Səsləndirdiyi bütün mahnıların aşiqi idim


Hər gün xəyali olaraq bədənimdə, saçlarımda hiss etdiyim barmaqları altındakı simlərin çıxardığı əsrar səs notları əzbərim, himnim, azanım idi. Yox, o qədər romantik deyiləm, barmaqları simlərə qısqanmaq kimi mənasız hisslər yaşamırdım. Amma sevgi dedikləri şey bu idi yəqin. Bu hiss. Və təsvir edə bilmirəm. Tək istədiyim onunla, məsələn, dolu-dolu bir gün keçirmək idi. Onun bədənini görmək, tanımaq, hiss etmək istəyirdim. İstəyirdim barmaqları belimə, ayaqlarıma sarılsın. Barı bir səhəri açaydıq, deyirdim. Barı bir gecəni səhərə kimi içəydik. Sülənəydik şəhəri. Qafama çox batmışdı adam. Beynim ancaq onunla məşğul idi. Bir gün klubların birindəki gecə çıxışından sonra metroya sarı birlikdə getdik. O danışırdı, mən qulaq asırdım. Bütün sözlərini əzbərləyirdim. Üzünə möhkəm həsrətlə baxırdım. Elə bil bu son idi. Daha görməyəcəkdim. Tam ayrılacağımız vaxt “sağollaşırıq, görüşənədək” deyirdik ki, dodaqlarından öpdüm. Məyusluğunu duydum, ciyərim deşildi. Nəfəsim boğazımda düyünləndi. Üzr istədim. Uzaqlaşdım. Metroya düşdüm. Üç dəfə qatar dəyişdim, səhv istiqamətlərə gedirdim. Evim yadımdan çıxmışdı, ünvanım yadımdan çıxmışdı. O da. Özüm də. Bircə bunu fikirləşirdim: Belə olmamalıydı. Belə olmayacaqdı. Belə olmamalıydı... Hər gecə 12 tamamı bir dəqiqə keçən kimi ona yazırdım: “Ad günün mübarək!” Heç sorğulamadan hər gün eyni cavabı yazırdı: “Birlikdə, quzucuq!” Həmin gecə yazımmı, yazmayımmı arasında o qədər düşündüm ki. Sonda "*dirsin hər şey, yazacam, onu sevirəm" deyib yazdım: “Ad günün mübarək!”

Yazdı: “Biz birlikdə ola bilmərik, quzucuq...”

- Niyə?

- Sənə qarşı hiss etmirəm.

Gözlərim dolmuşdu, əllərim əsirdi. Sarsılmışdım;

- Anlayıram. Amma bircə izah etməni istəyirəm. Sonra yox olacam. Niyə?

- Səni sevə bilmərəm. Problem səndə deyil. Məsələ odur ki, mən heç bir qadını sevə bilmərəm. Qadınlara qarşı sevgi, ehtiras duymuram. Mənim sevgilim var. Və o mənlə eynicinslidir... xahiş edirəm, bu aramızda qalsın. Heç kim bilmir. 

İki gün özümdə olmadım və gecə-gündüz yataqdan çıxmadım. O, ədalətsiz davranmışdı. Mənə yox, özünə qarşı. O, həqiqətini gizlədirdi. Sevdiyim adam cəsarətsizin, qorxağın biriydi. Onunla heç vaxt ola bilməmək, onunla sevgili olmamaq, qarşılıq görməmək üzüntümə hirsim üstün gəlmişdi. Hə, o, bir qorxaq idi. Tabulardan, cəmiyyətdən, insanlardan, qınaqlardan qorxub özünü gizlədən, maskalanan bir qorxaq. Təbii ki, onu anlayırdım. Ailəsi bunu bilsə, imtina edəcəkdi, dostları üz çevirəcək, ələ salacaqdı. Amma birini olduğu kimi qəbul etməyən valideyn olmasa, daha yaxşıdır, özü olduğu üçün rişxənd edən dostun olmasındansa, olmaması daha yaxşıdır. Rahatlıqdır, güvənlidir, təmizlikdir. Amma özünü gizlətmək axı zəiflikdir. Gecə 12-ni bir dəqiqə keçəndə ona yazdım:

- Sən hələ doğulmamısan...

Yazdı:

- Niyə?

- Çünki özün deyilsən. İçində özünü gizlədirsən. Sənə yaraşdırmıram. Mübarizə aparmalısan. Sən qorxaq, cəsarətsiz ola bilməzsən!

- Bacarmaram. Gizlənməyə məcburam.

- Bacararsan. Özün olduğunu hamıya car çəkməni istəyirəm. Ətrafında bəlkə çox adam, dost, hətta ailə olmayacaq. Amma sağlam ətrafın olacaq. Səni sevənləri tanıyacaqsan. Özünü tanıyacaqsan. Özün olduğunu biləcəksən. Hamı kimi olmağa çalışmaq üçün əziyyət çəkməyəcəksən. Amma dönüş etməsən, ömrün boyu ikili həyat sürəcəksən. Sadəcə bir neçə müddətlik əziyyət. İtirəcəyin nə var axı? Nələr qazanacağını heç düşünmüsən?

- Səni itirdim sanırdım...

- Səni hələ də sevirəm.

Ağlayırdım. Daha heç nə yaza bilmədim. Hisslərim bir-birinə qarışmışdı. Bircə istəyim qorxmaması, güclü olması idi. Və günlər sonra sosial mediada bir xəbər içimdəki bütün qapalı qanadları yelkən kimi açdı. Həmin gecə klubunda gitarayla çıxışı əsnasında hamıya göstərdiyi o maskalanmış üzü cırıb özü olmuşdu. Çiyninə altı rəngli, altı zolaqlı bayraq asmış sevgilisi qəflətən səhnəyə atılmış, öpüşməyə başlamışdılar. Sevgilisi isə ən yaxın dostumuz. İllərdir, tanıdığım adam... Sevincdən ağlayırdım. İçimdə gizli məyusluq da vardı təbii. Dana bilmərəm. 

Ondan sevgi, ehtiras umduğum yerdə qəfil dəyişimin qırıntıları hələ də içimdəydi. Amma bu bir devrim idi. Bu bir etiraz, cəsarət idi. İnsanlar təzyiq edəcəkdi. Amma o, artıq güclü idi. Çünki içindəki həqiqəti ifşa etmişdi. Gecə saat 12-dən bir dəqiqə keçmiş ona zəng etdim:

- Ad günün mübarək!

Səsi əsirdi. Ağlayırdı. Amma sevinc duyurdum. Titrəyə-titrəyə cavab verdi:

- Birlikdə, quzucuq!.. Səni çox sevirəm...


Müəllif: Leyla