Kremlyönlü hakerlər ILGA konfransının iştirakçılarının adını yayıb
Kremlyönlü hakerlər Rusiya saytında ILGA tərəfdaşlarının və fəallarının məlumatlarını yayıb
24/Nov/26
19
Kremlyönlü hakerlər ILGA konfransının iştirakçılarının adını yayıb
Kremlyönlü hakerlər Rusiya saytında ILGA tərəfdaşlarının və fəallarının məlumatlarını yayıb. "Underside" hakerlər qrupunun saytında 2025-ci ilin oktyabrında keçirilən ILGA konfransında iştirak etmiş Rusiya və digər postsovet ölkələrindən olan 105 nəfərin adı dərc olunub. Hakerlərin təşkilatın qrant sənədlərinə də çıxış əldə etdiyi, o cümlədən Rusiyadakı LGBTQİ+ layihələrinin maliyyələşməsi barədə məlumatların yer aldığı qeyd olunub.
Avropanın LGBTQİ+ təşkilatlarını birləşdirən ILGA-Avropa rəsmi açıqlamasında təşkilatla əməkdaşlıq edən fəalların, tərəfdaşların və maliyyə əlaqələrinin qeyri-ictimai məlumatlarının Rusiya nəşrində dərc olunduğunu təsdiqləyib. Təşkilat bunun yaratdığı narahatlığa görə üzr istəyib və bildirib ki, rəqəmsal sistemlərini qorumaq üçün dərhal tədbirlər görüb, müstəqil kibertəhlükəsizlik mütəxəssisləri cəlb edib. Araşdırma məlumatın necə əldə edildiyini, nələrin ifşa olunduğunu və təhlükənin davam edib-etmədiyini müəyyənləşdirməlidir. ILGA-Avropa qeyd edib ki, hadisənin tam şəraiti və miqyası hələlik məlum deyil. Təşkilat zərərçəkənlərlə əlaqə saxladığını, risk altında olanlara üstünlük verdiyini və məlumatların qorunması üzrə bildiriş öhdəliklərini də qiymətləndirdiyini bildirib.
ILGA-Avropa həm də ictimaiyyətdən yazının və ya ona keçidin paylaşılmamasını, ifşa olunmuş şəxsi məlumatların yayılmamasını xahiş edib. ILGA-Avropa adından gələn şübhəli və ya qeyri-adi mesajları isə yalnız mövcud etibarlı kanallar vasitəsilə yoxlamağı tövsiyə edir.
"Novaya Gazeta Europe" yazır ki, bu sızma adı çəkilən şəxsləri iki baxımdan təhlükəyə atır— LGBTQİ+ icması ilə əlaqələrinə və Rusiyada "arzuolunmaz" elan edilmiş təşkilatlarla əməkdaşlıqlarına görə. Hüquq müdafiəçiləri lazım gəldikdə hüquqi məsləhət almağa çağırıb. "Underside" qrupu əvvəllər də Rusiyalı hüquq müdafiəçilərinin və mesenatların sındırılmış məlumatlarını yayıb. Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova qrupun dərc etdiyi materiallara istinad edib.
Powered by Froala Editor