Avropa Komissiyası 2026–2030-cu illər üçün LGBTQİ+ Bərabərlik Strategiyasını təqdim edib

Avropa Komissiyası 2026–2030-cu illəri əhatə edən yeni LGBTQİ+ Bərabərlik Strategiyasını açıqlayıb. Sənəd Avropa İttifaqının təsis müqavilələrində və Əsas Hüquqlar Xartiyasında təsbit edilmiş bərabərlik və ayrı-seçkiliyə yol verilməməsi prinsiplərinə əsaslanır. Strategiya LGBTQİ+ların təhlükəsiz və azad şəkildə öz kimlikləri ilə yaşaya bilməsini təmin etməyi hədəfləyir və kuir icmalar üçün hüquqi və institusional müdafiənin davamlılığını birbaşa təsir edən sənəd kimi qiymətləndirilir.

Komissiya vurğulayıb ki, bərabərlik və ayrı-seçkiliyə yol verilməməsi Aİ-nin demokratik dayanıqlığı, sosial ədaləti və iqtisadi gücü üçün əsasdır. 2020–2025-ci illər üzrə ilk LGBTQİ+ bərabərlik strategiyası çərçivəsində bir sıra qanunvericilik təşəbbüsləri irəli sürülüb və vətəndaş cəmiyyəti təşkilatlarına “Vətəndaşlar, Bərabərlik, Hüquqlar və Dəyərlər” proqramı vasitəsilə dəstək verilib. Yeni strategiya bu istiqamətdə tədbirlərin davam etdirilməsini nəzərdə tutur.

Avropa Komissiyası yeni strategiya sosial şəbəkələrdə belə təqdim edib:

Bəziləri buna fərqlilik deyir.

Biz buna sevgi deyirik. ❤️🏳️‍🌈🇪🇺

Sənəddə qeyd olunur ki, son illərdə LGBTQİ+ların görünənliyi artıb və 2023-cü il üzrə xüsusi Avrobarometr sorğusuna əsasən, Aİ-də insanların 75%-i lezbiyan, gey və ya biseksual həmkarla işləməyə rahat yanaşıb, 59%-i isə övladının eynicinsli münasibətdə olmasını qəbul etdiyini bildirib. Bununla yanaşı, Avropa İttifaqının Əsas Hüquqlar Agentliyinin (FRA) 2023-cü il üzrə üçüncü LGBTQİ+ sorğusuna görə, respondentlərin 37%-i son 12 ayda ayrı-seçkiliklə üzləşdiyini deyib. Bu göstərici xüsusilə trans qadınlar (64%), trans kişilər (63%) və interseks insanlar (56%) arasında daha yüksəkdir.

Bu rəqəmlər göstərir ki, görünənlik artsa da, kuirlər hələ də sistemli risklərlə üz-üzədir. Ayrı-seçkilik, sosial stiqmatizasiya və “anti-gender” narrativlərinin yayılması LGBTQİ+ kimliklərin mübahisəli və ya təhlükəli kimi çərçivələndirilməsi riskini artırır. Strategiyada qeyd edilən “anti-LGBTIQ+ narrativlərin yayılması” kuirlərin hüquqlarının siyasi mübahisə predmetinə çevrilməsi ilə bağlı narahatlığa işarə edir. Bu cür ritorika LGBTQİ+ların bərabər hüquqlu vətəndaş kimi deyil, ideoloji müzakirə obyekti kimi təqdim olunmasına gətirib çıxara bilər.

Nəticə etibarilə, 2026–2030-cu illər üçün LGBTQİ+ Bərabərlik Strategiyası kuirlərin təhlükəsizliyi, görünənliyi və hüquqi müdafiəsi baxımından institusional çərçivəni möhkəmləndirməyi hədəfləyir. Lakin eyni zamanda mövcud ayrı-seçkilik göstəriciləri və “anti-gender” ritorikasının yayılması göstərir ki, kuir icmalar üçün hüquqi təminatların real həyatda tətbiqi və müdafiəsi hələ də aktual məsələ olaraq qalır.

Powered by Froala Editor