Kuir TikToker “əxlaqsızlığın təbliği” ittihamı ilə saxlanılıb

Yanvarın 27-də Azərbaycanda kuir TikToker Salman Məmmədov saxlanılıb.

Onun saxlanılması “əxlaqsızlığın təbliği” ilə bağlı yeni qanun dəyişiklikləri fonunda baş verib və sosial şəbəkələrdə paylaşımların “xırda xuliqanlıq” kimi qiymətləndirilməsi ilə əsaslandırılıb.

Qafqazinfonun yazdığına görə, Salman Məmmədov internet informasiya resurslarında yayılması qadağan olunan məlumatları paylaşmaqda ittiham olunub. Salman Məmmədov TikTok platformasında “Velizarofficial” səhifəsini idarə edir və canlı yayımlarına təxminən 80 min istifadəçi qoşulub.

Hadisə İnformasiya haqqında qanuna edilən və yanvarın 26-da rəsmi qəbul edilən dəyişikliklərdən qısa müddət sonra baş verib. Qanuna əsasən, cəmiyyətdə açıq hörmətsizlik nümayiş etdirən, ictimai əxlaq və milli dəyərləri təhqir edən və ya etik olmayan ifadələrdən istifadə edən şəxslər inzibati məsuliyyətə cəlb oluna bilər.

Saxlanma xəbəri sosial mediada yayıldıqdan sonra bəzi istifadəçilər Salman Məmmədovun xeyriyyə fəaliyyəti ilə məşğul olduğunu, xəstə insanlara və uşaqlara yardım etdiyini xatırladaraq təəssüf ifadə ediblər. OC-Media portalına daşına LGBTQİ+ aktivisti Əli Məlikov isə bildirib ki, Məmmədovun paylaşımlarında qanunsuz heç nə olmayıb və “ictimai əxlaq” anlayışının kim tərəfindən və hansı meyarlarla müəyyən edildiyi sual altındadır.

Yanvarın 28-də Azərbaycan Mətbuat Şurası TikTok və YouTube platformalarında “söyüş, təhqir, əxlaqsız davranış və nifrət nitqi”nin geniş yayıldığını iddia edən açıqlama verib və bunun cəmiyyətdə aqressiyanı artırdığını bildirib. Şura “milli və mənəvi dəyərlər” anlayışına aydınlıq gətirməyib.

Powered by Froala Editor