Azərbaycan mediasında homofob nifrət nitqi 

Azərbaycanın yerli media resurslarından biri olan AFN.az-da nifrıt nitqini gücləndirən yazı yayımlanıb. Yazıda tarixçi kimi təqdim olunan Zaur Əliyev bir neçə ermənini hədəf alaraq, onların guya homoseksual olması ilə bağlı iddialar irəli sürüb və bu iddiaları milli düşmənçilik kontekstində təqdim edib.

Məqalənin əvvəlində müəllif yazının “LGBT[ləri] incitmək məqsədi daşımadığını” iddia etsə də, mətnin bütövlükdə quruluşu və dili LGBTQİ+ları təhlükə və əxlaqsızlıqla eyniləşdirən klassik homofob diskursa söykənib. LGBTQİ+ kimliklər bu yazıda bir daha “düşmən obrazı” yaratmaq üçün alətə çevrilib.

Yazıda adları çəkilən və həqiqətən də, problemi olan fiqurların şəxsi həyatları barədə iddialar irəli sürülüb. 

Yazıda homoseksuallıq birbaşa zorakılıq, təcavüz və milli xəyanət anlayışları ilə yanaşı çəkilib. Bu isə Azərbaycanda yaşayan LGBTQİ+lara qarşı təhlükəli stereotipləri gücləndirir. Belə mətnlər cəmiyyətə açıq mesaj verir: “gey olmaq – düşmən olmaqdır”.

LGBTQİ+ hüquq müdafiəçiləri dəfələrlə vurğulayıblar ki, insanların real və ya uydurulmuş seksual orientasiyasının milli, siyasi və ya hərbi münaqişələrdə silah kimi istifadə edilməsi həm insan hüquqlarına, həm də etik jurnalistika prinsiplərinə ziddir. Bu cür yanaşmalar yalnız nifrəti dərinləşdirir, zorakılığı normallaşdırır və onsuz da təhlükə altında olan icmaları daha da hədəfə çevirir.

Azərbaycanda LGBTQİ+lar uzun illərdir dövlət tərəfindən qorunmayan, mediada isə tez-tez kriminalizasiya və təhqir obyektinə çevrilən bir qrupdur. Belə yazılar isə bu vəziyyəti dəyişmək əvəzinə, homofobiyanı “vətənpərvərlik” adı altında legitimləşdirməyə xidmət edir.

Minority Azərbaycan olaraq bir daha xatırladırıq: Seksual orientasiya və gender kimliyi heç bir halda təhqir, ittiham və ya siyasi manipulyasiya vasitəsi ola bilməz. Tarixlə hesablaşmaq nifrət dili ilə deyil, faktlara, etikaya və insan ləyaqətinə hörmətlə mümkündür.

Əlavə olaraq qeyd edək ki, Zaur Əliyev bundan əvvəl də elmi ictimaiyyətdə ciddi qəbul olunmayan açıqlamaları ilə gündəmə gəlib. O, 2021-ci ildə verdiyi müsahibədə “yadplanetlilərin Azərbaycanda olduğu”na dair araşdırma apardığını iddia etmiş, konkret sübut təqdim etmədən yaxın zamanda “hamını təəccübləndirəcək hadisə” baş verəcəyini söyləmişdi.

Powered by Froala Editor