LGBTQİ+ mövzusu yenə "silah" kimi təqdim olunub
Şuşa Media Forumu haqqında geosiyasi yazıda LGBTQİ+ mövzusu yenə "silah" kimi təqdim olunub
18/Jul/26
49
Şuşa Media Forumu haqqında geosiyasi yazıda LGBTQİ+ mövzusu yenə "silah" kimi təqdim olunub
"Əliyevin Şuşadan dünyanı silkələyən bəyanatı..." başlıqlı geniş həcmli materialda Azərbaycanın Avropa Şurası Parlament Assambleyası (AŞPA) ilə münasibətləri təhlil edilərkən LGBTQİ+ mövzusuna da toxunulub. Yazının bu hissəsi tanış, problemli bir çərçivə üzərində qurulub.
Mətndə deyilir, "Eyni şəbəkə AŞPA-da LGBT platformasını Azərbaycana qarşı yeni cəbhə kimi səfərbər etmək istiqamətinə start verdi... Məqsəd aydındır: Avropanın mütəşəkkil LGBT parlamentari şəbəkəsini Azərbaycana qarşı koordinasiyalı kampaniyaya qoşmaq. Bu, ideoloji deyil, taktiki addımdır."
Mətndə LGBTQİ+ hüquq müdafiəsi "cəbhə" və "silah" kimi təqdim olunub. Parlamentarlərin LGBTQİ+ hüquqlarını müdafiə etməsi birbaşa "Azərbaycana qarşı yeni cəbhə" adlandırılıb. Bununla, LGBTQİ+ mövzusu müstəqil bir hüquq məsələsi olmaqdan çıxarılıb, tamamilə geosiyasi alətə çevrilib. Bu cür dil LGBTQİ+ aktivizmini legitim etmək əvəzinə, onu "xarici düşmən alətinə" çevirir, bu da kuir insanları və onların hüquq müdafiəçilərini "casus" və ya "alət" kimi damğalamağın klassik üsuludur.
Motivin "ideoloji deyil, taktiki" adlandırılması hüquq mövzusunu şübhə altına alıb. Yazıda açıq şəkildə yazılıb ki, bu, "ideoloji deyil, taktiki addımdır". Yəni müəllifə görə, bu parlamentarilərin LGBTQİ+ hüquqları ilə bağlı həqiqi narahatlığı yoxdur, sadəcə Azərbaycana zərbə vurmaq üçün mövzudan istifadə edirlər. Bu iddia heç bir sübutla dəstəklənmir. Konkret sənəd, sitat və ya daxili yazışma təqdim olunmadan bir insanın illər üzrə apardığı hüquq müdafiəçiliyi fəaliyyəti "saxta niyyət" kimi qiymətləndirilir. Bu, mövzunun mahiyyətini müzakirə etmək əvəzinə, müdafiəçinin niyyətini şübhə altına alaraq mövzunu gündəmdən çıxarmaq taktikasıdır.
Mətndə LGBTQİ+ platforması haqqında bəhs birbaşa "ermənipərəst şəbəkə", "informasiya hücumu sxemi" bəhsindən sonra, onun davamı kimi verilib. Bu quruluş oxucuya LGBTQİ+ hüquq müdafiəsini də eyni "kampaniya"nın bir hissəsi kimi qəbul etdirir. Halbuki insan hüquqları məsələləri müstəqil qiymətləndirilməlidir, onları hər hansı geosiyasi münaqişənin alt-başlığına çevirmək həm mövzunu, həm də prosesi təhrif edir.
Powered by Froala Editor