtoritar və populist siyasətin yüksəlişinin regiondakı digər ölkələri də LGBTQİ+ hüquqlarını məhdudlaşdırmağa cəsarətləndirdiyini göstərir.

“Bu cür siyasətçilər bizim kimi ölkələrə demokratiyanı pozmaq və LGBTQİ+ insanlara hücum etmək üçün yaşıl işıq yandırırlar — çünki qınanmaq əvəzinə mükafatlandırılacaqlarını bilirlər,” — deyə bir nəfər bildirib.

Geri Addım Ataraq Problemlə Mübarizə Aparmaq

Bəziləri üçün siyasi mühit onları ictimai və onlayn məkanlardan uzaqlaşmağa məruz qoyub.

“Özümü mümkün qədər siyasətdən uzaq tutmağa çalışıram,” — deyə iştirakçılardan biri bildirib. “Artıq xəbərləri oxumuram. Əvvəllər paylaşımlar edirdim, indi isə dayandırmışam. Alternativ mediadan çıxmışam, baxmayaraq ki, bəzən oxuyuram. Oxumaq motivasiyamı öldürür və bütün günümü korlayır. Siyasət haqqında danışanda pıçıltı ilə danışıram, kimsə dinləyə bilər deyə qorxuram. Tanına biləcəyimdən ehtiyat etdiyim üçün paylaşımları bəyənmir və şərh yazmıram.”

Digərləri isə xüsusilə pandemiyadan sonra ölkə daxilində özlərini sanki həbs olunmuş kimi hiss etdiklərini təsvir ediblər. İştirakçıkar ölkəni daha gec deyil, daha tez tərk etməyin yeganə çıxış yolu olduğuna razılığa gəliblər.

Qlobal Dəyişikliklərin Yerli Təsirləri

İştirakçılar həmçinin ABŞ, Avropa və ya Asiyada baş verən beynəlxalq siyasi proseslərin onların həyatına necə təsir etdiyini müzakirə ediblər. Meta kimi böyük platformaların dəstəyinin azalması və ya Tramp dövründə translar üçün gender markerlərinin qadağan edilməsi kimi addımlar geriləmə kimi qiymətləndirilib. Bu dəyişikliklər dünyada kuirlərin mövqelərini tədricən itirdikləri hissini daha da gücləndirir.

Bəziləri qeyd ediblər ki, qlobal siyasətin getdikcə pisləşdiyi bir vaxtda Asiya hazırda köçmək üçün ən təhlükəsiz region kimi görünür.

Nəticə: Qeyri-Müəyyənliyin Kölgəsində Yaşayırıq

İştirakçılarla olan bu söhbətimiz yerli və qlobal siyasətin kuirlərin gündəlik reallıqlarını nə qədər dərindən formalaşdırdığını ortaya qoyur. Siyasi müqavilələr, sərhədlər və ya seçkilər haqqında uzaq xəbər başlıqları kimi görünən mövzular, əslində, təhlükəsizlik, hərəkət azadlığı və aidiyyət hissi ilə bağlı çox konkret qorxulara çevrilir. Müzakirə qrupumuz üçün məsələ təkcə kağız üzərindəki hüquqlar deyil, açıq yaşaya bilib-bilməmək, sərbəst hərəkət etmək və qorxu olmadan gələcək haqqında düşünə bilməkdir.

Powered by Froala Editor