Avropa Şurası LGBTQİ+ların bərabər hüquqları üzrə ilk Strategiyasını qəbul edib

Avropa Şurasının Nazirlər Komitəsi təşkilatın LGBTQİ+ların bərabər hüquqları üzrə ilk Strategiyasını qəbul edib. 2027-2032-ci illəri əhatə edən Strategiya mövcud insan hüquqları öhdəliklərinin həyata keçirilməsi üçün struktur çərçivə təqdim edir və bərabərliyin təmin edilməsi, ayrı-seçkilik və zorakılığın qarşısının alınması istiqamətində ümumi istiqamət müəyyənləşdirir. Eyni gün Avropa Şurası seksual oriyentasiya, gender kimliyi, gender ifadəsi və cins xüsusiyyətləri (SOGİESC) əsaslı nifrət nitqinə dair yeni hesabat da açıqlayıb. Məlumatı Avropa Şurası yayıb.

Strategiya Avropa İnsan Hüquqları Məhkəməsinin LGBTQİ+ların hüquqlarına dair ilk qərarından, 1981-ci ildə "Dudgeon Birləşmiş Krallığa qarşı" işi üzrə qərardan, 45 il sonra qəbul edilib. O vaxtdan bəri Məhkəmənin presedent hüququ, Nazirlər Komitəsinin tövsiyələri, Avropa Irqçilik və Dözümsüzlüyə qarşı Komissiyasının (ECRI) standartları və digər monitorinq orqanlarının işi LGBTQİ+ların müdafiəsi üçün əhəmiyyətli bir çərçivə formalaşdırıb. Yeni Strategiya bu bazanı bir araya gətirərək onun səmərəli və ardıcıl tətbiqinə fokuslanır.

Avropa Şurasının Baş Katibi Alen Berset bildirib: "Strategiyanın qəbulu bizim LGBTİ+ bərabərliyinə sadiqliyimizin başlanğıcı deyil. Bu, onun yeni mərhələsidir: Avropa Şurasının insan hüquqları standartları və üzv dövlətlərin öz üzərinə götürdüyü öhdəliklər əsasında hərəkət üçün çərçivə təqdim edir." Baş Katib əlavə edib: "Avropa Şurası insan hüquqlarının hər kəsə aid olduğu inancı üzərində qurulub. Bu strategiya bunu reallığa çevrilməsinə kömək edir. İnklüzivlikdə istisna ola bilməz."

Sənəddə vurğulanır ki, üzv dövlətlərdə əhəmiyyətli irəliləyiş qeydə alınsa da, bu, qeyri-bərabərdir. Ayrı-seçkilik, zorakılıq, nifrət nitqi və nifrət cinayətləri davam edir. Qütbləşdirici narrativlər və dezinformasiya getdikcə daha çox LGBTQİ+ları hədəf alır, rəqəmsal texnologiyalar və süni intellekt isə qərəzi təkrarlamaq, təcavüzkar müşahidəni asanlaşdırmaq, texnologiya vasitəsilə zorakılığı gücləndirmək və zərərli məzmunun yayılmasını sürətləndirmək yolu ilə bu riskləri daha da artıra bilər.

Fəaliyyət üçün dörd prioritet

Strategiya şəxsi və ailə həyatı, təhsil, məşğulluq, səhiyyə, ictimai xidmətlər, vətəndaş cəmiyyəti, eləcə də rəqəmsal texnologiyalar və süni intellekt sahələrini əhatə edən çoxsaylı istiqamətlərdə tədbirlər görülməsini təklif edir. Strategiyada dörd əsas prioritet müəyyənləşdirilib: 

  • LGBTQİ+ların bərabər hüquq və ləyaqətinin tanınması və damğalanmaya qarşı hörmət və inklüzivlik mədəniyyətinin təşviqi; 

  • demokratiyanı, insan hüquqlarını və hüququn aliliyini qorumaq üçün LGBTQİ+larla bağlı dezinformasiya və məlumat manipulyasiyasına qarşı mübarizə; 

  • LGBTQİ+lara qarşı zorakılıq və nifrətin qarşısının alınması və onlarla mübarizə; 

  • effektiv hüquqi, institusional və tənzimləyici çərçivələr vasitəsilə müdafiənin qurulması, qorunması və gücləndirilməsi.

Milli səviyyədə Strategiyanın həyata keçirilməsində üzv dövlətlər mərkəzi rol oynayır. Avropa Şurası isə standartların müəyyənləşdirilməsi, monitorinq və əməkdaşlıq vasitəsilə onlara dəstək göstərəcək. Strategiya rəsmi olaraq 2027-ci il yanvarın 26-da, Nazirlər Komitəsinin Monteneqro Sədrliyi çərçivəsində keçiriləcək tədbirdə təqdim olunacaq.

Powered by Froala Editor