"Təhlil" adı altında anti-LGBTQİ+ çıxışlar

Globalinfo.az saytında 8 iyul tarixində dərc olunan "LGBT ətrafında bitməyən müzakirələr: Qərb nəyi hədəfləyir? – Azərbaycan detalı" başlıqlı material, jurnalistik təhlil formasına bürünsə də, əslində LGBTQİ+ icmasına qarşı sübutsuz iddiaları, konspirologiyaya əsaslanan çərçivəni və nifrət nitqinə yaxın rekonstruksiyanı təkrarlayan bir mətndir.

Yazı Niderland Baş naziri Rob Jettenin Türkiyə səfərində nişanlısının onu müşayiət etməməsi kimi neytral bir faktla başlayır, ardınca isə bunu birbaşa "Qərbin nəyisə hədəflədiyi" iddiasına bağlayır. Bir siyasətçinin şəxsi həyatına dair məlum fakt (o cümlədən Xavier Bettel, Leo Varadkar, Elio Di Rupo kimi açıq homoseksual siyasətçilərin mövcudluğu) heç bir əlavə sübut olmadan geniş bir "Qərb gündəmi" nəzəriyyəsinin sübutu kimi təqdim olunur. Bu, jurnalistikada "cherry-picking" adlanan üsuldur, seçilmiş bir neçə fakt ümumiləşdirilərək sübut edilməmiş iddianı dəstəkləmək üçün istifadə olunur.

Mətndə "bəzi beynəlxalq ideoloji tendensiyalar", "müxtəlif maliyyə, media və kommunikasiya resursları" kimi ifadələr dəfələrlə işlədilir, lakin bunların nə olduğu, kim tərəfindən maliyyələşdirildiyi və hansı sübutlarla təsdiqləndiyi göstərilmir. Bu formulaşdırma klassik konspirasiya nəzəriyyəsi ritorikasıdır. Qeyri-müəyyən, adı çəkilməyən "güclər" mövcud fərziyyəni dəstəkləmək üçün istinad nöqtəsi kimi göstərilir, amma yoxlana bilən heç bir məlumat verilmir.

Materialda sosioloq Elçin Bayramlının sitatında "uşaqlar və yeniyetmələr arasında təbliğ" ifadəsi işlədilir. Bu, dünya üzrə homofobik ritorikanın ən çox tənqid olunan elementlərindən biridir. LGBTQİ+ların mövcudluğunu və ya haqlarını uşaqlara təhlükə kimi təqdim edilir. Beynəlxalq hüquq təşkilatları, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsi presedentləri dəfələrlə qeyd edib ki, LGBTQİ+ mövzusunun ictimai müzakirəsi və ya mövcudluğu "təbliğat" deyil, insan hüquqları məsələsidir. Bu cür formulaşdırmalar isə real ayrı-seçkiliyə və zorakılığa haqq qazandırmaq üçün tarixən istifadə olunub.

Sitat gətirilən iki mütəxəssisdən politoloq Züriyə Qarayeva nisbətən neytral, təsviri mövqe saxlasa da, sosioloq Elçin Bayramlının bütün çıxışı akademik təhlildən çox, siyasi bəyanata bənzəyir. "Milli-mənəvi dəyərlər", "azərbaycançılıq ideologiyası", "dövlət proqramı hazırlanmalıdır" kimi ifadələr sosioloji arqumentdən çox, dövlət siyasəti tövsiyəsidir. Sağlam Cəmiyyət Hərəkatının sədri statusunda çıxış edən şəxsin sözləri "ekspert rəyi" kimi təqdim olunsa da, əslində konkret ideoloji mövqeyi əks etdirir və bu, oxucudan gizlədilir.

Mətn sadəcə mövcud vəziyyəti təsvir etməklə kifayətlənmir, televiziyada və rəqəmsal platformalarda LGBTQİ+ mövzusuna dair "hüquqi çərçivədə mübarizə", "qanunvericilik tədbirləri" çağırışı ilə bitir. Bu isə məzmunun konkret siyasi hərəkətə çağırış xarakteri daşıdığını göstərir.

Globalinfo.az-ın bu materialı jurnalistik obyektivlik prinsiplərinə əməl etmir. Əvəzində sübut olunmamış "Qərb təhlükəsi" nəzəriyyəsini, LGBTQİ+ların uşaqlara təhdid kimi göstərilməsini və dövlətdən senzura tələb edən çağırışları "ekspert rəyi" donuna bürüyərək təqdim edir. Bu üsul regionda LGBTQİ+ icmasına qarşı ictimai düşmənçiliyi gücləndirən və real ayrı-seçkiliyə zəmin yaradan bir nümunədir.

Powered by Froala Editor