Azərbaycanda İİV statusu ilə yaşamaq
İİV haqqında danışarkən yalnız statistik artım və ya azalma, testlərin sayı, yaxud müalicəyə çıxış göstəriciləri ilə kifayətlənmək mümkün deyil
30/Apr/26
410
Azərbaycanda İİV statusu ilə yaşamaq
Müəllif: Əli Məlikov
İİV haqqında danışarkən yalnız statistik artım və ya azalma, testlərin sayı, yaxud müalicəyə çıxış göstəriciləri ilə kifayətlənmək mümkün deyil. Biz artıq 1990-cı illərin QİÇS panikası dövründə yaşamırıq, İİV-lə yaşayan insanlar nə cəmiyyət üçün təhlükəli obrazlar, nə də mənəvi qınağın hədəfi kimi təqdim olunmalıdır. Buna baxmayaraq, Azərbaycanda İİV hələ də yalnız tibbi status kimi yox, çox vaxt qorxu ilə əhatələnən və insanı ictimaiyyət qarşısında müdafiəsiz qoyan bir vəziyyət kimi qalıb. Məhz buna görə də, bu sahədə şəxsi təcrübələrdən, stiqmatizasiyadan və gündəlik həyatda hiss olunan görünməz təzyiqlərdən danışmaq vacibdir. Adicə xəstəxanaya getməyin belə insan haqqında şübhə və şayiələr doğurduğu bir mühitdə İİV-pozitivlərin, xüsusilə də, kuirlərin hansı gündəlik təzyiqlər yaşadığını təsəvvür etmək çətin deyil.
Azərbaycanda İİV-lə bağlı rəsmi yanaşma əsasən test, profilaktika, qeydiyyat və müalicə üzərində qurulur. Burnet Institute tərəfindən hazırlanan və Respublika QİÇS-lə Mübarizə Mərkəzi, Səhiyyə Nazirliyinin layihə qrupu, UNAIDS və digər tərəfdaşlarla əməkdaşlıq çərçivəsində tərtib olunan 2023-cü ildə dərc olunmuş analitik sənəddə ölkədə 2021-ci ildə təxminən 10 min İİV-lə yaşayan insanın olduğunu, epidemiyanın isə əsasən kişilərlə seks edən kişilər, narkotik istifadəçiləri, seks işçiləri kimi “açar qruplar” arasında cəmləşdiyini göstərir. 2015-2020 dövründə İİV yayılması kişilərlə seks edən kişilər (MSM) arasında 2.2%-dən 2.6%-ə, qadın seks işçiləri arasında isə 2.3%-dən 3.0%-ə yüksəlib. Azərbaycan üçün prioritetlərdən biri MSM və PWID üçün profilaktika proqramlarının genişləndirilməsi, digəri isə müalicəyə bağlanma, adherensiya (davamlı müalicənin təmin edilməsi) və retensiya üçün yeni və ya böyüdülmüş proqramlardır. Bir sözlə, rəsmi və yarı-rəsmi analitik çərçivə risk qrupları tanınsa da, həmin qrupların, xüsusilə kuirlərin sosial təhlükəsizlik, stiqmatizasiya və etibar məsələlərini necə həll etdiyi haqda ayrıca bir addım yoxdur.
İİV və QİÇS haqqında yazılanların böyük hissəsi qorunmaq zərurətini vurğulayır, amma eyni diqqət artıq bu reallıqla yaşayan insanlara göstərilmir. Bəs statistikada mövcud olan bu insanlar niyə sosial və institusional baxımdan hələ də görünməz qalır?
Məsələn, 2022-ci ilin mayında İİV+ statusunu öyrənən 25 yaşlı Kamran* deyir ki, bu xəbər onun həyatında mənfi sosial və iqtisadi nəticələr də yaradıb. Onun sözlərinə görə, statusundan sonra hər şeyə sanki bir neçə addım geridən başlamalı olur.
“İş axtaranda ən böyük çətinliyim özüm haqqında bəzi məlumatları, xüsusən də İİV statusumu gizlətmək məcburiyyətində qalmağımdır. Ən çox da bunun açığa çıxmasından, sonra da insanlara nəyisə izah etmək məcburiyyətində qalmaqdan qorxuram,” - o deyir.
Kamranın sözlərinə görə, birbaşa problemləri daha çox işə qəbul zamanı hərbi bilet və ya tibbi arayış tələb olunanda yaşayır. O bildirir ki, hərbi xidmətə İİV statusuna görə çağırılmadığı üçün bu məlumat sənədlərdə görünür. Bəzi hallarda isə iş üçün tələb olunan arayışlara statusunun əlavə edildiyini deyir. İşəgötürənlər çox vaxt “tam sağlam” işçi axtardıqları üçün bu hal iş tapmasına birbaşa mane olur. İmmunitetin zəifləməsi, tez-tez yoluxucu xəstəliklərə tutulmaq və işdən müvəqqəti uzaq qalmaq zamanla rəhbərliyin narazılığına səbəb olur.
“Hər dəfə gizlətməyə çalışıram. Bəzən deyirəm hərbi biletim Bakıda deyil, rayondadır. Mümkün qədər yubatmağa və sənədi verməməyə çalışıram. Bəzən işə yarayır, bəzən də deyirlər ki, bu olmadan sizi işə götürə bilmərik. Bütün bu prosesdə içim içimi yeyir. Zülmlə iş tapırsan, müsahibələrdən keçirsən, axırda qeydiyyat zamanı geri çevirirlər.”
Onun sözlərinə görə, iş tapa bilməmək gündəlik həyatına və maddi vəziyyətinə ciddi təsir edir. Qənaətlə yaşamağa, borc almağa, sənədləşməsi zəif və ağır şərtləri olan işləri qəbul etməyə məcbur qalır. Kamran hər yeni vakansiyada təkcə “bu işə uyğunam?” sualı yox, həm də “məni bu statusla qəbul edərlərmi?” və ya “bunu gizlədə biləcəyəmmi?” suallarını da düşünməlidir.
LGBTQİ+lar üçün əmək bazarına daxil olmaq və orada istiqamət seçmək prosesi haqqında daha ətraflı oxumaq üçün Nilin müəllifi olduğu “Azad seçim yoxsa risklərlə çərçivələnmiş qərar? Azərbaycanda kuirlərin karyera seçimləri” yazsına buradan keçid edə bilərsiz.
Həbsxanada olarkən İİV-ə yoluxan 26 yaşlı trans qadın Aysel* deyir ki, həbsxanaya düşməzdən əvvəl mütəmadi analiz verirdi və nəticələr neqativ idi. Həbsxanaya qəbul edilərkən götürülən qan analizində də virus müəyyən olunmamışdı. Daha sonra eyni kameraya əvvəldən tanıdığı bir trans qadının gətirildiyini, həmin şəxsin analiz nəticələrinin şübhəli çıxdığını və bundan sonra özünün də yenidən test vermək istədiyini danışır.
“İkinci analizimin cavabı pozitiv gələndə dünya başıma yıxıldı. İnanmırdım. Vəkilimə zəng etdim, xahiş etdim ki, məni Penitensiar Xidmətin mərkəzi xəstəxanasına göndərsinlər. Orada da yoluxduğum təsdiqləndi və terapiyaya başladım,” - Aysel deyir.
Ayselin sözlərinə görə, diaqnozdan sonrakı ilk dövr çox ağır keçib. O, nə yemək, nə yatmaq, nə də danışmaq istədiyini, ətrafdakılara virus ötürmək qorxusundan bıçaqdan, qab-qacaqdan, yemək hazırlamaq üçün istifadə olunan əşyalardan belə uzaq qaçdığını deyir. Dərman təminatı dövlət proqramı çərçivəsində olduğu üçün əsas terapiyaya çıxış olsa da, digər tibbi xidmətlərin pullu olduğunu vurğulayır.
“Həbsxana işçiləri çox qəddar davranırdılar. Sanki hava-damcı yolu ilə yoluxacaqmış kimi bizdən uzaq dururdular. Normal münasibət göstərənlər də var idi, amma ümumi mühit daha çox savadsızlıq və cahillik üzərində qurulmuşdu. Üstəlik, homoseksual və ya transsansa, bu nifrət, alçaldıcı sözlər və kinayəli baxışlar on qat artır.”
Onun sözlərinə görə, digər məhbuslar arasında da həm məlumatlı, həm məlumatsız olanlar vardı, amma əksəriyyəti yaxın oturmaqdan, danışmaqdan, hətta eyni məkanı paylaşmaqdan çəkinirdi. Bir dəfə həbsxana əməkdaşlarından birinin onlara “sizin hamınızı bir yerə yığıb yandırmaq lazımdır, həm xəstəsiniz, həm də mundar” dediyini xatırlayır. Bu sözlərdən sonra məhbuslar etiraz edib, vəkillərinə zəng vurub və məsələ ilə bağlı araşdırma aparılıb.
Ayselin fikrincə, həbsxana sistemi məhbusu qorumaq üçün yox, ondan istifadə etmək üçün qurulub. O deyir ki, dövlət proqramı olmasaydı, İİV-lə yaşayan məhbusların dərmanlara çıxışı da çox çətin olardı. Hətta bəzi vitamin və serumların məhbuslara pulla satıldığını iddia edir. Azadlığa çıxdıqdan sonra isə həm həbsdə olmuş olmaq, həm də İİV+ statusu ilə yaşamaq onun üçün ikiqat sosial yükə çevrilib. “İnsan özündən iyrənən bir vəziyyətə düşür. Heç kimə arzulamaram bunu. Xəstəxanalarda belə insanlar statusunu biləndən sonra xidmət göstərmək istəmirlər, gender kimliyinə görə mövcud olan ayrı-seçkilik bu vəziyyətdən sonra daha da çətinləşib” - o deyir.
Hazırda Avropada yaşayan 22 yaşlı Murad* isə İİV+ statusunu öyrəndiyi dövrü nisbətən sakit qarşılayıb. Onun sözlərinə görə, əvvəlcə ortada yalnız ehtimal vardı və diaqnoz dəqiqləşənə qədər o, artıq pozitiv çıxacağı halda nə etməli olduğunu düşünmüşdü. Məlumatlı olması bu xəbəri onun üçün daha az sarsıdıcı edib.
“Mən heç vaxt xəstəliyin özündən qorxmamışam. Çünki tibbin inkişaf etdiyi bir dövrdə yaşayırıq və bu virus nəzarətdə saxlanıla bilir. Mən daha çox insanların münasibətindən, yəni stiqmadan qorxurdum” - o deyir.
Murad statusunu həyatında yalnız yaxın hiss etdiyi bir neçə insanla bölüşüb. Onun sözlərinə görə, statusunu qəbul etməyəcək insanları onsuz da həyatında saxlamır. Bu səbəbdən, gündəlik həyatında İİV+ olmaq ona bir çox sahədə ciddi maneə yaratmasa da, yalnız münasibətlər mövzusunda diqqətli davrandığını deyir. Əgər qarşısındakı şəxsin onun statusuna görə qərəzli davranacağını hiss etsə, münasibəti özü əvvəldən dayandırır.
Bununla belə, diaqnozdan sonrakı ilk üç ayı Azərbaycanda keçirdiyi üçün səhiyyə sistemində xoş olmayan təcrübələrlə üzləşib. Respublika QİÇS-lə Mübarizə Mərkəzinin bəzi tibb işçiləri bir neçə aylıq dərmanı təmin etmək üçün ondan “şirinlik” istəyiblər. Eyni zamanda, həmin dövrü onun üçün daha az stressli edən, qayğı göstərən tibbi işçilərin də olduğunu qeyd edir.
Murad hesab edir ki, İİV-lə bağlı ən təhlükəli yanlış təsəvvürlərdən biri virusun gündəlik məişət təması, otaq, divar və ortaq əşyalar vasitəsilə keçdiyinə dair inanclardır. O, bir dəfə iştirak etdiyi bir tədbirdə virusun otaqda qalaraq divarlara “hopduğunu” və sonra başqalarına keçdiyini iddia edən birini xatırlayır. Digər təhlükəli təsəvvür isə İİV+ olmağın avtomatik olaraq ölüm demək olduğu fikridir. Onun sözlərinə görə, bu, həm İİV-lə yaşayan insanın özünü, həm də ətrafındakıları lazımsız panikaya sürükləyir.
Murad özünü qorumaq üçün xüsusi bir gizlənmə praktikası yaşamadığını desə də, statusunu hər kəslə paylaşmır. Müalicədə olduğu və virus yükü aşkar edilməyən səviyyədə qaldığı müddətdə bunu paylaşmağa məcbur olmadığını düşünür. Onun fikrincə, Azərbaycanda İİV+ insanların görünməz qalmasının əsas səbəbləri səhiyyə sisteminin zəif ictimai kommunikasiya qurması və təhsil sistemində mövzu ilə bağlı dolğun məlumatın olmamasıdır. Küçə reklamları, kampaniyalar, açıq çağırışlar və təhsil proqramları olmadığı üçün insanlar məlumatı şayiələrdən və qorxu üzərindən əldə edir.
Murad deyir ki, İİV+ insanlar mediada çox az görünür, görünəndə isə mövzu maarifləndirici şəkildə deyil, qorxuducu çağırışlarla təqdim olunur. Simptomları sadalayaraq “bunlar varsa, gedib test verin” tipli paylaşımları yanlış hesab edir. Onun fikrincə, bu cür ümumiləşdirilmiş kontentlər həm İİV+ insanlar, həm də başqaları üçün əlavə qorxu yaradır.
Virusun yayılmasını ölçmək və nəzarətdə saxlamaq mümkündür. Amma onunla yaşamağın şərtlərini dəyişmək daha çətindir. QİÇS-lə mübarizə yalnız tibbi göstəricilərlə ölçüləndə, insanların yaşadığı görünməz təzyiqlər nəzərdən kənarda qalır. İctimai kommunikasiya yalnız “qorunun” çağırışından ibarət olduqda, bu dil çox vaxt virusla yaşayan insanları yenə təhlükə və qorxu vəziyyətində saxlayır. Halbuki İİV+ insanlar artıq bu gün bu cəmiyyətin içində yaşayır. Bu reallığı görmədən qurulan istənilən natamam yanaşma effektiv dəyişiklik gətirə bilməz.
* Respondentlərin adları təhlükəsizlik üçün dəyişdirilib.
Powered by Froala Editor