1 apreldə saxlanılan geylə müsahibə
Müsahibimiz adının Totu kimi qeyd olunmasını xahiş edir. O geydir. 1 aprel reydlərində saxlanılan şəxslərdən biridir.
04/Apr/19
8053
“Əgər dost deyirsənsə, insan dostunu dar gündə qoyub gedə bilməz. Necə olursa olsun, o bölməyə girməliydim”
- Necə oldu ki, saxlanıldız?
Hadisə 1 aprel 2019-cu ildə saat 8 radələrində oldu. Rəfiqəm Jaləyə müştəri adı ilə zəng vurdular, 150 manat məbləğinə razılığa gəldilər. Mən isə şəhərdə idim. Jalə 8-in yarısı mənə zəng vurub dedi ki: “Məni hotelə çağırıblar, gəl, mənlə gedək.” Mən taksi ilə gedib, Jaləni götürdüm. Biz hotelə getdik. Xətaidə “Gallery” hotel idi. Yol boyu dalbadal zəng edib soruşurdular ki: “Gəlirsənmi?” Hotelə çatdıq, mən yol qırağında taksidə oturdum. Jalə hotelə girəndə 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşdı. Qollarını arxadan burub qandal vurmağa hazırlaşırdılar. Mən qaça-qaça onlara yaxınlaşdım, soruşdum ki: “Neynirsiz, xeyirdimi?” Elə yenicə yaxınlaşmışdım ki, 37-ci polis bölməsinin vəzifəsini bilmədiyim əməkdaşı, Maksim adlı şəxs gəlib dedi ki, “Kənara çəkil, 37-ci bölməyə yaxınlaşıb bilərsən nə olduğunu.” Elə həmin taksi ilə arxalarınca getdim. Bölməyə gedəndə məni içəri buraxmadılar. Biri var dəvətlə aparsınlar, biri də var ki, dostunu cani tutmuş kimi, əllərini arxadan qandallayıb aparsınlar. Mən buna görə təlaş keçirirdim, düşünürdüm, görəsən, bu insanın nə günahı var ki, bu şəkildə tutublar?! Məni əvvəl bölməyə buraxmırdılar, deyirdilər ki, sən gözlə. Bölmənin qapısını təpikləməyə başladım ki: “Dostumu tutursunuzsa, məni də tutun.” Axırda polisin biri çiynimdən tutub dedi: “Bu dəlidi ki, bunu da salın içəri!” Məni təxminən 9-un yarısında Jalənin yanına saldılar. Dedim ki, valideynlərimə zəng etmək istəyirəm. Dedilər ki, sizdən analiz alıb və barmaq izi götürüb buraxacaqlar. Amma orda saatlarla gözlədik.
- Sizi saxlayan şəxslər mülki geyimdə, yoxsa polis formasında idilər?
Saxlayanlar hamısı qara geyinmişdi, bircə maskaları çatışmırdı. 3 nəfər mülki formada, sonradan yaxınlaşan Maksim isə polis formasında idi.
- Polisin sizə rəftarı necə idi, bölmədə nələr baş verdi?
Növbətçi hissədə olanda çiynimdə çantam, içərisində isə telefonum var idi. Əlimdən almaq istədilər. Dedim ki, çantamı əlimdən ala bilməzsiz. Götürdüyünüz hər şeyi sənədləşdirməlisiz. Qanuni şəkildə sənəd tərtib edin. Bəlkə çantama narkotik atacaqsınız? Səsimi ucaltdım, çantamı boğazıma dolayıb dedim ki, yalnız öldürsəz, götürə bilərsiz. Əgər qanunsuz şəkildə çantamı, telefonumu götürmək istəsəniz, şüşələri qırıb özümü doğrayacam. Özümü öldürəcəm. 102-ə zəng vurmaqla hədələdim. Şikayət edəcəyimi dedim. Jalənin əlindən telefonunu almışdılar. Mənim isə qorxum yoxdur, haqqımı-hüququmu tələb edirəm. Bizə vəd etdilər ki, evə buraxılacaqsınız.
“Polisə dedim ki, vəzifəsindən istifadə edib səsini ucaltmasın. Azərbaycan Respublikasının azad vətəndaşıyam”
- 102-ə zəng edib, şikayətinizi bildirdinizmi?
Jaləni rəisin otağına apardılar. O, rəislə danışanda mən 102-i yığdım. Orada dinc dayanmırdım. O baş-bu başa gedirdim. Çünki mən bu illər ərzində çox şey görmüşəm. Mənim dostlarımı yolu səhv yerdə keçmək adıyla aparıb qarşılarına narkotiklər qoyublar, illərlə həbsə yollayıblar. Ona görə də ehtiyatımı öncədən görmək istəyirdim. 102-ə şikayət etdim. Polisin mənə söyüş söyməsini də şikayət etdim. Polisə dedim ki, vəzifəsindən istifadə edib səsini ucaltmasın. Azərbaycan Respublikasının azad vətəndaşıyam. Siz vəzifənizə güvənib məni təhqir edə bilməzsiz. Ünvanıma söyüşlər söyürdü. Sonra isə dediklərini inkar etdi. Onlar mənim səs-küyümdən çəkindilər bir az.
- Sonra nələr oldu?
Jalə rəislə 5 dəqiqə danışdı. Sonra mən rəisin yanına girdim. Mənə dedi ki, niyə haray salırsan? Cavab verdim ki, Jalə məndən qat-qat balacadı, mənim uşaqlıq dostumdu. Zamanında Türkiyədə çox zülmlər görüb, çox çətin anlar yaşayıb, küçələrdə qalıb. Onu öz gücümlə birtəhər Bakıya gətirə bilmişəm. Onun anası hər gün mənlə danışır, onu mənə tapşırıb. Ona bir şey olsa, anasına nə cavab verərəm? Xəstə anaya nə deyərəm?
Həkimlərin analiz üçün nə vaxt gələcəyini soruşurdum. Bütün bu vaxt ərzində növbətçi hissədə qalmışdıq. Çöl qapısı bağlı idi. Çıxmağa qoymurdular. Deyirdilər ki, analizlərdən sonra buraxılacayıq. Bilirsiz, mən özüm Respublika Dəri-Zöhrəvi Dispanserində pasiyentəm. Tibbi kitabçam var. Mütəmadi şəkildə 3 aydan bir analizlər verirəm. Heç bir yoluxucu xəstəliyim olmadığı üçün polisə dedim ki, nə analizlərdən, nə də barmaq izinin götürülməyindən qorxmuram. Çünki cinayət törətməmişəm. Dedim ki, həkimimin nömrəsini verə bilərəm, sağlamlığımla bağlı soruşa bilərsiz.
- Həkiminizlə əlaqə saxlaya bildiniz?
Bilirsiz, mən şəkər xəstəsiyəm. Təzyiqim də çox yüksək olur. Saatlarla bölmədə qalmaqdansa, analiz verib canımı qurtarmağı qərara almışdım. Təki sakit və rahat olum. Dərmanlarımı içim. Ora iki dəfə təcili yardım çağırılmasını tələb etdim, lakin mənə: “Su iç, özünə gəl”, - dedilər. Həkim gətirilmədi. Gecə saat 11 radələrində öz həkimimə zəng etdim. Dedim ki, polis əməkdaşı ilə danışın və mənim müayinələrim barədə məlumat verin. Həkim onlarla danışdı və bütün məlumatları çatdırdı. Polis mənə cavab verdi ki, sənin analizə ehtiyacın yoxdur, tibbi kitabçan var, amma Jalə müayinəyə getməlidir. Gecə saat 2 radələrində Xətai Rayon Baş Polis İdarəsinə aparıldıq. Orada bizdən barmaq izləri və ağız suyu analizi götürdülər. Həmçinin heç bir əsas olmadan şəklimizi çəkdilər. Dedilər ki, məcburidir, lakin buna dair sənəd göstərmədilər. Daha son bizi 37-ci polis bölməsinə geri qaytardılar.
“Yeməklər gələndə soruşdum ki, borcumuz nə qədərdir? Dedilər ki, bizdəndir. Cavab verdim ki, yəqin dəymiş mənəvi zərərin kompensasiyasıdır.”
- Gecəni orda keçirdiniz? Şərait necə idi?
Başımızı aldada-aldada gecə saat 3-ə qədər bizi ac saxladırlar. Soyuq bir yerdə stulun üstündə oturmuşduq. Axırda dedim ki, ay polis əmilər, bu insanlar acdır, biz yemək yeməliyik. Bu ərazidə yemək sifariş etmək üçün bir nömrə verin, mən telefonumla zəng edim. Lahmacun, ya da dönər sifariş edim. Bizdən soruşdular ki, nə istəyirsiz? Dedik ki, filan şeyləri istəyirik. Yeməklər gələndə soruşdum ki, borcumuz nə qədərdir? Dedilər ki, bizdəndir. Cavab verdim ki, yəqin dəymiş mənəvi zərərin kompensasiyasıdır. Bundan başqa heç bir yemək, çay olmadı. Bizi növbətçi hissə ilə üzbəüz otaqda saxlayırdılar. Ora çox soyuq idi, yatmağa yer yox idi, sadəcə stullar idi. Bir dostumuz var, bizə siqaret, su gətirdi, paltar gətirdi.
- Məcburi tibbi müayinəyə aparıldınızmı?
Bizə bölmədə demişdilər ki, səhər qan analizi üçün gedəcəyik, daha sonra isə bizi buraxacaqlar. Səhər saat 9 radələrində bölmə rəisi gəldi. Ona dedim ki, biz ikimiz də xəstəyik, soyuqda qalmışıq. Cavab verdi ki, saat 10-da qan analizindən sonra evə buraxılırsız. Bizi əsas dəri-zöhrəvi dispanserə apardılar, qan analizi götürdülər. Analizləri verdikdən sonra onlara “Polis əmilər, sağ olun” deyib, evə getmək istəyirdim. Cavab verdilər ki, yenə bölməyə qayıtmalıyıq. Lakin mən razı olmadım.
- Sizə zor tətbiq etdilərmi?
Onlara dedim ki, məni maşına otuzdura bilməyəcəksiz. İki nəfər nə qədər çalışsa da, məni otuzdura bilmirdi. Sonra onlardan biri elə yerimdən vurdu ki, müqavimət göstərə bilmədim. Məcburi şəkildə arxa oturacağa otuzdurdular. Mənə zor tətbiq edən şəxsin adı Fəriddir. O mənə dedi ki, Jaləni buraxacayıq, səni isə 3 ay həbsə göndərəcəyik. Onda ağlın başına gələr. Mən də cavab verdim ki, rəis bizə bu cür deməmişdi. O da cavab verdi ki: “İndi isə deyir ki, bölməyə gətirin.” Beləliklə biz yenidən bölməyə gəldik. Bizi polis əməkdaşlarından birinin otağına saldılar. Həmin əməkdaş sağ olsun, Jaləyə icazə verdi ki, divanda yarım saat uzansın. Elşən adlı həmin polis yeganə insan idi ki, bizə çay gətizdirdi. Günorta saat 2 radələri idi, biz isə gecə yediyimiz yeməkdən sonra nəsə yeyib-içməmişdik. Sadəcə gözləyirdik. Məhkəməyə aparılacağımızı hələ demirdilər.
“Mən zarafat elədim ki, Xətai rayonu ərazisində məgər cəmi bir trans və bir gey var?”
- Başqa saxlanılanlar barədə nə bilirsiz?
Rəis bizə deyirdi ki, guya bu, ümumi Bakı üzrə həbsdi. Xəstəliklərə qarşı tədbirdir, həm qadınlar, həm də translar və geylərlə bağlı. Nazirliyin göstərişidir. Mən zarafat elədim ki, Xətai rayonu ərazisində məgər cəmi bir trans və bir gey var? Niyə bizdən başqa bölməyə gətirilən yoxdur. Xətaidə bizdən başqa heç kim yaşamırmı?
- Hər hansı sənədə imza atdınızmı?
Biz hələ 37-ci bölmədə olarkən axşam saat 11 radələrində bizə izahat yazdırdılar. Jaləyə də, mənə də “gətirilmiş” yazmışdılar. Mən isə dedim ki: “Xeyr, mən “gətirilmiş” sözünə imza atmayacam. “Dostunun arxasınca gəlmiş” yazın.” Səhəri gün isə bizi Dəri-Zöhrəvi Dispanserdən bölməyə geri qaytardıqdan sonra günorta saat 3-ə işləmiş polis nəfəri Maksim gəldi. Dedi ki, sənədlərə qol çəkməliyik. Soruşduq ki, hansı sənədlərə? Cavab verdi ki, siz 24 saat burda qalmısız, məhkəməyə çıxarıldıqdan sonra buraxılacaqsız. Sənədlərdə isə bölməyə gətirilməyimiz və neçə saat orda olmağımız haqqındadır. Sənədi tam oxuya bilmədik. Çünki bizə deyirdilər ki: “Tez qol çəkin, məhkəməyə gedək, buraxılırsız.” Bizi tələsdirib qol çəkdirdi. Mən isə bezib yorulduğum üçün, dərmanlarım olmadığı üçün oradan çıxmaq məqsədilə razı olub qol çəkdim. Jalə də qol çəkdi.
“Axırda dedim ki, ay qardaş, taksi tut, pulunu mən verərəm.”
- Bundan sonra siz məhkəməyə aparıldınız?
Biz məhkəməyə getməli idik, lakin bölmədə maşın davası gedirdi, maşın tapılmırdı. Axırda dedim ki, ay qardaş, taksi tut, pulunu mən verərəm. 37-ci bölmənin bizi aparmağa maşını yox idi. Taksi haqqını öz cibimizdən ödəyərək Xətai Rayon Məhkəməsinə getdik. Tapşırdılar ki, məhkəmədə hakim sizə nə deyərsə, sakit durun, başıaşağı olun, üzrxahlıq edin. Sizi yüngül buraxsınlar. Nə desələr, qəbul edin.
- Məhkəmədə nələr baş verdi?
Dostumuzun anası dalımca gəlmişdi. Onu məhkəməyə buraxmadılar. Çöldə gözlədi. Məhkəmədə belə bir söhbət oldu ki, guya polis işçisi Maksim orda Araz marketdə imiş və səs-küyə çıxaraq gəlib. Lakin belə deyil. Orda heç bir səs-küy yox idi, saxlanılma bir saniyənin içində baş vermişdi. Birinci mənim məhkəməm oldu. Dedilər ki, polisə müqavimət göstərmişəm. Cavab verdim ki, dostuma 3 nəfər mülki geyimli şəxs yaxınlaşanda narahat oldum. Elə bildim, davadır, ona görə müdaxilə etməyə çalışdım. Məhkəmədə məni İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə (xırda xuliqanlıq) polisə təhqirə görə 50 manat cərimələdilər. Dostum isə 535.1-ci maddə ilə 10 sutka həbs cəzası aldı. Dünən yanına getmək istədim, məlumat vermədilər.
- Məhkəmədə vəkillə təmin edilmişdiz?
Xeyr, vəkil yox idi.
“Adi cəmiyyətdə gəzirəm, çay içirəm, rahat həyat yaşayıram”
- Əvvəllər polis tərəfindən saxlanılmısızmı?
Bilirsiz, mən bu günə qədər heç vaxt polisə düşməmişəm. Klublara da nadir hallarda gedirəm. Adi cəmiyyətdə gəzirəm, çay içirəm, rahat həyat yaşayıram. Hətta müştərilər içkili vəziyyətdə olanda onların pulunu qaytarıb əlaqədən imtina edirəm. Sakitliyə üstünlük verirəm. Mənim valideynlərim mənə görə xəstədir. İstəmirəm ki, fikir eləsinlər, problem yaşasınlar. Mən heç votsapda da qəribə şəkillər paylaşmıram ki, anam ürəyinə salmasın. Mən bundan sonra da nəsə cinayət törətməyi düşünmürəm.