Səhiyyə Nazirliyi İİV-in aşağı yayılma göstəricilərini açıqlayıb

09 fevral 2026-cı il tarixində yayımlanan açıqlamada Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Günel Babayeva Azərbaycanda İİV-in region üzrə ən aşağı səviyyələrdə qalmasının səbəblərini izah edib. O, antiretrovirus müalicə proqramları, erkən diaqnostika, PrEP və PEP kimi profilaktik tədbirlər və maarifləndirmə işlərinin əhəmiyyətini vurğulayıb. 

Məsələ LGBTQİ+ icması üçün xüsusilə vacibdir, çünki İİV-lə bağlı siyasət və ictimai diskurs birbaşa olaraq kuirlərin sağlamlıq xidmətlərinə çıxışına və stiqma ilə qarşılaşma riskinə təsir göstərir.

Açıqlamada “risk qrupları” anlayışı bir neçə dəfə vurğulansa da, bu qrupların konkret kimlər olduğu göstərilmir. Azərbaycanda kuirlər çox vaxt ictimai müzakirələrdə ya görünməz qalır, ya da dolayı şəkildə “risk” kateqoriyasında təqdim olunur. Bu isə bir tərəfdən profilaktika və testləşmə proqramlarına çıxış baxımından imkan yarada bilsə də, digər tərəfdən stiqmanın dərinləşməsi riskini artırır. İİV-in əsas mənbəyinin virusla yaşayan insanlar olduğu və erkən mərhələdə simptomların görünməyə biləcəyi qeyd olunur ki, bu da müntəzəm və könüllü testləşmənin əhəmiyyətini göstərir.

Nazirlik 2006-cı ildən tətbiq olunan antiretrovirus müalicə proqramı çərçivəsində on mindən çox şəxsin daimi nəzarət altında olduğunu bildirir. Müalicə nəticəsində virusun qanda müəyyən olunmayan səviyyəyə enməsi yoluxma riskini minimuma endirir. Bu yanaşma kuirlər üçün mühüm mesajdır. Belə ki, İİV müalicə olunan xroniki infeksiyadır və vaxtında müalicə həm fərdi sağlamlığı, həm də ictimai təhlükəsizliyi qoruyur. Eyni zamanda PrEP və PEP proqramlarının icrası, xüsusilə yoluxma riski yüksək olan şəxslər üçün qabaqlayıcı vasitə kimi təqdim edilir.

Açıqlamada stiqma və diskriminasiyanın aradan qaldırılmasının profilaktikanın mühüm hissəsi olduğu qeyd olunur. Mərkəzin psixoloqları tərəfindən pasiyentlər və ailə üzvləri ilə iş aparıldığı bildirilir. Kuirlər üçün bu məqam xüsusi əhəmiyyət daşıyır, çünki İİV-lə bağlı stiqma çox vaxt homofobiya və transfobiya ilə üst-üstə düşür. Sağlamlıq xidmətlərinə müraciət zamanı təhlükəsizlik və məxfilik məsələləri icmalar üçün həssas olaraq qalır.

Rəsmi məlumatlara görə, 1987-ci ildən 2025-ci ilin sonunadək 11 554 nəfər qeydiyyata alınıb və ölkə Şərqi Avropa və Mərkəzi Asiya regionunda ən aşağı yayılma göstəricilərindən birinə malikdir. Könüllü müayinə məntəqələrinin, mobil test xidmətlərinin və maarifləndirmə proqramlarının genişləndirilməsi qeyd olunur.

LGBTQİ+ icması üçün əsas məsələ yalnız statistik göstəricilər deyil, bu xidmətlərin real və təhlükəsiz əlçatanlığıdır. Profilaktika və müalicə mexanizmlərinin mövcudluğu müsbət göstəricidir. Bununla yanaşı, “risk qrupları” diskursunun necə qurulduğu və stiqmanın aradan qaldırılması istiqamətində praktiki addımların davamlılığı LGBTQİ+ların sağlamlıq hüquqlarının təmin olunması baxımından həlledici olaraq qalır.

Powered by Froala Editor