Macarıstan LGBTQİ+ əleyhinə müddəaları ləğv edir
Macarıstan parlamenti Viktor Orbanın hakimiyyəti dövründə qəbul edilmiş LGBTQİ+ şəxslərin görünürlüğünü məhdudlaşdıran əsas müddəaları ləğv edib
29/Oct/26
75
Macarıstan LGBTQİ+ əleyhinə müddəaları ləğv edir
Macarıstan parlamenti Viktor Orbanın hakimiyyəti dövründə qəbul edilmiş LGBTQİ+ şəxslərin görünürlüğünü məhdudlaşdıran əsas müddəaları ləğv edib, lakin LGBTQİ+ hüquqlarını məhdudlaşdıran digər qanunvericilik qüvvədə qalır.
Macarıstan parlamenti oktyabrın 13-də ölkənin 2021-ci il tarixli Uşaqların Müdafiəsi haqqında Qanunundakı LGBTQİ+ əleyhinə müddəaları ləğv etmək üçün səs verib. Bu qərar keçmiş baş nazir Viktor Orbanın LGBTQİ+ların ictimai görünürlüğünə qarşı siyasətindən mühüm geri çəkilmə hesab olunur. Macarıstanın Telex nəşrinin məlumatına görə, qanun dəyişikliyi 139 lehinə və 51 əleyhinə səslə qəbul edilib.
Əvvəlki qanun 18 yaşdan kiçik şəxslərin görə biləcəyi məzmunlarda homoseksuallığın və gender keçidinin təsvirini və təbliğini qadağan edib. Uşaqların müdafiəsi adı altında qəbul edilən bu məhdudiyyətlər təhsilə, reklamlara, mediaya və LGBTQİ+ personajlarının yer aldığı kitablara çıxışa təsir göstərib.
Yenilənmiş qanunvericilikdə diqqət seksual orientasiya və gender müxtəlifliyinə istinadları qadağan etməkdən uşaqların inkişafına ciddi zərər vura biləcəyi hesab edilən məzmunlara — o cümlədən seksual xarakterli açıq materiallara, istismara və zorakılığa yönəldilib.
Bu dəyişiklik Avropa İttifaqı Ədalət Məhkəməsinin apreldə verdiyi qərardan sonra baş verib. Məhkəmə Macarıstanın qanunvericiliyinin Aİ hüququnu pozduğunu və LGBTQİ+ların damğalanmasına və cəmiyyətdən təcrid edilməsinə töhfə verdiyini müəyyən etmişdi. Baş nazir Peter Magyarın rəhbərlik etdiyi yeni hökumət bu dəyişiklikləri Orbanın siyasi irsinin müəyyən elementlərinin aradan qaldırılmasının bir hissəsi kimi təqdim edir.
“Yalnız ilk addım”
Macarıstanın LGBTQİ+ hüquqları sahəsində fəaliyyət göstərən Háttér Society təşkilatı parlamentin qərarını alqışlayıb. Təşkilat illərdir qanuna qarşı mübarizə aparıb.
Oktyabrın 14-də yayımlanan bəyanatında təşkilat məhdudiyyətlərin ləğvini sevindirici hadisə kimi qiymətləndirsə də, bunun bərabərliyə doğru yalnız ilk addım olduğunu vurğulayıb. Təşkilat Orban hökumətinin ayrı-seçkiliyə əsaslanan siyasətinin nəticələrini aradan qaldırmaq üçün əlavə qanunvericilik dəyişikliklərinə çağırıb.
LGBTQİ+ların hüquqları ilə bağlı problemlər təhsil və mediada təmsilçilikdən daha genişdir. Macarıstanda transgender şəxslərin hüquqi gender tanınması məhdudlaşdırılır, eynicinsli cütlüklər isə övladlığa götürmə zamanı maneələrlə üzləşirlər. LGBTQİ+ların ictimai toplantılarına təsir edən məhdudiyyətlər də qüvvədə qalır.
Human Rights Watch sentyabrda xəbərdarlıq etmişdi ki, təklif olunan islahatlar ayrı-seçkiliyə yol verən bir sıra müddəaları dəyişməz saxlayır. Bunlara konstitusiyanın müvafiq müddəaları və Pride yürüşlərinə qarşı istifadə edilmiş Toplaşmaq Azadlığı haqqında Qanunun məhdudiyyətləri də daxildir. Təşkilat hökuməti bu maneələri aradan qaldırmağa çağırıb.
Bu qərar Macarıstanda LGBTQİ+ hüquqları ətrafında illərdir davam edən mübarizənin fonunda qəbul edilib. 2025-ci ildə Orban hökumətinin qadağa cəhdinə baxmayaraq, Budapeşt Pride yürüşü keçirilib və çoxsaylı insanları bir araya gətirib. Yürüş toplaşmaq azadlığına və LGBTQİ+ların ictimai görünürlüğünə qoyulan məhdudiyyətlərə qarşı mühüm etiraz aksiyasına çevrilib.
Fəallar üçün son səsvermə ayrı-seçkiliyi legitimləşdirməyə xidmət edən qanunun geri çəkilməsi baxımından əhəmiyyətli nailiyyətdir. Lakin ictimai təmsilçiliyə qoyulan məhdudiyyətlərin aradan qaldırılması ailə həyatı, hüquqi tanınma və ictimai məkanlarda bərabər hüquqların avtomatik təmin olunması demək deyil.
Powered by Froala Editor