Bakıda kuir gəncin qətlində təqsirləndirilən şəxs məhkəmə qarşısına çıxarılıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə Bakının mərkəzində baş vermiş ağır qətl işi üzrə məhkəmə prosesi keçirilib. İş üzrə mərhum Yasin İbadovun əmisi Babək İbadov qəsdən adam öldürmədə təqsirləndirilir.

Yerli medianın məlumatına görə, təqsirləndirilən şəxs ittiham aktı ilə tanış olmadığını bildirib. Məhkəmə baxış iclası yanvarın 26-na təyin edilib.

Hadisə 2025-ci il noyabrın 4-də Bakının Səbail rayonunda, Bəşir Səfəroğlu küçəsində qeydə alınıb. 2006-cı il təvəllüdlü Yasin Seymur oğlu İbadov bıçaqlanaraq öldürülüb. Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində qətldə şübhəli bilinən mərhumun əmisi, 38 yaşlı Babək İbadov saxlanılıb.

Mərhum Yasin İbadovun kuir olduğu bildirilib. O, yaxın çevrəsində “Rüzgar” adı ilə tanınıb. Hadisə kuir icması daxilində dərin narahatlıq doğurub və Azərbaycanda LGBTQİ+larln təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda cinayət işi açılıb. Babək İbadova Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə), 221.3-cü (silahdan istifadə etməklə xuliqanlıq) və 228.5-ci (qanunsuz soyuq silah gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb.

Powered by Froala Editor