Barama Evi 3-cü sorğu xülasəsini ictimaiyyətlə paylaşıb
"Azərbaycanda LGBTİ+ şagirdlərin üçdə biri məktəbdə qısnamaya məruz qalıb"
24/Jun/26
44
"Azərbaycanda LGBTİ+ şagirdlərin üçdə biri məktəbdə qısnamaya məruz qalıb"
Azərbaycanda LGBTQİ+ların həyat təcrübələrə haqqında araşdırmalar aparan Barama Evi təşkilatı bu il Bakı Qürur Həftəsi çərçivəsində 3-cü sorğu xülasəsini ictimaiyyətlə paylaşıb. "Azərbaycanda LGBTİ+lərin məktəb mühitində qarşılaşdıqları qısnama təcrübələri" adlı sorğu 2025-ci ilin avqustundan 2026-cı ilin martına qədər keçirilmiş, analizə 94 cavab daxil edilib.
Sorğuya qatılan respondentlərin 37%-i məktəb dövründə LGBTQİ+ kimliyinə görə ayrı-seçkilik, qısnama və ya fiziki zorakılıqla üzləşdiyini bildirib. Bu qrupu (n=35) ən çox geylərin (17), qeyri-binarların (7), trans qadınların (4) və trans kişilərin (3) təşkil etdiyi görünür. Coğrafi baxımdan Bakı, Gəncə, Sumqayıt, Şəki başda olmaqla ölkənin 18-dən çox şəhərindən respondent iştirak edib.
Qısnamaya məruz qalan 35 nəfərin hamısı sözlü qısnamaya (alçaldıcı ifadələr, söyüş, ləqəb qoşma, hədə-qorxu) məruz qaldığını bildirib. Bundan əlavə, 25 nəfər sosial təcriddən (kollektiv fəaliyyətlərə daxil edilməmək), 17 nəfər fiziki zorakılıqdan (itələmə, vurma, əşyaların zədələnməsi), 13 nəfər isə kiber zorakılıqdan (sosial mediada hədəf göstərilmə, şəxsi məlumatların yayılması) əziyyət çəkdiyini qeyd edib.
Qısnama aktlarının arxasında ilk növbədə sinif yoldaşları (sözlü qısnama üzrə 30 hal) dursa da, müəllim və məktəb işçilərinin də bu aktlara iştirakı nəzərəçarpacaq dərəcədədir. Sözlü qısnama üzrə 16, fiziki zorakılıq üzrə 8 hal müəllimlər tərəfindən baş verib.
İntensivlik cəhətdən isə tablo daha da ağır olduğu görünür. Belə ki, sözlü qısnamanın 24 halda mütəmadi olaraq davam etdiyi bildirilib.
Qısnamaya məruz qalanların böyük əksəriyyəti heç kimə müraciət etmədiyini bildirib. Ailədən, dostlardan, psixoloqdan dəstək alanlara isə miqyasca olduqca az rast gəlinib.
Sorğuya qatılanların 68%-i məktəbdə başqa LGBTQİ+ şagirdlərə qarşı qısnamaya şahid olduğunu bildirib (n=63). Bu qısnamalara məktəb heyətinin münasibəti isə narahat edicidir. Belə ki, 37 halda heyət üzvləri qısnayanları açıq dəstəkləyib və ya özləri də mənfi münasibət sərgiləyib, 23 halda neytral qalıb. Aktiv müdaxilə isə cəmi 3 halda baş verib.
Qısnamanın ağır izlər buraxdığı rəqəmlərlə də təsdiqlənib. 33 respondent davamlı narahatlıq, depressiya və stress yaşadığını, 24-ü oxumağa motivasiyasının azaldığını, 17-si məktəbdən qaçındığını bildirib. 18 nəfər məktəbdə zorla ifşa edildiyini, 7 nəfər məktəb dəyişdirmək məcburiyyətində qaldığını, 3 nəfər isə müəyyən müddət təhsilini dayandırdığını qeyd edib.
Akademik performansa təsir baxımından isə 26 nəfər qısnama səsəbindən nəticələrinin aşağı düşdüyünü, 19 nəfər isə müəllimlərin qiymətləndirmədə ayrı-seçkilik etdiyini bildirib.
"Məktəbdəki zorakılıq sadəcə təhsilimi deyil, gələcəyimi də məndən oğurladı."
"Məruz qaldığım qısnama ucbatından 2-3 il məktəbə gedə bilmədim... Ümumilikdə 4 məktəb dəyişdim və hər birində eyni proses təkrarlandı."
Sorğunun son hissəsində iştirakçıların böyük əksəriyyəti bu dəyişikliklərin vacibliyini vurğulayıb. Məktəb heyətinin həssaslığının artırılması (82 nəfər), şagirdlər üçün əlçatan psixoloji dəstək mexanizmlərinin yaradılması (74), anonim şikayət mexanizmləri (74) və maarifləndirici fəaliyyətlər (73 və 69).
Tam sorğu xülasəsi barama.org saytında əldə edilə bilər.
Powered by Froala Editor