Türkiyədə LGBTQİ+ təşkilatlarına qarşı geniş miqyaslı əməliyyat

Türkiyədə 12-13 sentyabr tarixlərində LGBTQİ+ təşkilatlarına, hüquq müdafiəçilərinə və əyləncə məkanlarına qarşı "Ailem Güvende" ("Ailəm təhlükəsizdir") adlı geniş miqyaslı, çoxşəhərli əməliyyat həyata keçirilib. Ədliyyə Nazirliyinin həyata keçirdiyi əməliyyat nəticəsində 15 vilayətdə 162 şəxs şübhəli qismində qeydə alınıb, 9 təşkilat və 13 müəssisə barəsində məhkəmə prosesi başladılıb, onlarla LGBTQİ+ hüquq müdafiəçisi saxlanılıb. Eyni zamanda, onlarla sayt və sosial media hesabına giriş məhdudlaşdırılıb. Məlumatı Türkiyənin LGBTQİ+ media qurumu Kaos GL yayıb.

Əməliyyat Türkiyədə 1980-ci il 12 sentyabr hərbi çevrilişinin 46-cı ildönümünə təsadüf edib.

Hadisələrin ronologiyası

12 sentyabr, gündüz — rəqəmsal məhdudiyyət. 

İstanbul 7-ci Sülh Cəza Məhkəməsinin 2026/9559 saylı qərarı ilə çoxsaylı LGBTQİ+ təşkilatının, nəşr orqanının, tələbə birliyinin, hüquq müdafiəçisinin və aktivistin internet saytı və sosial media hesabına giriş məhdudlaşdırılıb.

12-13 sentyabr gecəsi, saat 01:00 — ev basqınları və ilk saxlanılmalar. 

Gecə saat 01:00-dan etibarən Kaos GL Dərnəyinin əsas və ehtiyat idarə heyəti, eləcə də təftiş komissiyasının üzvləri evlərinə edilən polis basqınları ilə saxlanılmalar başlayıb. Şəhərdən kənarda olanlar Ankaraya aparılmaq üçün saxlanılıb. Dərnəyin ofisində axtarış aparılıb.

13 sentyabr gecə saatları — Mersin, Quşadası, İzmir və İstanbuldan məlumatlar. 

Mersində Muamma LGBTQİ+ Dərnəyi və Mersin 7 Rəng LGBTQİ+ Həmrəylik Dərnəyinə qarşı əməliyyat keçirilib, dərnək rəhbərləri saxlanılıb. Şəhərdə "fahişəlik" araşdırması da aparılıb. Quşadasında ən azı iki LGBTQİ+ aktivisti saxlanılıb. İzmirdə ən azı bir aktivist "fahişəlik" əməliyyatı çərçivəsində saxlanılıb. İstanbulda isə Beyoğlu və Şişlidə çoxsaylı ünvana eyni zamanda əməliyyat keçirilib. Taksim, Cihangir və İstiqlal prospekti ətrafındakı, aralarında LGBTQİ+ gecə klubları və masaj salonlarının da olduğu bildirilən ünvanlarda axtarış aparılıb.

13 sentyabr səhəri — İstanbul mərkəzli ikinci dalğa basqınlar. 

Səhər saatlarında İstanbulda ikinci dalğa dərnək basqınları həyata keçirilib. Mətbuata sızan məlumata görə, İstanbulda 15 nəfərlik axtarış siyahısı və 6 dərnəyə dair axtarış qərarı, əlavə olaraq 20 nəfərlik ayrı bir siyahı mövcud olub. SPoD və HEVİ LGBTİ+ Dərnəyinə polis müşayiəti ilə girilib, Pozitiv Yaşam Dərnəyi və Pozitiv-İz Dərnəyinin ofislərinə isə çilingər vasitəsilə daxil olunub. SPoD-un qurucularından və dərnəklə əvvəllər əlaqəli olmuş bəzi şəxslər saxlanılıb. Ankarada Çəhrayı Həyat (Pembe Hayat) Dərnəyinin idarə heyəti sədri də saxlanılıb.

Kaos GL-ə birbaşa zərbə

Kaos GL Dərnəyinə qarşı əməliyyatda ehtiyat üzvlər də daxil olmaqla idarə və təftiş heyətinin bütün üzvləri saxlanılıb, dərnəyin ofisində axtarış aparılıb. Ankara Cümhuriyyət Baş Prokurorluğunun İnformasiya Cinayətləri Bürosu tərəfindən aparılan istintaqda dərnəyin saytı və sosial media hesablarındakı məzmun "ədəbsizlik" ittihamına əsas göstərilib. Hansı konkret paylaşımların ittihama səbəb olduğu isə istintaq sənədində qeyd olunmayıb.

Ankara 4-cü Sülh Cəza Hakimliyinin 11 sentyabr tarixli qərarına görə, prokurorluq Kaos GL-in saytında və sosial media hesablarında "uşaqlar tərəfindən görülə bilən" formada "ədəbsizlik ehtiva edən paylaşımlar" olduğunu iddia edib və Türkiyə Cinayət Məcəlləsinin 226-cı ("ədəbsizlik") maddəsi əsasında istintaq başladıb. Qərarda dərnəyin saytından və hesablarından istifadə edilməsi Dərnəklər Qanununa zidd davranış kimi də qiymətləndirilib. Basqınlar zamanı telefon, kompüter, planşet və digər elektron cihazlar müsadirə edilib.

Eyni saatlarda İstanbul Cümhuriyyət Baş Prokurorluğu ilə İstanbul Polis İdarəsi və Jandarma Komandanlığı bölmələri Beyoğlu və Şişlidə çoxsaylı məkana əməliyyat keçirib.

Onlarla sayt və sosial media hesabı bağlanıb

12 sentyabrda, Türkiyədə 1980-ci ildə baş vermiş hərbi çevrilişinin 46-cı ildönümündə, Kaos GL Dərnəyi, 17 May Dərnəyi, ÜniKuir xəbər saytı, Çəhrayı Həyat Dərnəyi, SPoD, Gənc LGBTİ+ Dərnəyi, Lambdaistanbul, Muamma LGBTİ+ Dərnəyinin saytları və velvele.net saytı daxil olmaqla onlarla sayt Türkiyədə bloklanıb.

Bloklanan şəxsi hesablar arasında Kaos GL-in Baş Redaktoru, jurnalist Yıldız Tar, vəkil və insan hüquqları müdafiəçisi Levent Pişkin, aktrisa və trans hüquqları aktivisti Seyhan Arman, teatr aktyoru və LGBTQİ+ aktivisti Zeynep Esmeray Özadıktı, gənclik və LGBTQİ+ hüquqları müdafiəçisi Enes Hocaoğulları kimi tanınmış simaların hesabları da yer alıb. X (Twitter) qərarları icra edərək hesabları Türkiyədən bağlayıb, Instagram isə hələlik bunu etməyib.

Bu il Qürur Ayında da çoxsaylı LGBTQİ+ dərnəyinin və aktivistinin sosial media hesabı bloklanmış, bunun arxasında polisin "Sanal Devriyə" (virtual patrul) təcrübəsinin durduğu ortaya çıxmışdı. Maraqlıdır ki, polisə bu səlahiyyəti verən 2017-ci il qanun dəyişikliyi 2020-ci ilin fevralında Türkiyə Konstitusiya Məhkəməsi tərəfindən Konstitusiyaya zidd elan edilərək ləğv olunub. Məhkəmə bu təcrübənin demokratik cəmiyyət prinsiplərinə uyğun olmadığını vurğulayıb.

Nazirin açıqlaması və rəsmi ittihamlar

Ədliyyə Naziri Akın Gürlekin açıqlamasına görə, İstanbul, Ankara, İzmir, Aydın və Mersin Cümhuriyyət baş prokurorluqlarının "Ailem Güvende" əməliyyatları çərçivəsində 15 vilayətdə 162 şəxs şübhəli qismində, 9 dərnək və 13 müəssisə barəsində məhkəmə prosesi başladılıb. Mətbuata sızan açıqlamada "fahişəliyə vasitəçilik etmək və ya yer təmin etmək", bu fəaliyyətlərə şərait yaratdığı iddia edilən müəssisələr, "ədəbsiz məzmun istehsal etmək və yaymaq" və uşaqların bu məzmuna məruz qalması kimi başlıqlar yer alıb.

Açıq mənbələrə əsasən, adı çəkilən dərnək və qurumlar arasında Kaos GL, Muamma LGBTİ+ Dərnəyi, Mersin 7 Rəng LGBTİ+ Həmrəylik Dərnəyi, SPoD, Lambdaistanbul, HEVİ LGBTİ+ Dərnəyi, LİSTAG (LGBTİ+ övladları olan valideynlər dəstək qrupu), Pozitiv Yaşam Dərnəyi, Pozitiv-İz Dərnəyi və Çəhrayı Həyat Dərnəyi var.

Əməliyyatdan saatlar əvvəl nifrəti qızışdıran paylaşım

Kaos GL-in məlumatına görə, əməliyyatlardan bir neçə saat əvvəl hakimiyyətə yaxınlığı ilə tanınan İstiklal qəzetindən Baki Yayanın X hesabından LGBTQİ+ları hədəf alan bir paylaşım edilib: "Dövlətimiz dəmir yumruğunu vurur. Növbə sapqınlara gəldi. Hamısı yığışdırılmalıdır. Lut qövmünün qalıqları, növbə sizdədir. O gecə, elə bu gecə olmalıdır." Bu paylaşımın əməliyyatlardan qısa müddət əvvəl edilməsi tənqidçilər tərəfindən əməliyyatın planlı xarakter daşıdığının əlavə göstəricisi kimi qeyd olunub.

Siyasi partiyalardan reaksiyalar

Əməliyyata Türkiyə parlamentindəki bir sıra müxalifət partiyasından sərt reaksiyalar gəlib.

DEM Partiya Qadın Məclisi əməliyyatı "cəmiyyəti tabeçilikdə saxlama əməliyyatı" adlandıraraq bildirib: "'Ailem Güvende' adının verildiyi bu əməliyyat, adından da başa düşüldüyü kimi, cəmiyyəti tabeçilik altına alma əməliyyatıdır... Əsl təhlükəsizlik problemi qadınların və LGBTİ+ların həyatını təhdid edən zorakılıq, cəzasızlıq və ayrı-seçkilikdir."

DEM Partiyalı deputat Özgül Saki isə hakimiyyətə birbaşa müraciət edərək bildirib: "Ailənizi özünüzə saxlayın. Kimin necə yaşayacağına, kimin kiminlə yan-yana duracağına, kimin təşkilatlanacağına sizin düşməncəsinə əxlaq anlayışınız qərar verməyəcək." Saki əməliyyatı "cinayət uydurmaq" kimi xarakterizə edib.

Mersin deputatı Perihan Koca əməliyyatı "faşizmin institutlaşmasında yeni bir hədd" adlandıraraq bildirib: "İstanbul, Ankara, İzmir, Aydın və Mersində LGBTİ+ dərnəklərinə və aktivistlərinə qarşı 'Ailem Güvende' əməliyyatının keçirilməsi adi bir əməliyyat deyil... çünki faşist rejimin mayası qadın və LGBTİ+ düşmənçiliyi ilə damğalanıb."

Türkiyə İşçi Partiyasının (TİP) LGBTİ+ Bürosu bəyanatında bildirib: "Ədliyyə Nazirliyi tərəfindən 'Ailem Güvende' adı altında keçirilən bu əməliyyatlar, cəmiyyətin ən müdafiəsiz və ən çox hədəf alınan təbəqələri ilə həmrəylik içində olan qurumları təzyiq altına almağı hədəfləyir... Hüquq müdafiəçiliyi hədəf alına bilməz!"

EMEP (Əmək Partiyası) deputatı Sevda Karaca əməliyyatı təşkil edən Ədliyyə Nazirini tənqid edərək bildirib: "Bir Ədliyyə Nazirini düşünün ki, konstitusion təşkilatlanma hüququnu cinayətləşdirir, nifrət və ayrı-seçkiliyi qızışdırır... Bu, ailəni qorumaq siyasəti deyil. Cəmiyyəti Sarayın təsvir etdiyi 'məqbul ailə' və 'məqbul vətəndaş' qəlibinə salmaq siyasətidir."

Yeni Partiya İzmir deputatı Gökçe Gökçen isə əməliyyatı əvvəllər qanunlaşmamış tənzimləmələrin əyani tətbiqi adlandıraraq bildirib: "'Təsir agentliyi' qanunu keçmədi, 'homoseksuallığa təşviq' qanunu da keçmədi... Amma indi mövcud olmayan bir qanun tətbiq olunur." Gökçen məsələnin təkcə əməliyyat aparılan dərnəkləri deyil, bütün parlament üzvlərini maraqlandırdığını vurğulayıb.

Avropa Parlamentidən reaksiya

Avropa Parlamentinin Türkiyə üzrə məruzəçisi Nacho Sanchez Amor sosial media hesabından bəyanat yayaraq əməliyyata tənqidi münasibət bildirib: "Dünən gecə LGBTİ+ aktivistlərinə qarşı həyata keçirilən genişmiqyaslı saxlanılma və basqınlar, Türkiyədəki təzyiq mühitinin nə dərəcədə ciddi bir həddə çatdığını göstərən şoka salan bir inkişafdır. Bir əxlaq anlayışının cəmiyyətə tətbiq edilməsi, əsas hüquqların və Türkiyənin beynəlxalq öhdəliklərinin açıq şəkildə pozulmasıdır. Bu yanaşma ölkəni olduqca qaranlıq bir yola sürükləyir."

Powered by Froala Editor