İşçi hüquqları müdafiəçisi polis bölməsində cinsi qısnamaya məruz qaldığını deyir
İşçi hüquqları müdafiəçisi Sara Rəhimova polis bölməsində cinsi qısnamaya məruz qaldığını deyir
27/Oct/26
50
İşçi hüquqları müdafiəçisi Sara Rəhimova polis bölməsində cinsi qısnamaya məruz qaldığını deyir
Feminist, işçi hüquqları müdafiəçisi və "İşçi Masası"nın üzvü Sara Rəhimova fevral ayında polis bölməsində barmaq izləri götürülərkən ona qarşı cinsi xarakterli davranış göstərildiyini iddia edib. Rəhimova oktyabrın 24-də Facebook səhifəsində yaydığı mətndə hadisəni, eləcə də barəsində açıldığı bildirilən cinayət işi və ölkədən çıxışına qoyulan qadağa ilə bağlı təzyiqləri açıqlayıb.
Rəhimova yazır ki, 2026-cı il fevralın 21-də pasportunun müddəti bitdiyi üçün ASAN Xidmətə müraciət edib. Orada ona barəsində cinayət işi olduğu, ölkədən çıxışına qadağa qoyulduğu və Daxili İşlər Nazirliyi tərəfindən pasport verilməsindən imtina edildiyi bildirilib. Onu əvvəlcə 28-ci polis bölməsinə, sonra Səbail Rayon Polis İdarəsinə aparıblar.
Onun sözlərinə görə, 28-ci polis bölməsində barmaq izlərinin götürülməsi üçün onu otağın içərisindəki başqa bir otağa salıblar və qapını içəridən bağlayıblar. Rəhimova barmaq izləri götürülərkən ona toxunmağa cəhd edildiyini, etiraz edərək toxunmamalarını tələb etdiyini, lakin bunun bir neçə dəfə təkrarlandığını yazır. O, qapalı otaqda qalmaq istəmədiyini bildirib.
Rəhimova otaqdan çıxarıldıqdan sonra ona toxunmağa cəhd edən şəxsin "Sən gözəlsən, cavansan" kimi ifadələr işlətdiyini, onu PPX maşınına mindirərkən də toxunmağa cəhd edildiyini iddia edib. O qeyd edib ki, həmin vaxt cəmi bir gün əvvəl əməliyyat olunmuşdu, tikişləri sağalmamışdı, dərmanı yanında olmadığı üçün şiddətli ağrı çəkirdi.
Daha sonra onu işığı yanıb-sönən, pis qoxulu otağın yanına aparıb "Onsuz da burada qalacaqsan" deyiblər və qapını bağlayıblar. Rəhimova bunu psixoloji təzyiq kimi xarakterizə edib. Səbail Rayon Polis İdarəsində isə müstəntiqin olmadığı bildirilib.
Rəhimova yazır ki, bundan sonra aylarla evdən çıxmağa qorxub, evinin qarşısında izlənildiyini hiss edib və ağır psixoloji sarsıntı keçirib. O, Daxili İşlər Nazirliyinə rəsmi şikayət verib. Şikayətdə əsasən barəsindəki cinayət işinin mahiyyəti barədə məlumat verilmədiyini və iki ildir ifadəsinin alınmadığını bildirib.
Rəhimovanın sözlərinə görə, iş 2024-cü ildə açılıb və Bakı Şəhər Baş Polis İdarəsindədir. O, Səbail Rayon Polis İdarəsində müstəntiqlə görüşündə ona "Sən dövlətə qarşı çıxırsan" deyildiyini, işin Cinayət Məcəlləsinin 178.2.1 (qabaqcadan əlbir olan qrup tərəfindən dələduzluq) və 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə bağlı olduğunun bildirildiyini yazıb.
Rəhimova vurğulayır ki, istintaqdan yayınmır, əvvəl çağırışlara gəlib və rəsmi müraciətlər edib, lakin polis idarələrinə mütəmadi çağırılmaq və orada qarşılaşdığı münasibət onda yenidən ciddi stress yaradır. Elmi fəaliyyətlə məşğul olduğunu, səyahət qadağasının müstəqil tədqiqatlarını da məhdudlaşdırdığını qeyd edir.
O, bunu aylarla ictimailəşdirmədiyini, çünki diqqətin siyasi məhbusların vəziyyətindən yayınmasını istəmədiyini, lakin dostlarının məsləhəti ilə açıqlamağa qərar verdiyini bildirib. Rəhimova barəsindəki işin qanuni, şəffaf və obyektiv araşdırılmasını və hüquqlarının təmin olunmasını tələb edir.
Powered by Froala Editor