Trans qadının qətli nifrət cinayəti kimi qiymətləndirilməyib

Fevral ayında Bakıda qətlə yetirilən şəxsin Aydan adlı trans qadın olduğu bildirilir. Bu barədə Qıy Vaar! məlumat yayıb. Təşkilatın icma üzvlərindən əldə etdiyi məlumata görə, məhkəmə materiallarında "O.U." adı ilə təqdim olunan şəxs əslində Aydandır. Qətldə təqsirləndirilən Röyal İsmayılov hadisəyə dair ittihamları qəbul edib. 

Qıy Vaar! daha əvvəl Bakıda gey qətli ilə bağlı Röyal İsmayılovun cinayət işinə dair xəbər paylaşıb. Təşkilat indi həmin xəbəri yenilədiyini bildirib. İcma üzvlərindən alınan məlumata görə, məhkəmə materiallarında "O.U." adı ilə təqdim olunan şəxs Aydan adlı trans qadındır.

Qıy Vaar!-ın icma üzvlərindən aldığı yeni məlumata görə, Aydanın qohumları onun trans kimliyini və istifadə etdiyi adı gizlətməyə çalışıblar. Bu səbəbdən qətl barədə məhkəmə xəbərlərində o, trans qadın kimi təqdim olunmayıb.

İttihamnaməyə görə, İsmayılov sosial media vasitəsilə tanış olduğu iki trans qadınla ayrı-ayrılıqda görüşməyi razılaşdırıb. O, fevralın 15-də Tovuzdan Bakıya gəlib və yanında əvvəlcədən hazırladığı bıçaq olub.

Fevralın 19-da WhatsApp vasitəsilə Aydanla əlaqə saxlayan İsmayılov görüş təklif edib. Tərəflər Bakının Nərimanov rayonundakı otelə gəliblər. İttihamnaməyə görə, otelin pilləkənləri ilə qalxarkən İsmayılov Aydana bıçaqla hücum edib. Aydan aldığı xəsarətlər nəticəsində hadisə yerində həyatını itirib.

İsmayılov həmin gün başqa bir trans qadınla da görüşməyi planlaşdırıb, lakin Bakının Nəsimi rayonundakı görüş yerinə gedərkən polis tərəfindən saxlanılıb.

Lent.az-ın məlumatına görə, İsmayılov məhkəmə iclasında LGBTQİ+ları "cəzalandırıb məhv etmək" qərarına gəldiyini bildirib. O, qəsdən adam öldürmə və iki və ya daha çox şəxsi öldürmə ittihamları ilə mühakimə olunur, təqsirləndirilənin həbsi davam edir.

Təqsirləndirilən şəxsin LGBTQİ+ları kimliklərinə görə hədəf aldığını açıq şəkildə bildirsə də, qətl ittihamnamədə nifrət cinayəti kimi qiymətləndirilməyib.

Powered by Froala Editor