Belarusda LGBTQİ+ və pedofiliyanın təbliğini cəzalandıran qanun qüvvəyə minib
21 iyun bazar günü Belarusda homoseksual münasibətlərin təşviqi, tranzisiya, uşaqsızlıq və pedofiliyaya görə inzibati məsuliyyət tətbiq edən qanun qüvvəyə minib
27/Jun/26
26
Belarusda LGBTQİ+ və pedofiliyanın təbliğini cəzalandıran qanun qüvvəyə minib
Qanuna görə, homoseksual münasibətləri təşviq etmək, tranzisiya, pedofiliya və uşaqsız (child-free) davranışlar 900 rubla qədər, yetkinlik yaşına çatmayanlara təsir etdikdə isə 1350 rubla qədər cərimələnəcək. Bəzi hallarda isə yuxarıda qeyd olunan davranışlara görə inzibati həbs müəyyən olunub.
Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının məlumatına görə, 21 iyun bazar günü Belarusda homoseksual münasibətlərin təşviqi, tranzisiya, uşaqsızlıq və pedofiliyaya görə inzibati məsuliyyət tətbiq edən qanun qüvvəyə minib. Bu müddəa Belarus parlamenti tərəfindən qəbul edilub və ölkə prezidenti Aleksandr Lukaşenko tərəfindən 2026-cı ilin aprelində imzalanmış "İnzibati Məsuliyyətlə Bağlı Məcəllələrdə Dəyişikliklər Edilməsi haqqında" qanunda yer alıb.
Qanuna əsasən, Belarusda LGBTQİ+, tranzisiya, pedofiliya və uşaqsız həyat tərzinin təbliğinə görə cərimələrdən tutmuş inzibati həbsə qədər məsuliyyət tətbiq edilib. Homoseksual münasibətlərin, tranzisiyanın, uşaqsızlığın və pedofiliyanın təbliğinə görə cəzalara 900 rubla qədər cərimə daxildir. Fərdi sahibkarlar üçün maksimum cərimə 4500 rubl, hüquqi şəxslər üçün isə cərimə 4500-dən 6750 rubla qədər müəyyən olunub.
Bundan əvvəl Belarus Baş prokuroru Andrey Şved ölkədə "eynicinsli münasibətlərə, cinsin dəyişdirilməsinə və könüllü uşaqsızlığa" qarşı mübarizə aparılacağını açıqlayıb. Onun sözlərinə görə, "LGBTİ təbliği" anlayışı altında "internetdə, ictimai çıxışlarda və nəşrlərdə [belə məlumatın] cəmiyyətə çatdırılmasının istənilən forması" başa düşüləcək.
2013-cü ildə Rusiyada ilk dəfə oxşar qanun qəbul edilib və yetkinlik yaşına çatmayanlara "qeyri-ənənəvi ailə dəyərləri"nin təbliğini qadağan edib. O vaxtdan bəri Gürcüstan, Macarıstan, Qazaxıstan və Qırğızıstan da daxil olmaqla bir neçə ölkədə oxşar qanunlar qəbul edilib, Rusiya qanunu isə 2022-ci ildə yalnız uşaqlara deyil, istənilən yaşda olan insanlara şamil edilməsi üçün dəyişdirilib.
Powered by Froala Editor