Endi Uorhol
Endi Uorhol XX əsrin görkəmli rəssamı, prodüseri, rejissoru, yazıçısı, pop-art cərəyanının parlaq nümayəndəsidir.
03/Jan/19
4440
Əsl adı Andrey Varhola olan, lakin əsasən Endi Uorhol adı ilə tanınan XX əsrin görkəmli rəssamı, prodüseri, rejissoru, yazıçısı, pop-art cərəyanının parlaq nümayəndəsi Endi Uorhol 6 avqust 1928-ci ildə ABŞ-ın Pittsburq şəhərində anadan olub. O, öz yaradıcılığını istehsal konveyerinə qoyaraq onu istehlak məhsuluna çevirmiş dahi rəssamdır.
Uşaq ikən xorea, daha sonra skarlatin xəstəliklərinə tutulub. Bu səbəbdən uşaqlığının əsas dövrünü yataqda keçirib. Həmin dövrdə rəsm çəkməyə başlayıb və qəzetlərdən kollaj düzəltməyi öyrənib.
Endi Uorhol homoseksual olub və oriyentasiyasını heç vaxt gizlətməyib. O, həm də hipokondriyak idi. Xəstəliklərdən, həkimlərdən və xəstəxanalardan qorxurdu.
1960-ci illərdə Endi dollar əskinaslarının, göbələk buludlarının, elektrik stulunun, Campbell's Soup Cans, Coca-Cola rəsmlərini yaradır. Bu dövrdən Endi fotoqraf və rəssam kimi Merilin Monro, Elizabet Teylor, Cim Morrison, Elvis Presli, Məhəmməd Əli və başqa məşhurlarla əməkdaşlıq edir. Merilin Monronun ölümündən sonra Endi aktrisanın həyat və ölümünün alleqoriyasına çevrilmiş məşhur «Merilin Diptixi» əsərini yaradır.
Endi film çəkməyə başlayır, lakin həmin dövrdə çəkdiyi filmlərin çoxunun sujet xətti yox idi. Deyilənə görə, bir filmi az qala 25 saat uzunluqdadır. Onun Sleep adlı filmində dostunun 8 saat yatması çəkilib. Bu filmin premyerasında olan 9 nəfərdən ikisi elə birinci saatdaca oranı tərk edib. Blow Job adlı digər filmində isə bir qadının (filmdə heç bunu dəqiq görmək olmur ki, qadındır ya kişi) oral sekslə məşğul olarkən sifətinin cizgiləri göstərilib (deyilənə görə, kişi rolunda 5 nəfər çəkilib). Eat adlı filmdə isə bir nəfərin 45 dəqiqə ərzində göbələk yeməsi çəkilib. Filmlərində seksual açıqlıq əsas yerlərdən birini tutur.
Endi Uorholla onun muzası, amerikalı kinoaktrisa Edi Secvik haqqında 2006-cı ildə "Mən Endi Uorholun ağlını başından aldım" adlı film çəkilib. Filmdə baş rolu aktrisa Sienna Miller ifa edib.
1963-cü ildə rəssam öz «Fabrik» adlandırdığı studiyasını yaradır və ətrafına müxtəlif yazıçı, musiqiçi, rəssam və başqa məşhurları toplayır.
Uorhol öz rəsmlərinin yaradılmasında trafaret çapı ilk tətbiq edənlərdəndir. İpək qrafikasından istifadə edərək, o, əsərlərini mümkün qədər böyük tirajla buraxmağa çalışırdı. Bununla da o, əsərlərini "kommersiya incəsənətinə" çevirirdi.
Rəssamın layihələrindən biri Interview jurnalıdır. Bu jurnalın konsepsiyası ulduzları ancaq ulduzların anlamasından ibarət idi. Buna görə də nəşrin səhifələrində məşhur şəxslərlə xüsusi müsahibələr - açıq söhbətlər təqdim olunurdu.
Uorholun tək yemək yeməkdən xoşu gəlirmiş. Hətta "Endi - Tənhalar üçün restoran" açmaq istəyib.
Endi Uorhol heç vaxt və heç yerdə öz diktofonundan ayrılmırdı və söhbətin istənilən yerində gözlənilmədən onu işə sala bilərdi. Onun "Donuz əti" pyesi diktofon qeydləri əsasında yazılıb.
Uorhol şopoqolik idi və hər gün özünü rahat hiss etmək üçün alış-veriş etməyə gedirdi. O, özünə bütün mümkün məhsulların böyük kolleksiyasını toplayırdı: peçenye bankalarından və etnik əşyalardan tutmuş kovboy çəkmələri və öz ticarət markasının platin pariklərinə qədər.
Endi Uorhol öz burnunu heç bəyənmirdi. Üzünün bu hissəsi ona yersiz və yöndəmsiz görünürdü və 29 yaşında o, burnunun dairəvi konturunun dəyişdirilməsi üzrə plastik əməliyyat etdirmək qərarı verdi.
Onun müştəriləri arasında İran şahı Məhəmməd Rza Pəhləvinin ailəsi, Mik Cagger, Con Lennon, Layza Minnelli, Dayana Ross, Bricit Bardo, Merilin Monro, Jaklin Kennedi və başqaları olub
Gümüşü rəngi çox sevib. Saçına gümüşü pariklər qoyaraq, hamını albinos olduğuna inandırmaq istəyib.
Bir dəfə Endi Uorhol rejissor Stiven Spilberqdən müsahibə götürüb. Gələcək "Yura dövrünün parkı" filminin rejissoru bu müsahibədə kabusların səsləri barədə danışır.
1968-ci ildə Uorholun bir neçə filmində çəkilmiş radikal feminist Valeri Solanas «Fabrik»-ə daxil olaraq 3 dəfə Uorhola atəş açır və polisə təslim olur. Uorhol sağ qalır, amma onun daxili üzvləri zədələnir. Buna baxmayaraq, o, Solanası ittiham etməkdən imtina edir və Solanas 3 il həbs cəzası ilə cəzalandırılır, həmçinin psixiatrik xəstəxanada müalicə alır.
Bu hadisədən sonra onun əsərlərində şiddətli ölüm mövzusu yer almağa başlayır. Bohema həyatına baxmayaraq, Uorhol əsl katolik idi. Karyerasının son illərində o, demək olar, hər gün kilsəyə gedirdi. Dostlarının çoxu ölümünə qədər onun belə dindar olduğunu bilmirdilər.
Pop-artın əsasını qoyan bu böyük şəxs 1987-ci ildə öd kisəsində əməliyyatdan sonra gözlənilmədən ürək dayanmasından dünyasını dəyişir. Valideynlərinin yanında dəfn edilən Uorholun tabutuna "Interview" jurnalı, "Interview" köynəyi və "Estee Lauder"in "Beautiful" ətri qoyulub.