Mətbuat Şurası TikTok-da “LGBT nümayişi”ni mənfi kontent kimi təqdim edib

05 fevral 2026-cı il tarixində yayımlanan materialda Azərbaycanda TikTok platformasında yayılan kontent “qaranlıq tərəf” kimi təqdim olunub və xüsusilə “LGBT nümayişi” etik dəyərlərə zidd məzmun kimi göstərilib. Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli platformada qeyri-etik paylaşımlarla bağlı narahatlıq ifadə edib və hüquqi addımların mümkünlüyünü vurğulayıb. Seksual orientasiya və gender kimliyinin açıq ifadəsi mənfi və təhlükəli kontent kimi çərçivələnib.

Materialda “LGBT nümayişi” çılpaqlıq və fahişəliklə eyni kontekstdə qeyd olunub. Bu cür diskurs kuir mövcudluğunu əxlaqi pozuntu və sosial təhlükə kimi təqdim edir. Nəticədə LGBTQİ+ların sosial mediada özünüifadəsi ictimai qınaq və potensial hüquqi təzyiq riski ilə üzləşir. “Qeyri-etik paylaşımlar”a qarşı tədbirlər görüləcəyi barədə açıqlamalar isə qeyri-müəyyən sərhədlər yaradır və kuir kontentin hansı meyarlarla qiymətləndiriləcəyi aydın göstərilmir.

Ekspert çıxışında qeyd olunur ki, platformada hüquqi addımlar atıla bilər və bəzi ölkələrdə yeniyetmələrin TikTok-a girişinə qadağalar tətbiq edilir. Azərbaycanda da belə çağırışların olduğu bildirilir. Bu kontekstdə LGBTQİ+ mövzularının “mənfi qəhrəmanlar” anlayışı ilə əlaqələndirilməsi kuir gənclərin həm görünürlük, həm də təhlükəsizlik baxımından daha həssas vəziyyətə düşməsinə səbəb ola bilər. Sosial şəbəkələr bir çox kuir gənc üçün özünüifadə və icma tapmaq məkanı olduğu halda, bu cür ritorika həmin məkanın legitimliyini sual altına qoyur.

Materialda TikTok-un alqoritmlərinin daha çox “neqativ” və “qeyri-etik” paylaşımları ön plana çıxardığı qeyd edilir. Lakin LGBTQİ+ mövcudluğunun avtomatik şəkildə bu kateqoriyaya daxil edilməsi kuir kimliklərin ictimai diskursda necə təqdim olunduğunu göstərir. Burada problem yalnız platforma siyasəti deyil, həm də seksual və gender müxtəlifliyinin ictimai müzakirədə necə çərçivələnməsidir.

Hazırkı müzakirələr göstərir ki, sosial media üzərində nəzarət və “əxlaq” anlayışı ətrafında aparılan debatlar kuirlərin ifadə azadlığına birbaşa təsir edə bilər. LGBTQİ+ icması üçün əsas məsələ platformalarda təhlükəsiz və hədəf göstərilmədən mövcud olmaq hüququnun qorunmasıdır. İctimai ritorikanın kriminal və ya əxlaqi təhlükə dili ilə qurulması isə bu hüququn praktik təminatını daha da mürəkkəbləşdirir.

Powered by Froala Editor